Ru
17:27 / 16 İyun 2026

Yeni bahalaşma dalğası gəlir? – Hörmüz boğazı iqtisadi fəlakətə çevrilir

Yeni bahalaşma dalğası gəlir? – Hörmüz boğazı iqtisadi fəlakətə çevrilir
Eye

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Vaşinqtonla Tehran arasında anlaşma memorandumunun imzalanmasından sonra başlanacaq və 60 gün davam edəcək danışıqlar müddətində gəmilərin Hörmüz boğazından ödənişsiz keçməsinə icazə veriləcək.

Mütəxəssislər düşünürlər ki, Vens əslində bu açıqlaması ilə İranın dediyini təsdiqləyib.

Yəni, Hörmüz boğazından gəmilərin keçməsi yalnız 60 gün pulsuz olacaq. Ondan sonra İran və Oman boğazdan keçən gəmilərdən haqq almağa başlayacaq.

Həmin pulu gəmilərin mənsub olduğu şirkətlərin ödəyəcəyini nəzərə aldıqda, 2 ay sonra dünyada yeni bahalaşma dalğasının yarana biləcəyi ehtimal edilir.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Bakupost.az-a bildirib ki, belə bir ödəniş sistemi uzunmüddətli tətbiq olunsa, o birmənalı şəkildə müəyyən inflyasiya təzyiqi yaradacaq:

“Çünki nəqliyyat xərcləri artanda daşıyıcı şirkətlər həmin xərci müştərilərinə ötürür, idxalçılar isə öz növbəsində bunu məhsulların qiymətinə əlavə edirlər. Nəticədə əlavə yükün bir hissəsi son istehlakçının üzərinə düşür”.

Ekspert hesab edir ki, bahalaşmanın miqyası bir neçə amildən asılı olacaq:

“Ödənişlərin həqiqi məbləği, hansı gəmilərə tətbiq olunacağı, alternativ marşrutların olub-olmaması və dünya bazarlarının buna necə reaksiya verməsi. Ona görə də "2 milyon dollar rüsum olacaqsa, bütün mallar kəskin bahalaşacaq" demək hələ tezdir”.

Həmsöhbətimiz məsələ ilə bağlı ziddiyyətli açıqlamaları nəzərə almağı da vacib bildi:

“İran tərəfi gələcəkdə müəyyən xidmət haqlarından danışsa da, ABŞ vitse-prezidenti Cey Di Vens Hörmüz boğazının uzunmüddətli perspektivdə rüsumsuz fəaliyyət göstərməsini gözlədiklərini bildirib və texniki danışıqların hələ davam etdiyini deyib. Yəni yekun qaydaların necə olacağı tam aydın deyil”.

İqtisadçı hesab edir ki, Hörmüz boğazı ödənişli olacaqsa körfəz ölkələri alternativlər axtaracaq:

“Məsələn, BƏƏ. Bu dövkət Hörmüz boğazından yan keçən ikinci kəməri yekunlaşdirmaq üzrədir. Digər ölkələr də alternativ yollarla Oman sahillərinə çıxmaq və ya Türkiyə üzərindən Avropaya dəmiryolu çəkmək barədə düşünür. Mövcud situasiyada hətta Hörmüz boğazının öz əhəmiyyətini itirə biləcəyini də göz önünə almaq lazımdır. Nəticədə İran heç infrastruktur xərclərini belə çıxara bilməz. Tehran hakimiyyəti bunu nəzərə almalıdır. Qısası, belə ödənişlərin tətbiqi qiymətlərə təsirsiz ötüşməyəcək. Amma bunun nə qədər ciddi bahalaşmaya səbəb olacağını indidən dəqiq demək mümkün deyil. Əsas məsələ həmin planın həqiqətən qüvvəyə minib-minməyəcəyidir. Eyni zamanda, alternativ təsirlərin nəzərə alınması da çox əhəmiyyətlidir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar