Əvvəldə qeyd edim ki, şillələr təsnifatına görə bir neçə cür olur. Var “valideyin şilləsi”, “müəllim şilləsi”, “həyatın şilləsi” və s. Bəzənsə valideyin həm də müəllim olanda bu şillələr birləşir. Gedirsən məktəbə, müəllim şilləsi yeyirsən, gəlirsən evə, eyni şilləni bu dəfə valideyin şilləsi olaraq qəbul etməli olursan. Bunlardan, çox güman ki, ən çox acı çəkdirən “həyat şilləsi” olar.
Onu da qeyd edək ki, şillə fərqli təyinatlarla, fərqli formada vurula bilər. Çətin başa düşən adamı başa salmaq üçün, ürəyi getmiş birini həyata qaytarmaq üçün, tərbiyələndirmək üçün zaman-zaman şillədən istifadə olunur. Di gəl, bütün dünyanın bu son gördüyü və müzakirə etdiyi şillə həm yuxarıda dediyimiz növlərə aid edilə bilər, həm də özlüyündə yeni növ şillədir - ÖVRƏT ŞİLLƏSİ!
Bəli-bəli, söhbət Avropanın ən böyük dövlətlərindən birinin prezidenti Makronun övrətinin öz ərinə “aparıb-gətirib” tutuzdurduğu şillədən gedir. Hadisənin təyyarədən tam enərkən baş verməsi ona dəlalət edir ki, xalaya göy-yer, öz ölkəsi, başqa ölkə fərqi yoxdur, vaxtı gəldisə, şilləni tutuzdurmalıdır. Şilləni yeyən adamın üz cizgilərinə, reaksiyasına, hətta qapının açıq olduğu, şillənin kameralara düşdüyü bəlli olan anda həyasızcasına əl eləməyinə baxılarsa, konkret bəlli olur ki, bu o adamın bu xala tərəfindən yediyi birinci şillə deyil. Və necə ki, birinci şillə deyil, görünən odur ki, heç axırıncı da olmayacaq. Bundan əvvəl bu başıbəlalı prezidentin yumurta ilə vurulmasının da, öz vətəndaşları tərəfindən şillələnməsinin də şahidi olmuşuq. Hər iki halda özünü itirməməsinin səbəbi indi məlum olur. Bu yoldaş bildiyimiz “başıqapazlı” imiş. Evdə o qədər döyülürmüş ki, çöldə baş verənlər buna adi hal kimi gəlirmiş. Belə yerdə deyirlər e, ustadına bərəkallah!
Siz məsələnin türkiyəli qardaşlarımız demiş, “qır-qır” tərəfindəsiniz, amma və lakin nəzərinizə çatdırım ki, bu, çox ciddi məsələdir. O qədər ciddi məsələdir ki, dünyanın çox ciddi qurumları, institutları dizini qoyub yerə bu problemin həlli haqda düşünməlidir. Bu sizin üçün “şapalaq”dı, amma dünya üçün, mütərəqqi təşkilatlar üçün zorakılıq aktıdır. Özü də bütün dünyanın gözü qarşısında.
Bu işi belə qoymaq olmaz. Birisi bu “qətliama” dur deməlidir. Yelisey Sarayının qapıları bütün dünya araşdırmaçılarının, sosial problemlərlə məşğul olan QHT-lərin üzünə açılmalıdır. Bəlkə, heç o xala bu bədbəxt Makrona düz-əməlli yemək vermir? Bəlkə, elə günlərlə ac saxlayır. Hətta ola bilər ki, qandallayır. Bəlkə, kürəklərindən qan gələnə qədər qamçılayır yazığı? Qandallayıb qamçılayır çox güman ki. Əgər dəlillərə heç yerdə rast gəlinməsə, yataq otaqlarına baxılmalıdır. O otaqdan qandal, qamçı və sairə xeyli “cinayət aləti” tapılacağından adım kimi əminəm. İşdir, əgər dünyanın böyük dövlətləri həmişəki kimi tərəfkeşlik edib problemin həllindən boyun qaçırsalar, ümid qalır özümüzə.
Bu Makron elə həmişə şübhəli davranır. O boyda dövlətin lideri gündə bir hava çalır, ağlına və ağzına gələni danışır, ağa qara deyir. Bütün bunlar səbəbsiz ola bilməzdi. Psixoloqlar demiş, “şüuraltında nələrsə baş verirdi”. Psixoloq demişkən, məhz elə onlardan başlamaq lazımdır. Makronu bizim instaqramda, “Tiktok”da canlı yayın açan, dodağı gelli psixoloqlarımızdan birinə göstərmək pis olmaz. O psixoloq onun “uşaqlığına enib” probleminin kökünü axtarmalıdır. Di gəl bu adamın uşaqlığında da bu xala var axı. Təsəvvür edin, min bir zülüm ilə Makronun “uşaqlığına enirsən”, gedib görürsən ki, orada da bu xala bu körpə Makronu partadan qaldırıb qoyub küncə, gedib gəlib başına bir qapaz vurur. Yəni bu xala bu uşağı elə o vaxtdan şillələyirmiş. Onda müəllim şilləsi imiş, sonra dönüb olub övrət şilləsi. Demək ki, psixoloqdan kömək olmayacaq.

Bəlkə, Makronu gətirib bizim “arvadım məni saymır” motivli verilişlərə, efirə çıxaraq. Qoy özü dərdini açsın, danışsın. Bəzən ağlamsınsın, bəzən əsəbiləşsin. Ən maraqlı yerində də veriliş reklama getsin. Verilişdəki “ekspertlər” məsələyə münasibət bildirsin, danlasınlar, məsləhət versinlər. Hətta içlərindən biri desin ki: “Günah sənin özündədir. Kişi də özünə şillə vurdurar?” Bu anda digər ekspert replika atsın ki “kişi yee...”. Sonra televiziya əməkdaşları gedib Parisdə bunların qonşularından müsahibə alsın. Görək bu dava-şava nə zamandan başlayıb, gecələr bunların evindən necə səslər gəlir? Bu arvad bunu çəkib gizlində döyürmüş, yoxsa elə indiki kimi aşkarda, hamının gözü qarşısında şillələyirmiş?
Yox, əgər Makron gəlib bizim verilişə çıxmaqdan da qorxsa, qalır QHT-lərin işə əl qoyması. Bizdə küçədəki bir heyvana balaca zorakılıq ediləndə Fransadan maliyyələşən hansısa QHT tez hay-küy salır ki, “Ay aman, qoymayın, Azərbaycanda zorakılıq baş alıb gedir.” Bəs bu boyda ailə-məişət zorakılığını Fransanın öz QHT-ləri niyə araşdırmır? İşdi şayət, fransız hüquq müdafiəçiləri o qorxulu sifət xaladan çəkinirlərsə, bizim hüquq müdafiəçiləri məsələni qaldırmalıdır. Problem beynəlxalq arenaya çıxarılmalıdır ki, tez və qüsursuz həll edilsin. Fransa dövləti öz QHT-lərinə, bununla bağlı qrant ayırmaqdan çəkinirsə, bizdəki beynəlxalq təşkilatlar, məsələn, Bakı Təşəbbüs Qrupu qrant ayırsın, Fransa QHT-ləri o pul ilə araşdırma aparsınlar. Bəşəriyyəti bu bəladan qurtarmaq üçün nə lazımdırsa, edilməlidir. Bir insana verilən zülm ört-basdır edilə bilməz. Nə olsun ki, ömrü boyu bizə qarşı düşmənçilik edib, düşmənlərimizin yanında, bizim isə qarşımızda olub. Axı o da insandır. Kömək edib bu bəladan qurtarmalıyıq.
Çingiz Özgür