Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyevanın pab açılışında muğam ifa etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Çıxış birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçilərinin bir qismi Könül Xasıyevanın addımını dəstəkləsə də, digərləri Xalq artisti statusu daşıyan sənətkarın bu cür məkanlarda səhnəyə çıxmasını doğru hesab etməyiblər.
"Bakupost" xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova da sənətçinin pab açılışında çıxışını təqdir etmədiyini bildirib.
Deputat qeyd edib ki, gənclərin muğama maraq göstərməsi və milli musiqi dəyərlərinə yiyələnməsi baxımından müsbət hal olsa da, sənətin təqdim olunduğu məkan diqqətdə saxlanılmalıdır.
"Mən həmin videoya baxmışam. Düzdür, gəncliyin muğama köklənməsi, bu dəyərlərin aşılanması, onlara sahib çıxılması baxımından müsbət nüanslar tapmaq olar. Amma Könül Xasıyeva kimi bir sənətkarın elə yerlərdə çıxışını qəbul etmirəm. Mənə elə gəlir ki, məkan anlayışına bir qədər diqqət yetirilməlidir. Sənətkarlar sənətlərini harada gəldi nümayiş etdirməməli, aliliyini qorumalıdırlar.
Əvvəllər sənətlə toy arasında nə qədər fərq yaranmışdı, müğənnilərin əksəriyyəti toya getmirdi. Əgər biz bu gün sənəti yüksəltməkdən danışırıqsa, pab kimi yerlərdə, belə açılışlarda sənətkarların çıxış etməsi ürəkaçan deyil", - deyə E.Akimova vurğulayıb.