Kriptovalyuta bazarında ötən gün müşahidə olunan bahalaşma yenidən enişlə əvəzlənib.
“Binance” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti bu gün 60,640.3824 dollara düşüb.
Kriptovalyutanın qiyməti son bir həftədə 6,89%, son 30 gündə isə 25,16% azalıb. “Bitcoin”in bazar kapitallaşması 1,22 trln. dollar təşkil edib.
“Ethereum”un qiyməti 1,95% azalaraq 1 699,49 dollara, “Zcash”ın qiyməti 4,18% azalaraq 758,13 dollara, BNB-nin qiyməti isə 0,86% azalaraq 553,13 dollara enib.
Bəs “Bitcoin”in ucuzlaşması hansı səviyyəyə qədər davam edə bilər?
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli “Bitcoin” və digər “coin”lərin xəbər axınına və siyasi bəyanatlara hesablanmış alver aləti olduğunu deyib:
“Ona görə də onlar tez-tez ucuzlaşıb, bahalaşır. Doğrudur, bu məsələdə qazanlanlar da olur, itirənlər də. Amma itirənlər haqqında danışılmır. Mən hesab edirəm ki, “Bitcoin” mənasız bir alver aktividir. Ona görə də dünyada “Bitcoin” və “coin”lər barədə requlyativ aktlar sərtləşir. Sərtləşdikcə də qiymətlər aşağı düşür.
“Bitcoi”nin özəlliyi anonimliyində idi. İndi ölkələr onun anonim qalmasını istəmirlər. Hətta Avropa Birliyi “coin”lərlə bağlı əməliyyatların dayandırılmasını tələb edir. Çünki Rusiya anonimlik vasitəsilə sanksiyalardan yan keçir. Ona görə də “coin” sistemini dərin tənəzzül gözləyir”.