UEFA Avropa Liqasının V turunda Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel Beer Şeva" klubları arasında Gürcüstanın Batumi şəhərində keçirilən görüş tribunada baş verən qarşıdurmaya görə yarımçıq dayandırılıb.
"Bakupost" xəbər verir ki, "Batumi Arena"da təşkil olunan matçda yerli polisin "Beşiktaş" azarkeşlərinə müdaxiləsindən sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb.
İnsident zamanı "Beşiktaş"ın bir azarkeşi xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları isə azarkeşi sakitləşdirməyə çalışıblar.
Bundan başqa, Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.
Hazırda davam edən qarşılaşmada hesab açılmayıb.