Şirvanda məktəb direktorunun dərsi öz kabinetində keçdiyi ilə bağlı iddialar yayılıb.
"Bakupost" lent.az-a istinadla xəbər verir ki, valideynlərdən birinin sözlərinə görə, Şivan şəhər 13 saylı tam orta məktəbin direktoru Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərsləri öz kabinetində keçir.
Valideyn qeyd edib ki, əsas problem kabinetdə lövhənin olmaması və şagirdlərin dərsləri qavraya bilməməsidir.
"Direktora bu məsələ ilə bağlı narazılığımızı bildirdikdə "yaxşı edirəm", deyir. 10A 10B və 11P sinfindəkı şagirdlərin taleyi bizi çox narahat edir", - deyə valideyn bildirib.
Şirvan-Salyan Regional Təhsil İdarəsi isə Şirvan şəhəri 13 nömrəli tam orta ümumtəhsil məktəbində 10 və 11-ci siniflərdə Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə dərslərin direktor otağında keçirilməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
“Qeyd edilən siniflər üzrə dərslər müvafiq tədris otaqlarında keçirilir”.
Orta məktəblərdə dərslərin keçirilməsi necə tənzimlənir? Burada bu və ya digər səbəbdən hansısa istisnalar mümkündürmü?
Təhsil eksperti
Sona Əliyeva “Bakupost”a bildirib ki, dərsin sinif otağında deyil, məktəbin başqa bir otağında keçirilməsi özlüyündə qadağan deyil:
“Müasir təhsildə dərs müxtəlif məkanlarda təşkil oluna bilər”.
Müsahibimizin sözlərinə görə, burada əsas məsələ otağın həmin məkanın tədris üçün nə dərəcədə uyğun olmasıdır:
“Uşağın harada oturmasından daha vacibi, hansı şəraitdə öyrənməsi və dərsi nə dərəcədə mənimsəməsidir.
Qanunvericilikdə dərsin mütləq yalnız ənənəvi sinif otağında keçirilməsini tələb edən birbaşa qayda yoxdur. Kitabxana, laboratoriya və məktəbin həyəti də müəyyən dərslərin keçirilməsi üçün uyğun məkan ola bilər”.
Ekspert qeyd edir ki, direktor kabineti kimi inzibati məqsədlə nəzərdə tutulan otağın tədris məkanına çevrilməsi normal hesab edilə bilməz:
“İstifadə olunan otaq sahə, işıqlandırma, havalandırma və tədris avadanlığı baxımından müvafiq tələblərə cavab verməlidir. Nazirlər Kabinetinin 2012-ci il 171 nömrəli qərarı ilə müəyyən edilmiş normativlər də bu məsələdə nəzərə alınmalıdır.
Direktorun dərs deməsinə gəlincə, bu, özlüyündə qanunsuz fəaliyyət deyil. Müəyyən edilmiş normalar çərçivəsində direktor da dərs apara bilər. Ancaq onun vəzifəsi yalnız dərs deməklə bitmir. O, eyni zamanda məktəbdə tədrisin təşkili və keyfiyyətli təhsil şəraitinin təmin olunmasına cavabdehdir. Buna görə də direktorun keçdiyi dərs də digər dərslər kimi müvafiq tələblərə cavab verməlidir”.
Ekspert eyni zamanda, zərurət yaranarsa, müvəqqəti otaq dəyişikliyini mümkün saydı:
“Məktəbdə yer çatışmazlığı yaranıbsa, bunun səbəbi aydınlaşdırılmalıdır. Müvəqqəti otaq dəyişikliyi zərurət yarandıqda mümkün ola bilər. Amma belə hal daimi xarakter alırsa, artıq məktəbin mövcud tutumu, otaqların bölgüsü və dərs cədvəlinin təşkili məsələləri araşdırılmalıdır. Bu problemi sadəcə otaqları dəyişməklə həll etmək mümkün deyil”.
Həmsöhbətimiz hesab edir ki, problemin həlli üçün məktəbdəki şəraitin yerində araşdırılması, otaqların uyğunluğunun yoxlanılması və valideyn nümayəndələrinin də prosesdə iştirak etməsi vacibdir:
“Şirvan-Salyan Regional Təhsil İdarəsinin yayılan iddiaları təkzib edərək dərslərin müvafiq tədris otaqlarında keçirildiyini bildirməsi də nəzərə alınmalıdır. Buna görə konkret məktəblə bağlı yoxlanılmamış məlumat əsasında qəti nəticə çıxarmaq doğru olmaz. Ancaq valideynlərin narahatlığı da yalnız rəsmi təkziblə aradan qalxmır. Doğru olan, məktəbdəki şəraitin yerində araşdırılması, otaqların uyğunluğunun yoxlanılması və valideyn nümayəndələrinin də prosesdə iştirak etməsidir”.
Müsahibimiz düşünür ki, bu məsələdə mübahisənin tərəfini tutmaqdan daha vacib olan uşağın təhsil hüququnu əsas götürməkdir:
“Məktəb sadəcə şagirdləri yerləşdirməli deyil, onların normal şəraitdə öyrənməsini təmin etməlidir”.
Rüfət Sultan,
BakuPost