Ru
12:57 / 18 Mart 2026

“Zəlzələsiz günümüz olmur” – Xəzərdəki aktivlik və İranla bağlı iddialara seysmoloqdan cavab

“Zəlzələsiz günümüz olmur” – Xəzərdəki aktivlik və İranla bağlı iddialara seysmoloqdan cavab
Eye

Son günlər Xəzər dənizində qeydə alınan yeraltı təkanlar cəmiyyətdə narahatlıq yaradıb. Bəziləri bu aktivliyi regionda baş verən hərbi hadisələrlə əlaqələndirir, digərləri isə bunu daha güclü zəlzələnin xəbərçisi hesab edir.

Mövzu ilə bağlı Bakupost.az tanınmış seysmoloq, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, professor Qurban Yetirmişliyə müraciət edib.

– Qurban müəllim, son günlər Xəzər dənizində qeydə alınan zəlzələləri necə qiymətləndirirsiniz? Bu, adi prosesdir, yoxsa aktivlik artıb?

– Azərbaycan ümumilikdə seysmik cəhətdən aktiv regiondur və Alp-Himalay qurşağının üzərində yerləşir. Xəzər dənizi də bu baxımdan aktiv zonalardandır. Orada baş verən xırda təkanlar normal haldır və güclü, dağıdıcı zəlzələnin yaxınlaşdığını göstərmir. Ümumiyyətlə, elə gün olmur ki, Azərbaycanda zəlzələ qeydə alınmasın. Məsələn, təkcə bir gecədə 5-7 təkan baş verə bilər, amma onların əksəriyyəti zəif olduğu üçün hiss olunmur.


– Xəzərdə zəlzələlərin 50–70 km dərinlikdə baş verməsi nə deməkdir? Dərin zəlzələlər daha təhlükəlidir?

– Təkanlar 15, 30, hətta daha dərin qatlarda baş verə bilər. Dərinlik artdıqca onların yer səthində hiss olunma ehtimalı azalır. Məsələn, 60-70 km dərinlikdə baş verən zəlzələnin gücü 6 bal olsa belə, təsiri zəifləyir. Bakı üçün 4 maqnitudalı zəlzələlər ümumiyyətlə təhlükəli hesab edilmir. Burada məsafə və dərinlik əsas rol oynayır.


– Cəmiyyətdə belə fikir var ki, İranda baş verən partlayışlar və hərbi əməliyyatlar zəlzələlərə təsir edə bilər. Bu iddialar nə dərəcədə doğrudur?

– Region ölkələri – İran, Türkiyə, Türkmənistan eyni seysmik qurşaqda yerləşir. Ağır silahların, xüsusilə ballistik raketlərin yerə düşməsi torpaq qatlarını silkələyir. Əgər bu hadisələr zəlzələ ocağına yaxın ərazilərdə baş verirsə və orada gərginlik toplanıbsa, bu proses təkanların baş verməsini müəyyən qədər tezləşdirə bilər. Bu, elmi baxımdan bəzi hallarda müşahidə olunub. Amma bu, avtomatik olaraq böyük və dağıdıcı zəlzələ demək deyil.

– Azərbaycanda hər il minlərlə zəlzələnin qeydə alınması normaldırmı? Bu, narahatlıq doğurmalıdır?

– Əlbəttə, bu normaldır. Hətta il ərzində 4-5 minə qədər yeraltı təkan qeydə alınır. Sadəcə onların böyük əksəriyyəti çox zəif olur və hiss edilmir. Ona görə də mətbuatda əsasən 3 maqnitudadan yuxarı zəlzələlər haqqında məlumat verilir.


– Bu qədər xırda təkanların olması güclü zəlzələnin xəbərçisi sayıla bilərmi?

– Xeyr. Əksinə, xırda təkanlar enerjinin tədricən boşalması deməkdir. Bu isə müsbət haldır. Məsələn, Şamaxıda qısa müddətdə yüzlərlə xırda təkan oldu və nəticədə gərginlik azaldı. Bu baxımdan xırda zəlzələlərin olması müəyyən mənada faydalıdır.


– Yaxın dövrdə Azərbaycanda güclü zəlzələ gözlənilirmi?

– Yaxın günlərdə Azərbaycanda katastrofik zəlzələ gözlənilmir. Mövcud aktivlik normal proseslərin tərkib hissəsidir. Ümumiyyətlə, deyə bilərik ki, zəlzələsiz günümüz olmur, amma bu, təhlükə demək deyil.


Cavid
Bakupost.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar