Ukrayna Prezidenti Volodimir Zelenski Serbiyada səfərdədir. O, bu gün Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşəcək.
Bakupost.az xəbər verir ki, bu Zelenskinin 2019-cu ildə Prezident seçilməsindən sonra Serbiyaya ilk səfəridir.
Qeyd edək ki, Vuçiç Moskva ilə sıx əlaqələr saxlayır. Amma bununla belə Rusiyanın Ukraynaya təcüvüzünü dəstəkləmir.
Politoloq Natiq Miri
Bakupost.az-a bildirib ki, Serbiya Avropada, Balkanlarda Rusiyanın təsir nöqtəsidir. O baxımdan Serbiya müəyyən mənada həm Kiyev, həm də Avropa üçün cəzbedici və cəlbedici dövlətdir:
“Digər tərəfdən, Vuçiç nə qədər Rusiyanın strateji müttəfiqi kimi görünsə də, hər zaman Moskvanın Ukraynaya təcavüzünün əleyhinə olub, heç zaman işğalçı Rusiyanı dəstəkləməyib. Vuçuç eyni zamanda, Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda da iştirak etmir. Baxmayaraq ki, Avropa Birliyi (AB) bunu Vuçiçdən hər zaman tələb edir. Belə bir vəziyyətdə Serbiyanı tədricən Rusiyanın orbitindən aralayıb, AB-yə inteqrasiya istiqamətinə yönəltmək istəyi var. Zelenski də AB ilə razılaşdırılmış şəkildə Vuçiçlə bu yöndə danışıqlar aparacaq. Çünki, Rusiya ilə strateji müttəfiqlik bu gün heç bir ölkəyə, o cümlədən Serbiyaya da üstünlük vermir”.
Ekspertin sözlərinə görə, Kiyev Serbiyanın hərbi-sənaye kompleksinə də maraq göstərə bilər:
“Serbiyanın hərbi-sənaye kompleksi, xüsusən də artileriya və raketlər baxımından ən üstün səviyyəlidir. Ukrayna Belqradla məhz bu yöndə əlaqələri inkişaf etdirmək istəyər. Çünki indiki vəziyyətdə Kiyevin havadan müdafiə skistemlərinə ciddi ehtiyacı vardır”.
Amma müsahibimiz Zelenskinin Vuçiç vasitəsilə Putinə hansısa mesaj ötürə biləcəyi versiyasını isə istisna edir:
“Kimlərsə düşünə bilər ki, guya Zelenski Rusiyaya “bir barmaq” yaxın olan Vuçiç vasitəsilə Putinə də hansısa mesajı ötürmək istəyib. Ancaq Vuçiçin Serbiya siyasətində “gedər-ayaq” siyasətçi olduğunu nəzərə alsaq, bu yanaşma qeyri-ciddi görünür. Ona görə də vasitəçilik missiyası səviyyəsində nəyisə iddia etmək doğru deyil.
Ancaq Kiyevin Belqradla yaxınlaşma siyasəti ciddi addım olardı. Çünki, Ukraynanın, AB, xüsusən də cənub-şərqi Avropa ölkələrinin Serbiya ilə yaxınlaşması onun Moskvadan uzaqlaşması anlamına gələcək. Bu isə Rusiyanın Balkanlarda təsir imkanlarını yox edəcək. Vuçiçin bu ilin iyulunda “Cənub-şərqi Avropa-Ukrayna” sammitilə bağlı Kiyevə gəlməsi xüsusi bir münasibətin göstəricisi idi. Bunu inkişaf edirmək üçün də Zelenski hərəkətə keçib. Burada ciddi geosiyasi və geoiqtisadi niyyətlər də mövcuddur”.
Rüfət Sultan,
BakuPost