Ru
15:46 / 04 Fevral 2026

Yarım saatdan bir gələn avtobuslar, uzaq dayanacaqlar - 16 ildir davam edən əzab

Yarım saatdan bir gələn avtobuslar, uzaq dayanacaqlar - 16 ildir davam edən əzab
Eye

Abşeron rayonu, Novxanı bağları, Kanalqırağı yaşayış massivinin sakinləri illərdir yol infrastrukturunun bərbad vəziyyətdə olması və ictimai nəqliyyatın yararsızlığı səbəbindən ciddi çətinliklərlə üzləşdiklərini deyirlər.

Bakupost.az-a müraciət edən ərazi sakinlərinin sözlərinə görə, vəziyyət 2010-cu ildə “Geologiya” dəmir yolu stansiyasının bağlanmasından sonra daha da pisləşib. Belə ki, həmin vaxtdan etibarən ərazidən şəhərə və iş yerlərinə rahat şəkildə gedib-gəlmək demək olar ki, mümkün deyil.

Şikayətçilərdən biri - Reyhan Qəzənfər qızı Rzayeva bildirib ki, hazırda yaşayış massivindən çıxış üçün əsas alternativ 108A marşrut xəttinin son dayanacağıdır. Lakin bu dayanacaq ərazidən təxminən 3-4 kilometr məsafədə yerləşir. Onun sözlərinə görə, digər yeganə marşrut 536 (əvvəlki 5B) saylı avtobus xəttidir. Sözügedən marşrutda isə istismar müddəti bitmiş, 1989-1995-ci illərdə istehsal olunmuş, köhnə və qəzalı vəziyyətdə olan “Mersedes 208 D” markalı mikroavtobuslar fəaliyyət göstərir:

“Bu avtobusların sərnişin tutumu 8-12 nəfərdir. Pik saatlarda (səhər və axşam 19:00-a qədər) ciddi sıxlıq yaranır. Yaşlılar, uşaqlı analar, hamilə qadınlar əziyyət çəkirlər. İnsanlar, tələbələr onsuz da gec-gec gələn avtobusa minmək üçün bir neçəsini ötürməli olurlar. Nəticədə işə və dərsə gecikirlər”, – deyə sakin qeyd edib.

Şikayətçi vurğulayıb ki, 536 nömrəli marşrut xətti hər 30 dəqiqədən bir gəlir və təxminən saat 18:30-da işini tamamilə dayandırır. Halbuki əhalinin böyük hissəsi şəhər mərkəzindən saat 18:00–19:00 aralığında qayıdır:

“Azadlıq” metrosundan Goradil dayanacağına qədər mərkəzi avtobusla ən azı 1 saat vaxt gedir, pik saatlarda isə bu müddət 1,5 saata çatır. Axşam saatlarında Goradilə ən tez 19:30–21:30 aralığında çatırıq. Nəticədə qaranlıq vaxtı 3–4 kilometr yolu piyada getməyə məcbur oluruq”.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilib, 100-dən çox imza toplanaraq təqdim olunub. Buna baxmayaraq, indiyədək problemin həlli üçün hər hansı tədbir görülməyib.

Mövzu ilə bağlı Bakupost.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, sözügedən ərazidə fəaliyyət göstərən 536 nömrəli marşrut avtobuslarının hərəkət qrafiki saat 06:30-dan 20:30-dək müəyyən edilib:

“Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı tapşırıq verilib.

Marşrut xəttinin keçdiyi yol vəziyyəti qənaətbəxş deyil, xüsusilə bəzi ərazilərdə yolların dar olması avtobusların rahat hərəkətinə və manevr etməsinə maneə yaradır. Avtobusların yenilənməsi və böyük tutumlu avtobuslarla əvəzlənməsi məsələsinə isə yol şəraiti düzələcəyi təqdirdə baxıla bilər.

Qeyd edək ki, müxtəlif ərazilər üzrə əlçatanlığın artırılması məqsədilə infrastruktur təhlil edilir və yeni şəbəkə üzrə marşrutlar təşkil olunur. Sözügedən ərazi üzrə də marşrutların təşkili məsələsinə baxılacaq”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar