Ru
15:03 / 08 Oktyabr 2026

Zəfərdən sonra yeni dövr: Azərbaycan və Mərkəzi Asiya birləşir

Zəfərdən sonra yeni dövr:   Azərbaycan və Mərkəzi Asiya birləşir
Eye

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə region dövlətləri ilə Bakı arasında əməkdaşlığın əsas prioritetlərini müəyyən edərək əl-ələ verməyin vacibliyini vurğulayıb.

“Bakupost” xəbər verir ki, o çıxışında sürətlə dəyişən qlobal mühitdə və yeni çağırışlarda effektiv idarəetmənin və qətiyyətli cavabların rolunun artdığını qeyd edib.

Türkmənistan Prezidentinin sözlərinə görə, qarşıdakı danışıqlarda əsas diqqət Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın xarici siyasət, təhlükəsizlik, ticarət, eləcə də elm, təhsil və humanitar sahələrdə potensialların maksimum dərəcədə açılışına yönəldiləcək.

Politoloq Tofiq Abbasov “Bakupost”a bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurası artıq dünya çapında oturuşmuş format kimi qarşılanır:

“Çünki iki cinah, Qafqaz və Mərkəzi Asiya artıq vahid geosiyasi və geoiqtisadi məkanı formalaşdırıblar. Bu proses də oturuşmuş fəaliyyət nəticəsində ərsəyə gəlib”.

Ekspert qeyd edir ki, bu prosesin də əsas drayveri Azərbaycandır:

“Dövlətimizin bu istiqamətdəki fəallığı, nəqliyyat-kommunikasiya şəbəkəsinin yaradılması, enerji dalğalarının nəqli artıq fəaliyyətdə olan şəbəkəyə əlavələrin də qoşulmasını qaçılmaz etdi. Dünyadakı beyin mərkəzləri, araşdırma qurumları bu kontekstdə Cənubi Qafqazla Mərkəzi Asiyaya vahid bölgə kimi baxırlar. Burada da Azərbaycanın əlahiddə rolu və dövlətimizin apardığı diplomatiya aparıcı rol oynayıb”.

Politoloq deyir ki, bu məkandakı dövlətlərin dənizlərə açıq çıxışları olmadığından beynəlxalq daşımalarda, iqtisadi münasibətlərin inkişafında yalnız bir-birilərinə arxalanmalıdırlar:

“Azərbaycan üçün əsas məsələlərdən biri odur ki, daşımalardan isitifadə etməklə yanaşı, ərazimizdən keçən malları dərin emal prosesinə cəlb etməklə ölkəmizin qazancını da artıra bilərik. Bu yöndə Azərbaycanla Mərkəzi Asiya ölkələri bir-birini tamamlayır”.

Müsahibimizin sözlərinə görə, Qarabağ probleminin həlli, ölkəmizin suverenliyinin tam bərpası həm Azərbaycana, həm də qonşularımıza təhlükəsizliyin yeni bir səviyyəyə çıxmasını qaçılmaz edib:

“Məhz Azərbaycanın qazandığı Zəfərdən sonra Mərkəzi Asiya ölkələri də özünəməxsus fəallıq nümayiş etdirməyə başlayıblar. Sözügedən ölkələr arasında siyasi dialoq daim inkişaf etdirilməlidir. Bu istiqamətdə görüşlərin tezliyi artmalıdır. Çünki proses sürətlə cərəyan edir, yeni çalarlar üzə çıxır, yeni təhdid və risklər yaranır. Onları neytrallaşdırmaq və yeni imkanlardan istifadə etmək üçün mütləq şəkildə dəqiq koordinasiya lazımdır. Əməkdaşlıqla əhatə olunmayan digər sahələri də prosesə cəlb etməliyik. İlk növbədə informasiya-kommunikasiya texnologiyaları, yaşıl enerji imkanları diversifikasiya edilməlidir. Azərbaycan bu müstəvidə də “pioner” rolunu oynamaqla gözəl modellər tətbiq edir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar