“Milli Məclisdə “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişikliklərin müzakirəsi təbii ki, müəyyən zərurətdən irəli gəlir və strateji sahələrdə dövlətin maraqlarının qorunması baxımından başa düşüləndir.
Belə ki, qanun layihəsinə əsasən, dövlət strateji əhəmiyyətə malik investisiyaları investordan əldə edə bilər və bu yalnız Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər verən və ya milli maraqlara zidd olan müstəsna hallarda tətbiq ediləcək”.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov bildirib.
E.Əmirov vurğulayıb ki, burada əsas məsələ dəyişikliklərin investisiya mühitinə mənfi təsir göstərməməsidir:
“İnvestor üçün vacib amil proqnozlaşdırıla bilən və aydın hüquqi çərçivənin olmasıdır. Qanunda istifadə olunan “strateji əhəmiyyət”, “xalqın mənafeyi”, “milli maraqlar” kimi ümumi ifadələrin konkret izahına ehtiyac var. Çünki ölkəmiz üçün təxminən 10-dan çox strateji, 100-ə yaxın xalqın mənafeyi, 50-dən çox isə milli maraqlara bağlı istiqamət mövcuddur. Bu isə yüzlərlə konkret fəaliyyət və qərar sahəsi deməkdir”.
E.Əmirov qeyd edib ki, bu geniş istiqamətlərin hamısı qanunun birbaşa tətbiq obyektini təşkil etməyəcək:
“Bu səbəbdən yüksək səviyyəli institusional müzakirələr nəticəsində risk baxımından daha həssas hesab edilən konkret 5-10 istiqamətin ayrıca olaraq qanunvericilikdə dəqiq göstərilməsi daha məqsədəuyğun olardı. Çünki bu anlayışların sərhədləri aydın müəyyən edilmədikdə geniş şərh və interpretasiya riski yaranır.
Məhz buna görə də yeni dəyişikliklərdə bu anlayışların konkret istiqamətlər üzrə açıqlanması vacibdir. Qanunvericilik praktikasında bu yanaşmanın nümunələri mövcuddur və tətbiqi hüquqi müəyyənliyi gücləndirər, investor etimadını qoruyar. Çünki, aydınlıq və şəffaflıq güclü investisiya mühitinin əsas şərtidir”.
Yasəmən, BakuPost