Ru
17:05 / 06 Avqust 2026

Zaurun bu sözləri sosial şəbəkəni qarışdırdı – Mübahisə böyüyür

Zaurun bu sözləri sosial şəbəkəni qarışdırdı  – Mübahisə böyüyür
Eye

Teleaparıcı Zaur Baxşəliyevin Mətbuat Şurasının sədri Rəşad Məcidə reaksiyası sosial şəbəkələrdə rezonans doğurub. Belə ki, aparıcı yazıçının “TikTok” heç vaxt kitabı əvəz edə bilməz” məzmunlu paylaşımına münasibət bildirib.

Zaur həmin paylaşıma şərhində yazıb: “Bu nə yanaşmadır, bu nə düşüncədir? Bu da ziyalımız?! Dünya süni intellektin təkmilləşməsi fonunda az qala insan əməyindən imtina edir. Biz hələ “TikTok”un əxlaqımıza təsirini müzakirə edirik?! Relax. Başqalarının həyatına az qarışın! İmkan verin, bir az imkan, lütfən!”

Aparıcının bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi onun mövqeyini tənqid edərək, “TikTok”un xüsusilə gənclərin davranışı və dəyərlərinə təsir göstərdiyini bildirib.

Bəs həqiqətən də “TikTok”un cəmiyyətə, xüsusilə əxlaqi dəyərlərə təsiri varmı?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan sosioloq Mail Yaqub “TikTok”un insan əxlaqına mənfi təsirinin olması şübhəsizdir deyib.

“Kimsə deyirsə ki, ümumiyyətlə, “TikTok” əxlaqa pis təsir etmir, deməli, o, bu anlayışın nə olduğunu anlamır. Şübhəsiz, bunu təkcə azərbaycanlı ziyalılar demir. Normal düşünən insanlar da son illərdə bütün dünyada açıq-saçıqlığın, sosial şəbəkələrdəki özbaşınalığın, zorakılıq səhnələrinin insan əxlaqına mənfi təsir göstərməsi ilə bağlı həyəcan təbili çalırlar. Psixoloqların fikrincə, insan hər hansı bir səhnəni saniyənin üçdə biri qədər qısa müddətdə belə görsə, həmin görüntü onun şüuraltısına təsir göstərə bilər. Nəinki gənc və yeniyetmə, ümumiyyətlə, istənilən insan hər gün saatlarla “TikTok”da və ya başqa sosial şəbəkədə qarşısına əxlaq normalarına zidd, zorakılıq və aqressiya ehtiva edən səhnələrin çıxmasına məruz qalırsa, bunun təsirsiz qalacağını düşünmək olmaz”, - deyə o əlavə edib.

M.Yaqubun sözlərinə görə, bu məsələdən narahat olmaq lazımdır:

“Fikrimcə, Azərbaycanda boşanmaların sayının artmasında sosial şəbəkələrin də müəyyən rolu var. Buradakı özbaşınalıq, hədsiz və nəzarətsiz sərbəstlik, müəyyən məhdudiyyətlərin olmaması cəmiyyətdə bir sıra mənfi tendensiyaların güclənməsinə səbəb olur. Bu baxımdan, Azərbaycanda boşanmaların sayının artması ilə bağlı statistik göstəricilər də ciddi narahatlıq doğurur. Ona görə bu məsələdən narahat olan insanları başa düşmək, onların narahatlığını bölüşmək lazımdır, nəinki onları qınamaq. Anlamıram ki, “TikTok”da əxlaq normalarına zidd davranışları tənqid etmək necə şəxsi həyata müdaxilə sayıla bilər?!”.

Sosioloq deyib ki, şəxsi həyat evin içində olur:

“Əgər bir insan evdə etdiyi söyüşü, təhqiri, əxlaq normalarına zidd davranışları çəkib bütün dünyaya nümayiş etdirirsə, bu artıq yalnız şəxsi məsələ deyil, ictimai və sosial məsələyə çevrilir. Çünki həmin insan davranışını özü ictimailəşdirir. Bu, sanki insanın küçəyə çıxıb ictimai məkanda qeyri-etik hərəkət nümayiş etdirməsinə bənzəyir. Ona görə də düşünürəm ki, hər kəs tanınmağın, ictimailəşməyin və özünü nümayiş etdirməyin həddini bilməlidir. Hər bir insan özünün hansı səviyyədə olduğunu, nə danışdığını və bunun hansı nəticələr doğura biləcəyini dərk etməlidir. Ən əsası isə hər kəs öz məsuliyyətini başa düşməlidir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar