Çexiyada magistral yol tikintisi zamanı Kelt dövrünə aid nəhəng yaşayış məskəni aşkar edilib. Arxeoloqlar tapıntının Bohemiya bölgəsində son illərin ən mühüm kəşflərindən biri olduğunu bildirirlər.
Bakupost.az demoktar.az-a istinadla xəbər verir ki, Çexiyada tikintisi planlaşdırılan D35 magistral yolunun marşrutunda aparılan arxeoloji qazıntılar zamanı Kelt dövrünə aid böyük yaşayış məskəni aşkarlanıb.
Hradec Kralove yaxınlığındakı 25 hektarlıq ərazidə aparılan tədqiqatlar regionun qədim tarixi ilə bağlı yeni məlumatlar ortaya çıxarıb.
Qazıntılar Şərqi Bohemiya Muzeyi, Hradec Kralove Universiteti və Archaia Praha tərəfindən birgə həyata keçirilib.
Arxeoloqlar qazıntılar zamanı qızıl və gümüş Kelt sikkələri, Baltik kəhrəbası, şüşə məmulatları və minlərlə metal qab fraqmenti aşkar ediblər.
Mütəxəssislərin sözlərinə görə, bölgədə Dəmir dövrünə aid yaşayış məskənlərinin əksəriyyəti 1-2 hektar ərazini əhatə edir. Yeni aşkar edilən yaşayış yeri isə 25 hektar sahəni əhatə etməklə diqqət çəkir.
Qazıntının rəhbəri Matouş Holas bildirib ki, D35 magistral yolu layihəsi olmasaydı, bu qədim yaşayış məskəni uzun müddət torpaq altında qalacaqdı.
Tədqiqatçılar hesab edirlər ki, bu yaşayış yeri əhəmiyyətinə görə Cənubi Almaniyadakı iri Kelt istehkamları ilə müqayisə oluna bilər.
Tapılan eksponatlar göstərir ki, ərazi qədim dövrdə uzaq məsafəli ticarət yolları üzərində yerləşən mühüm istehsal və ticarət mərkəzlərindən biri olub.
Araşdırmalar zamanı aşkar edilən sikkələrin Roma pulları nümunəsində zərb edildiyi müəyyənləşdirilib.
Arxeoloqların məlumatına görə, qazıntı sahəsindən indiyədək 22 min torba tarixi tapıntı əldə olunub.