Avropa İttifaqı ABŞ ilə ciddi fikir ayrılığı fonunda indi də Çinlə iqtisadi müharibəyə girişib.
Belə ki, Avropa İttifaqı birlik daxilində sənayenin inkişafını nəzərdə tutan qanun layihəsi təqdim edib.
Bakupost.az xəbər verir ki, qanunun qəbulunda başlıca məqsəd strateji sektorlarda Avropa mallarına önəm verilməsinə nail olmaqdır.
Sənəd aşağıdakı sektorlardakı dövlət satınalmalarını əhatə edir: avtomobil istehsalı (xüsusilə elektrik avtomobilləri); yaşıl texnologiyalar və bərpa olunan enerji; polad və alüminium sənayesi.
Qanun layihəsində habelə göstərilir ki, 100 milyon avrodan çox olan xarici investisiyalar xüsusi nəzarətə məruz qalacaq. Bu, ilk növbədə batareya istehsalına, günəş panellərinə və kritik xammal hasilatına aiddir.
Aİ-nin bu istəyi Çində böyük narazılıqla qarşılanıb.
Pekin qanunun qəbul ediləcəyi təqdirdə sanksiyalar və iqtisadi təzyiqlə hədələyir. Brüsseldəki Çin Missiyasının ticarət və iqtisadiyyat nümayəndəsi Suo Penq bildirib ki, Çin boş oturmayacaq və cavab zərbəsi hazırlayır.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli
Bakupost.az-a bildirib ki, Avropa İttifaqı etatizm siyasəti yürüdür:
“Onlar daxili istehsalı artırmaq və ABŞ ilə Çindən asılılığı azaltmaq barədə düşünür. Bu əsasda da dövlətin dəstəyilə sənayenin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan qaydalar tətbiq etməyə çalışırlar. Amma bu Ümumdünya Ticarət Təşkilatı (ÜTT) adında bir qurumun, habelə azad və sərbəst rəqabətin tamamilə iflasa uğrayacağı anlamına gələcək. Bütün dövlətlər öz daxili istehsalını qorumaq üçün belə addımlar atacaqsa, bu əvvəl-axır dünyada təşviq müharibələrinə gətirib çıxaracaq. O zaman Çin də eyni qaydada hərəkət edəcək”.
Ekspertin sözlərinə görə, rüsum və tarif müharibələri daha da qızışacaq:
“Çin cavab tədbiri olaraq öz şirkətlərinə daha çox dövlət dəstəyi verməyə başlasa, məhsul və malların keyfiyyəti yüksək, qiyməti aşağı olacaqsa, Aİ ölkələri çətin ki, bu rəqabətə davam gətirsin. Rüsum və tarif müharibələri kəskinləşəcək. Dünya iqtisadiyyatında ciddi dalğalanma və fraqmentallaşmanın yaranmasına səbəb olacaq. Belədə Aİ-nin daxili bazarı qorumaq cəhdi sadəcə müvəqqəti olaraq ona yardım edəcək”.
Həmsöhbətimiz deyir ki, Aİ-nin əsas problemi enerji daşıyıcılarının çox baha olmasıdır:
“Belə vəziyyətdə isə Aİ-nin Çin və ABŞ ilə rəqabətə davam gətirməsi olduqca çətin olacaq”.
Rüfət Sultan, BakuPost