Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlük üçün sadələşdirilmiş variantlara razı olmayacağını və tam inteqrasiyada israr edəcəyini bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə o, Berlində Almaniya Kansleri Fridrix Mertslə brifinqdə danışıb.
“Avropa İttifaqına üzvlük məsələsinə gəlincə, Almaniya və Fridrix Mertsin bizi dəstəkləməsindən məmnunam. Avropada hamı bizim mövqeyimizi bilir: bizə “yüngül Avropa İttifaqı” və “yüngül NATO” lazım deyil (“EU Light” “NATO Light”)”, - o bildirib.
Prezidentin sözlərinə görə, Ukrayna hər iki ittifaqın tamhüquqlu və güclü üzvünə çevrilməlidir, bu, həm ölkənin özünün, həm də tərəfdaşlarının maraqlarına cavab verir:
“Düzünü desəm, inanıram ki, həm Avropa, həm də NATO ölkələri Ukraynaya tam güclü tərəfdaş kimi ehtiyac duyurlar, onların bizim ordumuza ehtiyacı var. Güclü ordumuza”.
Dövlət başçısı həmçinin güclü Ukrayna ordusunun vacibliyini və zəiflədilmiş formatların qəbuledilməz olduğunu vurğulayıb.
“Çünki zəif Ukrayna ordusu heç kimə lazım deyil. Bu, necə müdafiə olacaq? Buna görə də inanıram ki, bu, ikitərəfli maraqdır”.
Prezident əlavə edib ki, Ukraynanın aydın təhlükəsizlik zəmanətləri alması və üzvlüyün bloklanmasının qarşısını almaq üçün müharibənin dayandırılması ilə bağlı müqavilədə Aİ-yə qoşulma tarixinin göstərilməsi vacibdir.