Diş texniki Elimxan Mirzəyev “Meqalizinq” şirkəti tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.
E.Mirzəyevin sözlərinə görə, bu ilin mayında “TikTok”da ilkin ödənişi 3500 manat olan avtomobilin satışı ilə bağlı elan görüb. Avtomobili almaq üçün elanda göstərilən avtosalona gedən şikayətçi maşının ümumi xərcləri ilə maraqlanıb. Onun sözlərinə görə, salondakı şəxslər və avtomobilin əvvəlki sahibi Rasim (ad şərtidir – red.) əlavə olaraq 200 manat xərc çıxacağını bildiriblər. Bundan sonra E.Mirzəyev Rasimə 3500 manat, avtosalona isə 500 manat ödəyib.
Şikayətçinin sözlərinə görə, mayın 15-də “Meqalizinq” şirkəti ilə razılaşma əldə olunub və mayın 20-də avtomobil üçün şirkətə 740 manat aylıq ödəniş edib. Lakin E.Mirzəyev həmin vaxt onunla “Meqalizinq” arasında heç bir müqavilə bağlanmadığını vurğulayıb.
O qeyd edib ki, avtomobili aldıqdan sonra maşında bir sıra texniki nasazlıqlar olduğunu öyrənib və onların aradan qaldırılmasına 700-800 manat xərcləyib. Daha sonra avtomobilin 280 manat cəriməsinin olduğunu öyrənib. Texniki baxış, sığorta və digər xərclərlə birlikdə daha 600-700 manat ödədiyini deyən şikayətçi ,qeydiyyat üçün də ondan 1000 manat tələb olunduğunu bildirib.
Bütün pulunu maşının xərclərinə sərf etdiyini deyən E.Mirzəyev, şirkətə vəsaitinin qalmadığını deyib. O, qeydiyyat xərclərinin 740 manatlıq aylıq ödənişə əlavə olunaraq, hissə-hissə ödənilməsini istəyib.
Şikayətçinin sözlərinə görə, şirkətin problemli kreditlər üzrə şöbəsinin Zahid adlı əməkdaşı bunun mümkün olduğunu deyib:
“Bildirdim ki, əlimdə olan bütün pulu maşının xərclərinə vermişəm, artıq maşını qeydiyyata salmağa pulum çatmır. Dedi ki, narahat olma, krediti və cəriməni ödə, biz sənə kömək edəcəyik. Cəriməni də, ikinci ay üçün krediti də ödədim. Lakin avtomobilin adıma keçirilməsi ilə bağlı heç bir xəbər çıxmadı. Üçüncü ayın ödəniş vaxtı çatanda gəlib maşını məndən aldılar".
Şikayətçi iki ay ərzində avtomobilin texniki problemlərinə və kredit ödənişlərinə ümumilikdə 7 min manat xərclədiyini iddia edir. Onun sözlərinə görə, şirkət hazırda ona 6 min manat ilkin ödənişlə başqa avtomobil təklif edir. Ona satılan ilk avtomobil isə başqa müştəriyə verilib.
“İndi deyirlər ki, adıma keçmədiyi üçün avtomobili məndən alıblar. Mən də soruşuram ki, maşın mənim adıma deyildisə, indiyə qədər niyə ödəniş alırdınız? Niyə mənə “get, maşını düzəltdir, maşın sənindir” deyirdiniz? Niyə söz verirdiniz ki, rəsmiləşdirmə xərclərini aylıq kredit ödənişinin üzərinə əlavə edəcəksiniz? Maşını problemsiz şəkildə təhvil verməli idilər. Ödədiyim pulları isə texniki baxışa və sığortaya xərcləyiblər. Məndə bunula bağlı səs yazılar da var. İndi isə mənə deyirlər ki, bir qəpik də qaytarmayacaqlar”.
E.Mizəyev avtomobilin adına rəsmiləşdirilmədən ondan alınmasına etiraz edir. O, ödədiyi vəsaitin və çəkdiyi xərcin qaytarılmasını, yaxud avtomobilin özünə qaytarılmasını tələb edir.
“Meqalizinq”in problemli kreditlər üzrə şöbəsinin əməkdaşı Zahid adlı şəxs isə "Bakupost"a şikayətçinin iddialarını təkzib etdi. O, razılaşmanın müqavilə əsasında olduğunu dedi:
“Maşının əvvəlki sahibi Rasim bəylə problem yaşamırdıq. Amma Elimxan bəy hər ay çətinliklə, bu gün-sabah deyə-deyə ödəniş edib. Müqavilə əsasında ödəniş olmadığı təqdirdə 3 gün kifayət edir ki, maşına "stop" verilsin və dayanacağa aparılsın Bu, birmənalıdır. Göndərdiyi pulların qrafikləri var. Neçə gündən bir 100 manat, 50 manat göndərib, hamısı var. Belə ödəniş olmaz".
Şirkət əməkdaşı avtomobilin cərimələri ilə bağlı E.Mirzəyevin məlumatlı olduğunu deyib:
“Elimxan maşını əvvəlki sahibi Rasimdən alanda onların hamısını bilib. Bundan başqa, Elimxanın özünün də cərimələri olub, ödəməyib, maşın həbsə düşüb. Biz götürəndə maşının üstündə Elimxana aid olan 1300 manat cərimə vardı.Şirkət ona vaxt baxımından nə qədər güzəşt edib. Maşın indi yox, iki ay bundan əvvəl götürülüb. İki ay ərzində də maşının dalınca gəlməyib.
Getsin polisə, məhkəməyə şikayət etsin".
Məsələ ilə bağlı şikayətçi E.Mirzəyev artıq Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. Hazırda araşdırma aparılır.
Hüquqşünas-Mediator Xəlil Süleymanlı “Bakupost”a bildirib ki, şikayətçi avtomobilin əldə edilməsi üçün ilkin ödəniş və sonrakı kredit ödənişlərini həyata keçiribsə, avtomobilin onun adına rəsmiləşdirilməməsi müqavilə üzrə öhdəliyin lazımi qaydada icra olunmaması kimi qiymətləndirilə bilər:
"Avtomobilin əvvəlcədən mövcud olan 280 manat cəriməsi və digər əlavə xərclər barədə E.Mirzəviyə əvvəlcədən tam məlumat verilmədiyi təsdiq olunarsa, bu hal istehlakçının mal və xidmət barədə düzgün və tam məlumat almaq hüququnun pozulması kimi qiymətləndirilə bilər. E.Mirzəyevin avtomobilin alınması, kredit ödənişləri, təmir, cərimə, sığorta və digər zəruri xərclərlə bağlı ödədiyi və sənədlərlə təsdiq olunan vəsaitlərin geri tələb edilməsi mümkündür. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona dəymiş zərərin ödənilməsini tələb edə bilər".
Hüquqşünas deyir ki, şirkətin avtomobili geri götürməsi müqavilədə nəzərdə tutulmuş əsaslara uyğun olmalıdır:
"Avtomobil geri götürüldüyü halda əvvəlki ödənişlərin və tərəflərin qarşılıqlı hesablaşmasının taleyi müqavilə və qanunvericilik əsasında müəyyən edilməlidir".
X.Süleymanlı vurğulayıb ki, avtomobilin hüquqi və maliyyə vəziyyəti, cərimələri və qeydiyyatına maneələrin əvvəlcədən məlum olduğu halda E.Mirzəyevdən qəsdən gizlədilməsi və vəsaitlərinin qaytarılmaması müəyyən olunarsa, məsələyə dələduzluq aspektindən hüquqi qiymət verilməlidir:
"Belə halda əmlakın və ya əmlak hüququnun aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirilməsi faktı araşdırılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə hüquqi qiymətləndirmə aparılmalıdır.Lakin yalnız müqavilə öhdəliyinin yerinə yetirilməməsi avtomatik olaraq dələduzluq hesab edilmir. Dələduzluq tərkibinin müəyyən edilməsi üçün şəxsin əmlakı əldə etdiyi anda aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyətinin mövcud olması sübut edilməlidir. E.Mirzəvinin tələbləri həm mülki-hüquqi, həm də cinayət-hüquqi aspektdən araşdırılmalıdır. Mülki müstəvidə avtomobilin qaytarılması və qeydiyyata alınması, yaxud ödənilmiş vəsaitlərin və sənədlərlə təsdiqlənən xərclərin geri qaytarılması tələb edilə bilər. Cinayət işi üzrə isə qeyd olunan halların dələduzluq əməlinin tərkibini yaradıb-yaratmadığı müəyyən edilməlidir".
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Bakupost"a bildirib ki, bu, Azərbaycanda son iki ildə ən çox yayılmış şikayətlər arasında olan məsələlərdəndir. Onun sözlərinə görə, lizinq şirkətləri müxtəlif cəlbedici təkliflərlə istehlakçıları aldadaraq bu vəziyyətə gətirirlər:
“Hamısı eyni ssenari üzrə hərəkət edirlər. Bəzən lizinq şirkətləri Dövlət Yol Polisi ilə sıx əməkdaşlıq edir və bir gün gecikmə olan kimi avtomobilə cərimə tətbiq etdirir, maşını alır və digər üsullardan istifadə edirlər. Hətta avtomobilə xüsusi cihaz yerləşdirilir və istənilən yerdə maşın deaktiv edilir, mühərrik məsafədən, telefon vasitəsilə söndürülür.Belə hallarla qarşılaşan şəxslərə məsləhət görürəm ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət etsinlər. Agentliyin 012 599 76 00 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. Bu problem çox yayılıb. Mənə ötən həftə bununla bağlı Salyandan da, Bakıdan da müraciət edənlər oldu. Təəssüf ki, bu, istehlakçı məsələsi deyil. İki tərəfin qazanc əldə etmək məqsədilə qurduğu münasibətdən yaranan mübahisədir. Belə məsələlərin məhkəmə müstəvisində həlli daha məqsədəuyğundur”.
Lalə Novruz, BakuPost