Azərbaycanda 3 rayon və şəhərə yeni icra başçıları təyin olunub. Prezident İlham Əliyevin sentyabrın 28-də imzaladığı sərəncamlarla Hacıbaba Babayev Gədəbəy, Məmmədiyə Məmmədov Naftalan və Natiq Əliyev isə Qaradağın başçısı vəzifəsinə təyinat alıb.
Yeni təyinatlarda diqqət çəkən əsas məqamlardan biri hər üç şəxsin gənc olmasıdır. Belə ki, H.Babayevin 48 yaşı, M.Məmmədovun 37 yaşı, N.Əliyevin isə 40 yaşı var.
Maraqlısı odur ki, hazırda ölkədə bir neçə rayon və şəhərdə yaşı 70-i keçmiş icra başçıları fəaliyyət göstərir.
Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin 79, Şuşanın icra başçısı Bayram Səfərovun 75, Qobustanın icra başçısı Adil Məmmədovun 74, Xocalının icra başçısı Şahmar Usubovun 73, Qubadlının icra başçısı Malik İsaqovun 73, Ağcabədinin icra başçısı Rafil Hüseynovun 73, Siyəzənin icra başçısı Novruz Novruzovun 72, Füzulinin icra başçısı Alı Alıyevin 72 və Sumqayıtın icra başçısı Zakir Fərəcovun 72 yaşı var.
Bəs son təyinatlar hansı mesajı verir? Qarşıdakı dövrdə icra hakimiyyətlərində yeni kadr dəyişikliklərinin, xüsusilə gənc kadrların irəli çəkilməsinin davam etdirilməsi gözlənilirmi?
"Bakupost" xəbər verir ki, məsələ ilə bağlı Ölkə.az-a danışan Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, Milli Məclisdə hakim partiyanı təmsil edən deputatlardan bir olan Elman Nəsirov Prezident İlham Əliyevin islahatçı lider olduğunu və 2003-cü ildən bəri bütün sahələrdə islahatlar apardığını bildirib:
“Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi islahatları yeni reallıqlar fonunda davam etdirib, innovativ və kreativ şəkildə həyata keçirib, yerli və beynəlxalq ictimai fikirdə hörmət qazanıb. Bu baxımdan cənab Prezidentin islahatlarının mühüm tərkib hissəsini kadr islahatları, kadr yeniləmələri təşkil edir. Həm də bildiyiniz kimi, o, Yeni Azərbaycan Partiyasının sədridir və bu partiyanın sıralarının 40 faizdən çoxunu gənclər təşkil edir. Cənab Prezidentin islahatlarında gənclər istiqaməti xüsusi yer tutur və kadr islahatlarında da bu məqam xüsusi çəkiyə malikdir”.
E.Nəsirov hesab edir ki, son icra başçıları təyinatı zamanı da bu prinsiplərə üstünlük verilib:
“Savadlı, təhsilli, bilikli gənclərə xüsusi diqqət yetirilir, onlara önəm verilir. Hakimiyyət üçün əsas göstərici odur ki, kadrlar birincisi, vətənpərvər olsunlar, milli adət-ənənələrimizə hörmətlə yanaşsınlar, ümumbəşəri dəyərlərə sayğı göstərsinlər, savadlı, elmli, bilikli olsunlar, xarici dilləri bilsinlər. Bütün bu keyfiyyətlərə sahib olan gənclərə yol həmişə açıqdır”.
Deputat vurğulayıb ki, fərqli yol tutan, dövlət mənafeyini kənara qoyub öz şəxsi mənafeyini güdən şəxslərin taleyinin necə olduğu hər kəsə bəllidir:
“Bəzi icra başçıları həbs edilib. Digər yerli və mərkəzi icra hakimiyyəti orqanlarında da həbslər olub. Həbs edilən də var, işdən çıxarılan da. Prezidentin mövqeyi belədir ki, heç kim keçmiş xidməti ilə öyünməsin. Keçmiş xidmətlərinə görə o, artıq mükafatlandırılıb. Söhbət bugünkü reallıqda dövlətə, dövlətçiliyə, idarəetməyə, xalqa, milli mənafeyə hansı töhfələri verməsindən gedir. Əsas məsələ budur.
Cənab Prezident təyinat zamanı gənclərə hər zaman söyləyir ki, gedin, xalqın içində olun, onların problemlərinin həlli ilə məşğul olun və insanlarımızı məmnun edin. Cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı və təhlükəsizliyi məsələləri dayanır.
Bu baxımdan kadr seçimi məsələsi xüsusi əhəmiyyət kəsb edir və cənab prezident də bu seçimində həmişə bu kriteriyaları əsas götürür. Xüsusilə gənclərə etimad siyasətini biz bu gün də görürük”.
E.Nəsirov ümid edir ki, bu dəyişikliklər də nəticə etibarilə bölgələrdə iqtisadi işlərin daha uğurlu getməsini təmin edəcək: “Ən əsası, bizim Konstitusiyamızın 12-ci maddəsində aydın şəkildə yazılır ki, dövlətin ali məqsədi öz vətəndaşlarına ləyaqətli həyat səviyyəsini təmin etməkdir.
Ləyaqətli həyat səviyyəsini təmin etmək üçün gələn məmur ləyaqətli fəaliyyət göstərməlidir. Cənab Prezident də bu vəzifələri icra başçıları qarşısında xüsusilə qoyur və onlardan tələb edir ki, gedin, vətəndaşlarımıza layiqincə xidmət edin.
Son təyinatlara baxarkən, yeni icra başçılarının avtobioqrafiyasını oxuyarkən bu qənaətə gəlmək olur ki, onlar bu yüksək etimadı doğrultmaq potensialına malikdirlər”.