Ru
17:35 / 07 Avqust 2026

Yaxın Şərqdə yeni müharibə: İran proksiləri Səudiyyəyə hücuma hazırlaşır

Yaxın Şərqdə yeni müharibə: İran proksiləri Səudiyyəyə hücuma hazırlaşır
Eye

Səudiyyə Ərəbistanı yəmənli Husilər, İraqın inanpərəst silahlı dəstələrinin və SEPAH-ın hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatları əldə edib.

"Bakupost" xəbər verir ki, "Əl-Ərəbiyyə" nəşrinin məlumatına görə, İranın dəstəklədiyi elçilərin və SEPAH-ın Səudiyyə Ərəbistanına hücum etməyə hazırlaşdığını göstərən "etibarlı kəşfiyyat məlumatları" var.

Siyasi şərhçi Vüqar Ziferoğlu "Bakupost"a bildirib ki, Səudiyyə Ərəbistanının Yəmən husiləri, İraq ərazisindəki iranmeyilli silahlı qruplar və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən mümkün hücumlara hazırlıqla bağlı kəşfiyyat məlumatları alması regionda vəziyyətin yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir.

Onun sözlərinə görə, burada söhbətin tammiqyaslı İran-Səudiyyə müharibəsindən getdiyini söyləmək hələlik tezdir:

“Lakin mümkün hücumların həm Yəmən, həm də İraq istiqamətindən koordinasiya olunması ehtimalı ciddi təhlükədir. Əslində, Səudiyyə Ərəbistanı üçün ən təhlükəli ssenari İranın birbaşa müharibəyə daxil olması deyil, Tehran tərəfindən dəstəklənən müxtəlif silahlı qrupların eyni vaxtda hərəkətə keçməsidir. Çünki bu halda Səudiyyə Ərəbistanı cənubdan – husilər, şimaldan isə İraq ərazisindəki iranmeyilli qruplar tərəfindən təzyiq altında qala bilər”.

Belə bir vəziyyət yaranarsa, ekspertin fikrincə, başlıca hədəf Səudiyyə Ərəbistanını hərbi baxımdan məğlub etməkdən daha çox, ölkənin enerji infrastrukturu, hava və dəniz limanları, eləcə də digər strateji obyektlərinə zərbə vurmaq, iqtisadi sabitliyi pozmaq və Əl-Riyadın regional siyasətinə təsir göstərmək olacaq:

“İranın bu prosesdə birbaşa iştirakına gəldikdə isə, Tehran üçün ən sərfəli variant hazırda birbaşa Səudiyyə Ərəbistanı ilə müharibəyə girmək deyil. İran uzun illərdir ki, proksi qüvvələrdən istifadə etməklə regional təsir imkanlarını genişləndirir. Husilər və İraqdakı iranmeyilli silahlı qruplar vasitəsilə Səudiyyə Ərəbistanına təzyiq göstərmək Tehrana həm çəkindirmə imkanlarını nümayiş etdirmək, həm də birbaşa müharibənin yaratdığı risklərdən yayınmaq imkanı verir”.

Müsahibimiz deyir ki, gnişmiqyaslı müharibə heç bir regional aktora tam mənada sərf etmir:

“Çünki belə bir müharibə enerji infrastrukturlarına zərbə, neft qiymətlərinin kəskin artması, Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçilik təhlükəsinin yüksəlməsi və nəticə etibarilə bütün regionun iqtisadi sabitliyinin pozulması deməkdir. Qarşıdakı mərhələdə ən real ssenari birbaşa İran-Səudiyyə müharibəsi deyil, proksi müharibəsinin genişlənməsidir. Bu baxımdan, hazırda Yəmən və İraqı iki ayrı cəbhə kimi deyil, İran-Səudiyyə rəqabətinin bir-biri ilə əlaqəli iki istiqaməti kimi qiymətləndirmək lazımdır. Əgər həqiqətən də husilər, İraq silahlı qrupları və SEPAH arasında koordinasiya mövcuddursa, bu, İranın Səudiyyə Ərəbistanına qarşı çoxistiqamətli təzyiq imkanlarını artırır. Müasir Yaxın Şərqdə müharibələr çox vaxt əvvəlcədən elan edilmir. Bir PUA hücumu, bir raket zərbəsi və ya enerji obyektinə qarşı ciddi sabotaj əməliyyatı bir neçə saat ərzində lokal qarşıdurmanı regional böhrana çevirə bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar