Ru
12:33 / 17 İyun 2023

Böyük Qayıdışın növbəti ünvanı – LAÇIN

26925
Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşən Laçın rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq dekabrın 1-də Azərbaycana qaytarılıb. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçına daxil olub və rayonda Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.


Laçında qeyri-qanuni məskunlaşan ermənilər ərazilərimizi tərk edərkən təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün hər cür şərait yaradıb. Bunun müqabilində isə Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, meyitləri belə təhqir edilib. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan köçkün düşən azərbaycanlılar özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub.





1992-ci ildə Laçın rayonunu işğal ediləndən sonra 65 mindən çox sakini 30 il məcburi köçkün həyatı sürməyə məcbur olub. Hazırda rayonun əhalisinin sayı 80 mindən çoxdur. Laçın şəhərinin isə 1992-ci ildə 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən, şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar idi. Hətta keçmiş SSRİ dövründə - 1970-ci il siyahıyaalınmasında bütövlükdə Laçın rayonunun cəmi əhalisi 63.162 nəfər olub. Burada azərbaycanlıların sayı 58.058, kürdlər 2.437, ermənilər cəmi 34 nəfər təşkil edib. Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən, Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilib. Bütövlükdə rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb. İşğaldan sonra ilkin qiymətləndirmələrə görə işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dollar ziyan dəyib.


Laçında dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır. Rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir. Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri (xalq daş heykəltaraşlıq) abidələridir.


Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.


Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye cəhətdən müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emal sənayesi üzrə istehsalın təşkili mümkündür. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın, həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var.


Əldə edilən şanlı qələbədən sonra “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Laçında genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyev tərəfindən Laçın rayonunun Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur - su, kanalizasiya , elektrik enerjisi xətləri, yollar yenidən çəkilib. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur.


"Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Prezidentin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi də təyin edilib.





Prezident İlham Əliyev bildirib ki, Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi:

"Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq. Laçının memarlıq üslubu göz oxşayır. Yəni bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək,- nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var, bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik”.


May ayından etibarən Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb.


31 illik didərginlikdən, yurd həsrətindən sonra Bakı şəhərində yaşayan laçınlıların bir qismi doğma torpaqlarına köçürülüb. Birinci mərhələdə şəhərə köçürülən 20 ailə, yəni 97 nəfər əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənən və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşdırılıb.




Mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.


İlham Əliyev bildirib ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub:

"İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır".

Ümumilikdə 7-8 ay ərzində 700 bina inşa edilib ki, onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır. Artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil.


Prezident bildirib ki, Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı çox dəqiq təsəvvürümüz var və ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək: “Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək”.


İyunun 14-də isə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksində məskunlaşan 22 ailə - 72 nəfər dogma yurda dönüşün sevincini yaşayıb. Laçın şəhərində onların yaşaması üçün bütün zəruri şərait yaradılıb, evlər tarixi memarlıq üslubu qorunmaqla müasir standartlara uyğun bərpa edilib.





May ayının 28-dən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib. Ümumi sahəsi 299.50 m2 olan mərkəz 1-i 5 çarpayılı stasionar olmaqla, ümumilikdə 15 otaqdan ibarətdir. Mərkəzdə həkim otağı, tibb bacısı otağı, prosedur-sarğı otağı, peyvənd və körpə/uşaq izləmə otağı, körpə baxımı və ana südü ilə qidalanma otağı, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq otağı, 5 çarpayılı gündüz stasionar otağı, yuma sterilizasiya otağı, laboratoriya xidmətləri otağı, təsərrüfat otağı və mətbəx mövcuddur. Bu otaqların hər biri texniki standartlara uyğun olaraq instrumental və laborator diaqnostik avadanlıqlarla, o cümlədən ultrasəs müayinə cihazı, portativ rentgen, elektrokardioqraf, əməliyyat masası, ginekoloji müayinə masası və sair cihaz və avadanlıqlarla təchiz edilib.




Burada ilkin cərrahi müdaxilələr üçün cərrah, travmatoloq, ailə həkimi-pediatr, ailə həkimi-terapevt, həkim-mama ginekoloq, mama, tibb bacısı, laborant olmaqla tibbi heyətin fəaliyyət göstərməsi, eyni zamanda zərurət olarsa, səyyar tibb xidmətlərin təşkili nəzərdə tutulub. 24/7 tibbi xidmətin təmin edilməsi məqsədilə TƏBİB tərəfindən 2 ədəd tam təchizatlı təcili tibbi yardım avtomobili Laçın Rayon Mərkəzi Xəstəxanasına təhkim olunub.


Qeyd edək ki, Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisinə 347 milyon manatdan çox vəsait istifadə olunub. Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb. Layihədə qeyd edilib ki, Laçın rayonunun işğaldan azad olunan ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisi və bu kimi digər zəruri xərclərin tənzimlənməsi üçün 347,6 milyon manat və ya faktiki icra olunmuş dövlət büdcəsi xərclərinin 1,1 faizi məbləğində maliyyə təminatı yaradılmaqla istifadə olunub.


İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4311,0 milyon manat vəsait ayrılıb.


Laçına qayıdan keçmiş məcburi köçkün Ramiz Həsənov deyib ki, bir vaxtlar ermənilər tərəfindən zorla dədə-baba yurdlarından çıxarılan insanlar 31 il sonra doğma vətənlərinə, Laçına qayıdır. Bundan böyük sevinc, xoşbəxtlik yoxdur:


“İşğaldan azad olunan bütün şəhər və kəndlərimiz abadlaşdırılır, yeni evlər, məktəblər, xəstəxanalar tikilir, yollar çəkilir, tarixi, mədəni, dini abidələrimiz bərpa olunur. Beləliklə, o yerlərin əvvəlki şöhrəti-şanı özünə qaytarılır. Qarabağla bağlı illərlə xəyalını qurduğumuz bu arzuların çin olmasının, indi xoşbəxtliyini yaşadığımız bu günlərin memarı İlham Əliyevdir. Ali Baş Komandan xalqımıza qalibiyyət, qələbə sevinci bəxş etdi, yüz minlərlə məcburi köçkünün vətən həsrətinə birdəfəlik son qoydu”.




Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, artıq 3 yaşayış məntəqəsinə bizim keçmiş məcburi köçkün soydaşlarımız köçüb, firavan yaşayır:


“Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna kimi 34 min 500 ailənin işğaldan azad olunan ərazilərə köçürülməsi hədəflənib. Bununla bağlı müxtəlif dövlət qurumları arasında, əməkdaşlıq şəraitində bütün məsələlər əlaqələndirmə qərargahı çərçivəsində əlaqələndirilir. İnsanlarımızın həsrətində olduqları doğma torpaqlarımıza qayıdışı, həm onların yaşayış şəraiti, həm də işlə təmin olunmaları Prezident İlham Əliyevin qarşımıza qoyduğu əsas vəzifədir ki, bunun üzərində işlər davam edir”.





Politoloq İlyas Hüseynovun dediyinə görə, Qarabağın və Şərqi Zəngəzurun tikinti-bərpası və yenidənqurulması sürətlə -davam edir. “Böyük Qayıdış” proqramına uyğun olaraq keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu Azərbaycanın vətən müharibəsində qazandığı tarixi qələbənin qürur dolu nəticəsidir:


"Keçmiş məcburi köçkünlərimiz uzun illər həsrətlə bu günü gözləyirdilər. Azərbaycan öz siyasi iradəsi, qətiyyəti və prinsipiallığı ilə keçmiş məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura qayıdışını təmin edir. Eyni zamanda qeyd etməliyik ki, qayıdış prosesində əsas maneə, əngəl ərazilərin minalanmasıdır. Ermənistan 30 illik işğal dövründə, piyada və tank əleyhinə minaları əraziyə basdırıb və məhz Qarabağ və Şərqi Zəngəzur dünyanın ən çox mina olan ərazisi hesab olunur. Əsas prioritet bölgəyə təhlükəsiz şəraitdə qayıdış konsepsiyasının reallaşdırılmasıdır. Artıq gözlənilən nəticələr əldə olunur. Zəngilanın Ağalı kəndi, Laçın şəhəri və Talış kəndinə də qayıdış baş tutub".


Politoloq bildirib ki, ümumilikdə ilin sonuna qədər 10 minə yaxın keçmiş məcburi köçkünün azad olunan ərazilərə qayıdışı nəzərdə tutulur:


"Bütün bunlar Azərbaycanın qayıdış prosesini sürətli şəkildə həyata keçirdiyinin göstəricisidir. Bölgədə beynəlxalq standartlara cavab verən Zəngilan və Füzuli hava limanının açılışı, avtomobil yolu şəbəkəsinin tikilməsi, zəruri infrastrukturun qurulması, məşğulluq probleminin həll olunması, səhiyyə, təhsil kimi məsələlərə diqqət ayrılması da dövlətin əsas prioritetidir".




Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər