“Zamanın şəxsiyyət kriteriyalarına cavab vermirəm” - MÜSAHİBƏYazıçı Pərviz Cəbrayıl:

  • 04 İyn 2019 13:13
  • 91 Baxış


 

Uzun müddətdir, media camiəsindən uzaq qalan tanınmış yazıçı, jurnalist, Pərviz Cəbrayılın Bakupost.az-a müsahibəsi.

 

- Pərviz bəy, işləriniz necə gedir, necə yaşayırsınız?

- İş getmir, mən gedirəm, ancaq hələ yaşayıram. Necə yaşadığımı özüm də bilmirəm. Sanki bir az inada. Ya da yaşamamağa gücüm çatmır. Bir yeniyetməlik şeirim vardı:

 

Yaşamaq boynuma düşdü,

Boynuna göy kartof yemək düşən kəndlimiz 

Xubyar kimi.

O, göy kartof yeməkdən öldü, 

Mən yaşamaqdan...




- Son illər sanki ədəbiyyatı, jurnalistikanı unutmusunuz və yalnız yaşamaq haqqında fikirləşirsiniz.

- Vallah, mənə elə gəlir, jurnalistikanı unutmaq olar, ədəbiyyatı yox. O mənada ki, jurnalistika insanın seçimidi, ədəbiyyat isə özü seçir adamını. Ancaq indi mən jurnalistikanı yox, jurnalistika məni unudub. Ədəbiyyatla isə qarşılıqlı eşq, vəfa davam edir. Yaşamaq haqqında fikirləşməyə qalanda isə yaşamaq yox, yaşayış haqqında bir az çox düşünməyə məcburiyyət içindəyəm. 

 

- Azərbaycanda qonorarla dolanmaq olar?

- Azərbaycanda qonorar var ki? Bu haqda min dəfə yazmışam. Min ildi bu sualın başına dolanıb yaşayırıq. 

 

- Yarım əsr yaşınız var, amma adama elə gəlir ki, iki əsrdir işsizsiniz.

- Yarım əsrə iki il qalır. Smayliklərin yeri məlum. Mandıra filosofu demişkən, mən çalışmağın əleyhinəyəm. Ağzımız ətə çatmır, başqa nə deyək. Yenə smayliklər... Adın ki şərəfli qara siyahılara düşdü, gerisi məlumdur. İşimin olması üçün zamanın tələblərinə, şəxsiyyət kriteriyalarına cavab vermirəm. 

 

- "Məryəm surəsi"ni yazıb bitirə bildiniz?

- Artıq kitabın çap prosesi başlayıb. "Qanun”la pozulmaz əməkdaşlığımız davam edir. 

 

- 10 ilə yaxındır kitabınız çıxmır. Deyəsən, məhsuldarlığı sevmirsiniz.

- Bayaqdan ancaq dolanışıqdan danışırıq. Ədəbiyyat-jurnalistika seçimindən. Demək, bu ölkədə işlər elə qurulub ki, içində azadlıq olan heç kim yaza bilməsin. Sanki şüurlu şəkildə. 8 il əvvəl son kitabım "Yad dildə” çıxmışdı. Mənə görə bir yazarın roman aralığı ən azı beş il olmalıdır. Ondan tezini bazar işi hesab edirəm. Ancaq səkkiz il də çoxdur. Aradakı üç ili həyatımdan oğurlanmış il hesab edirəm. Yenə də çarpışırıq ki, fürsət tapıb yazaq. 

 

- Son vaxtlar xeyli fəxri adlar, mükafatlar paylanıldı. Sizin adınız isə sanki unudulub.

- Mənimçün ən böyük ad Pərvizdir. Onu məndən almasınlar, heç bir ada ehtiyacım yoxdur.

 

- Niyə ölkənin ictimai-siyasi həyatında görünmürsünüz?

- İctimai-siyasi həyat... Bizim öz həyatımız yoxdur. İctimai-siyasi həyat çox sonrakı mərhələdir. Üstəlik, bir ədəbiyyat adamı o həyatda nə qədər görünə bilərsə, o qədər ordayam. 

 

- Özünüzü daha çox yazıçı hesab edirsiniz, yoxsa jurnalist?

- Özümü daha çox adam hiss edirəm.

 

- Bu qədər sadə olmaq olarmı?

- Mürəkkəbliyə ən çox yaraşan geyimdi sadəlik. Ancaq insan sonradan sadə olmur, ya o geyimlə doğulur, ya o geyimsiz.  

 

- Qarabağ müharibəsinin qızğın vaxtlarında BDU-da jurnalistika fakültəsində oxuyurdunuz. Deyəsən, arxa cəbhədə vuruşmağı sevirsiniz.

- Mənim bütün varlığım hərbə qarşıdır. Daban-dabana ziddir. Qoruq-qaytağı sevmirəm. Yasaqları, çərçivələri, çoxluğu, kazarma sərhədlərini sevmirəm. Di gəl, həmişə düşünmüşəm ki, hərbçi olsam, necə yazıçıyamsa, elə də hərbçi olardım. Sadəcə, hərbi xidmətdə olmuş biri kimi bilirəm ki, hərbə yararsız adamam. Düşmənlə döyüşməyi yox, küsüb getməyi üstün tutan, onu dünya nizamına tapşıran adamdan döyüşçü olar? BDU-da əyani oxuyurdum. Hərbi xidmətdən gəlmişdim. Hərəkatın içindəydim. Ancaq yenə də üçüncü kursdan qiyabiyə çıxdım, dedim, qoy haçan istəsələr, aparsınlar. Aparmadılar, üstəlik də arxa cəbhənin daha ağır olduğunu anladım. Ön cəbhədə yenə də adamın əlində silah olur, yeri gəlsə, özünü müdafiə edə bilirsən. Arxa cəbhədə isə sən əliyalın, düşmən qəvi. Orda bir dəfə ölürsən, burda isə ölənəcən...  

 

- Gələcək planlarınız nədir?

- Heç bir planım yoxdur. Yazmaq istədiklərim var. Daha doğrusu, məndən yazmağı tələb edən ədəbi ideyalar.