Ru
13:11 / 31 Mart 2026

ABŞ döyüşəcək, ərəb ölkələri ödəyəcək – Trampın planı

ABŞ döyüşəcək, ərəb ölkələri ödəyəcək – Trampın planı
Eye

ABŞ Prezidenti Donald Tramp ərəb ölkələrinin də İrana qarşı müharibədə yer almaları üçün onları maliyyə dəstəyi baxımından prosesə cəlb etmək istəyir.

Ağ Evin mətbuat katibi Karolayn Levittin Trampın ərəb ölkələrini İranla bağlı mümkün hərbi əməliyyatların xərclərinin ödənilməsinə cəlb etmək istədiyi barədə açıqlaması onu göstərir ki, ABŞ müharibənin maliyyə yükünü məhz ərəb ölkələrinin, xüsusən də Körfəz ətrafı dövlətlərin üzərinə yönəltməkdə maraqlıdır.

İndi məsələ ərəb ölkələrinin bu təklifə necə reaksiya verəcəyindən asılıdır.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert, konfliktoloq Azər Hüseynov bildirib ki, varlı ərəb ölkələrinin Trampın bu təklifinə müsbət yanaşmaları ən real ssenaridir:

“Ərəb dövlətlərinin İrana qarşı əməliyyatda iştirakı nəzəri baxımdan mümkündür, lakin bu iştirak hərbi xarakter daşımayacaq. Bu real deyil. Regiondakı mövcud güc balansı və siyasi risklər nəzərə alındıqda, ərəb ölkələrinin birbaşa hərbi qarşıdurmaya qoşulması ehtimalı olduqca aşağıdır”.

Konfliktoloqun sözlərinə görə, bu dövlətlərin prosesdə iştirakı daha çox dolayı və məhdud çərçivədə ola bilər:

“Bu fonda ən real ssenari onların ABŞ tərəfindən həyata keçirilən əməliyyatlara maliyyə dəstəyi vermələridir. Onlar müharibənin maliyyə xərclərini öz üzərlərinə götürməyə məhkumdurlar. Ərəb ölkələri İrana qarşı müharibənin davam etməsində maraqlıdır”.

Ekspert deyir ki, Körfəz ölkələri ABŞ-ın uğur əldə edə bilməməsi fonunda İranla təkbətək qalacaqlarından narahatdırlar:

“Baş verən hadisələr göstərir ki, ABŞ uğur əldə edə bilməsə və ya prosesdən geri çəkilərsə, bu vəziyyət ərəb dövlətlərini daha həssas mövqedə qoyacaq. Belə bir halda onlar faktiki olaraq İranla birbaşa qarşı-qarşıya qalacaqlar. Bu isə ciddi risklər yaradır. Çünki İranın region daxilində müxtəlif təsir alətləri mövcuddur və bu alətlər vasitəsilə o, ərəb ölkələrinə qarşı asimmetrik təzyiq mexanizmlərindən istifadə edə bilər. Xüsusilə daxili sabitlik, enerji infrastrukturu və regional təsir zonaları bu baxımdan həssas nöqtələrdir. Ona görə də mövcud vəziyyətdə ərəb ölkələri Trampın maliyyə baxımından dəstək istəyini yerinə yetirməyə məcburdur. Tramp da bunu yaxşı bildiyindən, müharibə xərclərini ərəb ölkələrinin üzərinə yönəldir və böyük ehtimalla buna nail olacaq”.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karolayn Levitt Prezident Donald Trampın ərəb ölkələrini İranla bağlı mümkün hərbi əməliyyatların xərclərinin ödənilməsinə cəlb etmək istədiyini bildirib.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar