Ru
18:21 / 15 Sentyabr 2026

Yardımlıdakı həbslərdən sonra icra başçısı da vəzifəsindən getdi: Ayaz Əsgərov həbs olunacaq?

Yardımlıdakı həbslərdən sonra icra başçısı da vəzifəsindən getdi:  Ayaz Əsgərov həbs olunacaq?
Eye

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifədən azad olunması rayonda bir müddət əvvəl keçirilən əməliyyatı və iki yüksək vəzifəli məmurun həbsini yenidən gündəmə gətirib.

Bakupost.az xəbər verir ki, həmin əməliyyat nəticəsində Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov həbs olunublar.

Məlumata görə, hər iki şəxs qanunsuz torpaq satışı ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Onlara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya xarakterli əməllərlə bağlı ittihamlar irəli sürülüb.

Diqqət çəkən məqam odur ki, sözügedən şəxslər Yardımlı Rayon İcra Hakimiyyətinin birbaşa sosial-iqtisadi məsələlərə cavabdeh strukturunda çalışıblar. Rəsmi məlumatlarda Elçin Mirzəyev həmin şöbənin müdir müavini, Yaşar Eyvazov isə baş məsləhətçi kimi göstərilib.

Həbslərdən bir neçə ay sonra isə rayonun uzun illərdir icra başçısı vəzifəsini tutan Ayaz Əsgərov vəzifəsindən azad edilib.

Hələlik Ayaz Əsgərovun işdən çıxarılmasının həmin cinayət işi ilə bağlı olduğuna dair rəsmi məlumat yoxdur. Bununla belə, iki vəzifəli şəxsin həbsindən sonra İcra Hakimiyyətinin fəaliyyətinin, xüsusilə torpaq münasibətləri və qərarların verilməsi mexanizminin daha geniş araşdırılması ehtimalı istisna edilmir.

Əgər istintaq zamanı həbs olunan şəxslərin ifadələrində və ya əldə edilmiş sənədlərdə daha yüksək vəzifəli şəxslərin məsuliyyətinə dair faktlar üzə çıxıbsa, araşdırmanın dairəsinin genişlənməsi mümkündür.

Ayaz Əsgərov 2016-cı ildən Yardımlı Rayon İcra Hakimiyyətinə rəhbərlik edirdi. Bundan əvvəl o, Qazax Rayon İcra Hakimiyyətinin başçısı olub.

O, həm də Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin keçmiş rəhbəri, sonradan nəqliyyat nazirinin müavini vəzifəsində çalışmış Arif Əsgərovun qardaşıdır. Arif Əsgərov uzun illər ölkənin nəqliyyat sektorunun ən nüfuzlu məmurlarından biri hesab olunub. Ayaz Əsgərov da müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışaraq uzun müddət icra başçısı postunu qoruyub saxlaya bilib.

İndi isə Yardımlıdakı iki məmurun həbsi fonunda onun qəfil vəzifədən çıxarılması yeni suallar doğurur.

Növbəti addım sadəcə yeni icra başçısının təyin olunması olacaq, yoxsa istintaq keçmiş başçının fəaliyyətini də əhatə edəcək?

Elnur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar