Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya atəşkəslə bağlı üç variant təklif edib. Bu barədə Ukrayna dövlət başçısının Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib.
"Bakupost" xəbər verir ki, məlumatı "Strana.ua" "Telegram" kanalı yayıb.
Məlumata görə, Zelenskinin təkliflərinə hava məkanında atəşkəsin təmin edilməsi, enerji infrastrukturuna hücumların dayandırılması və təmas xəttində hərbi əməliyyatların dondurulması daxildir.
Podolyak həmçinin qeyd edib ki, Ukrayna lideri sülh prosesini başlatmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.
Xatırladaq ki, avqustun 3-də Zelenski ölkəsinin qış mövsümünə girmədən, əsasən də payız aylarında Rusiya ilə müharibəni yekunlaşdırmağa çalışacağını açıqlamışdı. Bununla əlaqədar o, diplomatik korpusa müttəfiqlərlə münasibətlərdə Ukrayna rəhbərliyinin xarici siyasət xəttini ən yüksək səviyyədə dəstəkləmək barədə göstəriş verib.
Eyni zamanda, dövlət başçısı qeyd edib ki, ölkənin sülhə nail olmaq üçün göstərdiyi səylərin nə vaxt nəticə verəcəyini 100 faiz dəqiqliklə söyləmək mümkün deyil.
Bununla yanaşı, xarici ölkələrin hakimiyyət nümayəndələri və diplomatları hesab edirlər ki, 2026-cı ildə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivləri yoxdur. Qeyd olunur ki, təklif edilən kompromis variantları ya Moskvanı, ya da Kiyevi qane etmir.