Ru
17:27 / 26 Noyabr 2026

400 ton köhnə toyuq əti ilə bağlı müəmmalı məqamlar: Bazara çıxarılıbmı?

400 ton köhnə toyuq əti ilə bağlı müəmmalı məqamlar: Bazara çıxarılıbmı?
Eye

Azərbaycanda 400 tondan artıq yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan toyuq əti məhsulunun satış məqsədilə saxlandığı aşkarlanıb. Hadisə məhsulların satışa çıxarılıb-çıxarılmadığı, əvvəlki partiyaların bazara daxil olub-olmadığı və istehlakçıların təhlükəli məhsullardan necə qorunacağı ilə bağlı suallar yaradıb.

Mövzu ilə bağlı, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakupost”a bildirib ki, bu vaxta qədər birliyə “Giləzi” quşçuluq fabrikinin məhsulları ilə bağlı heç bir şikayət daxil olmayıb. Onun sözlərinə görə, məlumat yayılandan sonra ona da istehlakçılardan bir neçə zəng gəlib. Vətəndaşlar məhsulların satışa çıxarılıb-çıxarılmadığı ilə maraqlanıblar.

O hesab edir ki, təhlükəli məhsulların anbarda aşkarlanması müsbət haldır. Lakin onun fikrincə, açıqlamada məhsulların satışa çıxarılıb-çıxarılmadığı dəqiq göstərilməyib. E.Hüseynov bildirib ki, əgər məhsul satışa təqdim edilməyibsə, istehsalçının öz anbarında saxlanılması ilə onun bazara çıxarılması eyni qiymətləndirilməməlidir.

O qeyd edib ki, dövlət qurumları belə bir vəziyyətdə məhsulun satışa çıxarılmasını gözləyib, həmin anda müdaxilə edə bilərdi. Əgər müəssisə məhsulu satışa təqdim etmək niyyətində idisə, bu fakt satış mərhələsində müəyyən edilərək məsuliyyət məsələsinə baxıla bilərdi. Bununla belə, o vurğulayıb ki, prokurorluğun açıqlamasında məhsulların hansı məqsədlə və hansı mərhələdə saxlanıldığı aydın deyil.

E.Hüseynovun sözlərinə görə, ictimaiyyətə daha geniş məlumat verilməlidir. Xüsusilə həmin partiyadan əvvəl hansı məhsulların bazara çıxarıldığı, mağazalarda bu məhsulların olub-olmadığı və istehlakçılara çatıb-çatmadığı açıqlanmalıdır. O bildirib ki, Azərbaycanda istehlakçıya satılmış məhsulların geri çağırılması mexanizmi demək olar ki, yoxdur. Əgər həmin partiyadan olan məhsullar mağazalara göndərilibsə, dövlət qurumları satış məntəqələrini və onların anbarlarını yoxlamalıdır.

O araşdırmanın obyektiv aparılmasının vacibliyini də vurğulayıb. Onun fikrincə, məhsulların ekspertizası şəffaf şəkildə keçirilməli, nəticələr aydın izah olunmalıdır. Eyni zamanda, istehlakçıların təhlükəli məhsullardan qorunması ilə yanaşı, biznes müəssisələrinin fəaliyyətinə də diqqətlə yanaşılmalıdır. E.Hüseynov hesab edir ki, müəssisələrin əsassız və ya tələsik qərarlarla fəaliyyətinin dayandırılmasına yol verilməməlidir.

O bildirib ki, söhbət böyük həcmdə yumurta və quş əti istehsal edən müəssisədən gedir. Belə bir müəssisəyə qarşı radikal tədbirlər görülməsi bazarda məhsul qıtlığına səbəb ola bilər. Buna görə də araşdırma diqqətlə aparılmalı, həm istehlakçıların hüquqları qorunmalı, həm də istehsalın davamlılığı nəzərə alınmalıdır. Onun fikrincə, biznes müəssisələrinə kömək etmək və onların fəaliyyətini qorumaq da vacibdir.

E.Hüseynov əlavə edib ki, birliyin məlumatına əsasən, aşkarlanan məhsulların “Giləzi” quşçuluq fabriki ilə əlaqəsi zəifdir. Onun sözlərinə görə, quşların kəsildiyi müəssisə ayrıca təsərrüfat subyektidir. Lakin quş əti istehsalçısı ilə kəsim müəssisəsinin eyni şəxsə məxsus olub-olmadığı barədə onda dəqiq məlumat yoxdur. Bu məsələnin də dövlət qurumlarının araşdırması zamanı aydınlaşacağını bildirib.

E.Hüseynov belə halların təkrarlanmaması üçün obyektiv və ciddi araşdırmaların aparılmasını, böhtan və əsassız ittihamlardan uzaq, şəffaf ekspertizaların keçirilməsini vacib sayır. Onun fikrincə, araşdırmanın nəticələri ictimaiyyətə geniş açıqlanmalıdır ki, digər quşçuluq müəssisələri də baş verənlərdən nəticə çıxarsınlar.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar