Ru
15:09 / 29 Sentyabr 2026

"Aldadılaraq "kredit bataqlığı"na salındım, indi də təhdid olunuram" - Kukla Teatrının əməkdaşı Prezidentdən kömək istədi

"Aldadılaraq "kredit bataqlığı"na salındım, indi də təhdid olunuram" -  Kukla Teatrının əməkdaşı  Prezidentdən kömək istədi
Eye

Azərbaycan Dövlət Kukla Teatrının nəzarətçisi Gülay Abdullayeva teatrın layihələr üzrə meneceri Aynurə Əkbərova tərəfindən aldadıldığını iddia edərək ölkə rəhbərliyindən kömək istəyib.

“Bakupost” xəbər verir ki, G.Abdullayeva müraciətində A.Əkbərovanın Xətai rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızı olduğunu qeyd edib.

5 ildir teatrda çalışdığını deyən şikayətçi bildirib ki, A.Əkbərova ona torpaq satışı və sənədləşdirmə ilə bağlı vəd verib. G.Abdullayevanın sözlərinə görə, o, bu vədə inanaraq A.Əkbərovaya 5 930 manat ödəyib. Bildirib ki, həmin məbləği ödəmək üçün bankdan kredit götürüb.

Şikayətçinin iddiasına görə, A.Əkbərova 2025-ci ilin iyunundan 2026-cı ilin mayınadək ona cəmi 1 000 manata yaxın pul qaytarıb. Qalan məbləğin ödənilmədiyini deyən G.Abdullayeva hazırda kredit borcunun öz üzərində qaldığını bildirib:

“Artıq maddi və mənəvi olaraq çox ağır vəziyyətdəyəm. Əməkhaqqımın böyük hissəsi kredit ödənişinə gedir. Maddi ehtiyaclarımı qarşılamaq üçün evdəki əşyalarımı satmağa məcbur qalıram. Həyatım alt-üst olub. Mən sadəcə inanıb güvənmişəm. Son ümid yeri olaraq dövlət başçısına müraciət edirəm”.

Onun sözlərinə görə, qarşı tərəfə etiraz etdikdən sonra özünə və ailəsinə qarşı təhdid xarakterli səs yazıları da göndərilib:

“Anurə Əkbərova maddi ziyanımı qarşılamaq əvəzinə məni polisə və məhkəməyə şikayət edib. Məhkəmə onun şikayətini təmin etmədi. Daha sonra yaşadığı ərazi üzrə Mehdiabad Polis İdarəsinə müraciət etdi. Mənim izahatım alınıb. Sadəcə müraciətlərimə obyektiv şəkildə baxılmasını istəyirəm. Mən dövlətimə güvənirəm və kömək istəyirəm”.

O həmçinin atasının birinci qrup əlil olduğunu, anasının isə xadimə işlədiyini deyib. G.Abdullayeva məsələ ilə bağlı polisə müraciət etdiyini və hazırda araşdırma aparıldığını bildirib.

“Bakupost”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova bildirdi ki, sözügedən məsələ əməkdaşların teatr fəaliyyəti ilə bağlı deyil:

“Bu, onların öz aralarında olan sövdələşmədir və şəxsi fəaliyyətləri ilə bağlıdır. Ümid edirik ki, problemi qanunvericilik çərçivəsində həll edəcəklər”.

İddialarla bağlı Aynurə Əkbərovanın mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, Zaməddin Əkbərov 2016-cı ildə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmağa başlayıb. 2017-ci ildə bu vəzifədən azad olunub.

Lalə Novruz, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar