Almaniyanın “Berliner-zeitung.de” saytı Əbu-Dabidə Ermənistan və Azərbaycan rəhbərləri arasında keçirilmiş görüşlə bağlı “Rusiyasız: Azərbaycan və Ermənistan sülh sazişini gücləndirir” (Ohne Russland: Aserbaidschan und Armenien bekräftigen Friedensvertrag) adlı məqalə dərc edib. Müəllif Alexander Şmalz yazır ki, Qarabağ müharibəsindən sonra ilk dəfə Əliyev və Paşinyan rəsmi görüşür və sülh sazişini təsdiqləyirlər. Vasitəçilərsiz, Rusiyasız. Qalıcı həllə doğru daha bir addım atılır.
Vurğulanır ki, hər iki ölkənin XİN-i Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşdən sonra belə bir məlumat yaydı ki, Azərbaycan və Ermənistan onilliklərlə davam edən münaqişəyə son qoymaq üçün müqavilə layihəsi üzrə razılıqlarını təsdiqləyib və ikitərəfli sülh danışıqlarını vasitəçilərsiz davam etdirmək niyyətindədirlər.
Almaniya nəşri bildirir ki, bu, 2023-cü ilin payızında Dağlıq Qarabağ müharibəsindən sonra iki dövlət başçıları arasında ilk rəsmi görüş idi. 2025-ci ilin martında sülh sazişinin mətni üzərində razılığa gəldikdən sonra ilk dəfə idi ki, onlar bir araya gəlirdilər. Bu görüşdə layihə artıq təsdiqləndi və imzalanması istiqamətində növbəti addımlar müzakirə edildi.
Əbu-Dabidəki danışıqların konstruktiv keçdiyi bildirilir. Hər iki tərəf sazişi rəsmi imzalamağa hazır olduqlarını vurğuladılar və gələcək həyata keçirilməsi vacib olan əsas məqamları razılaşdırdılar.
Sayt razılaşdırılan məqamları belə sıralayır:
Sülh müqaviləsi – Əvvəllər razılaşdırılmış saziş layihəsi təsdiqləndi; İndi diqqət rəsmi imzaya yönəlib.
Zəngəzur dəhlizi – Əliyev və Paşinyan Ermənistan ərazisindən Azərbaycanı Naxçıvan anklavı ilə birləşdirən quru yolunun açılmasını müzakirə ediblər.
Sərhəd məsələləri – Ümumi sərhədin dəqiqləşdirilməsi və müəyyənləşdirilməsi üzrə ikitərəfli sərhəd komissiyalarının işi davam etdiriləcək.
Birbaşa dialoq – Vasitəçilər istisna ediləcək. Hər iki ölkə birbaşa mübadilələri davam etdirmək və etimadın möhkəmləndirilməsi tədbirləri həyata keçirmək niyyətindədir.
Xüsusilə əvvəllər vasitəçi kimi çıxış edən Rusiya budəfəki danışıqlarda heç bir rol oynamadı. Birləşmiş Ərəb Əmirlikləri də vasitəçi kimi çıxış etməyib, bu ölkə sadəcə olaraq görüş üçün platforma təqdim edib.
Onilliklərlə davam edən münaqişə 1980-ci illərin sonunda Ermənistanın dəstəyi ilə Azərbaycandan ayrılan Dağlıq Qarabağ bölgəsi ətrafında cərəyan edir. 2023-cü ilin sentyabrında Bakı regiona tam hərbi nəzarəti bərpa etdi - bu, mövcud sülh anlaşmasını mümkün edən həlledici dönüş nöqtəsi oldu.
Əbu-Dabidəki görüşə beynəlxalq reaksiyalar əsasən müsbətdir. Rusiya danışıqların davam etdirilməsini alqışlayıb. Bu yaxınlarda Prezidenti Rəcəb Tayyib Ərdoğanın Paşinyanı qəbul etdiyi Türkiyə də, ABŞ da sülh prosesinə dəstək verdiklərini duyurdular.
Sayt yazır ki, tərəflər arasında sülh sazişinin imzalanması üçün konkret vaxt hələ müəyyən edilməyib.
Gördüyünüz kimi, Almaniya mətbuatı da Əbu-Dabidəki görüşdə Zəngəzur dəhlizi məsələsinin müzakirə olunmasından yazır.
Elbəyi Həsənli, Sürix