Ru
17:14 / 19 Aprel 2024

"DİM gənclərə istədiyi ixtisas üzrə oxumaq imkanı vermir" - Ekspertdən sərt ittihamlar

13209
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanlarında 53 abituriyent birinci mərhələdə maksimum, yəni 300 bal toplamaqla ən yüksək nəticə göstərib. Bu, son illər buraxılış imtahanları ilə bağlı ən yüksək göstərici hesab olunur.

Ötən illərdə maksimum nəticə göstərənlərin sayı barmaqla sayılacaq qədər az olduğu halda, bu il birdən birə 53 abituriyentin 300 bal toplaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bildirilib ki, bu il DİM tərəfindən buraxılış imtahanlarının sualları asanlaşdırıldığından maksimum nəticə göstərənlərin də sayı artıb.




Təhsil eksperti Elşən Qafarov deyir ki, DİM hər 5-6 ildən bir buraxılış imtahanlarının suallarını asanlaşdırır və nəticədə abituriyentlərin nəticələri yüksəlir. Növbəti ildə isə nəticələr kəskin şəkildə aşağı düşür. Bu zaman cəmiyyətdə belə bir fikir yaranır ki, təhsilin səviyyəsi aşağı düşüb. DİM bununla bir daha sübut edir ki, onun imtahan nəticələrinə birbaşa təsir etmək imkanı var:

“İmtahan tarixində birinci dəfədir ki, 53 nəfər ən yüksək nəticə göstərib. Təhsil bir gündə, bir ayda nəticə verən proses deyil. Nə baş verdi ki, son 4 ildə yüksək nəticə olmadı, məhz 2024-də oldu. Olsun. Sevinirik. Amma 2025-ci ildə bu nəticə təkrarlanacaqmı? Mən düşünürəm ki, 2024-cü ildə DİM Elm və Təhsil Nazirliyinə böyük hücum hazırlayır. Gələn il imtahan sualları çətinləşdiriləcək, nəticələr aşağı düşəcək və cəmiyyətdə belə bir fikir yaranacaq ki, 2025-ci ildə təhsilin səviyyəsi aşağı düşüb”.

Ekspertin sözlərinə görə, son 32 il ərzində cəmiyyət və dövlət inkişaf etdikcə, DİM də imtahan mexanizmində dəyişiklik etməli idi:

"Lakin təəssüflər olsun ki, biz dəyişikliyi görmədik. DİM-in bugünkü imtahan mexanizmi Azərbaycan gəncini öz istədiyi ixtisas üzrə təhsil alıb dövlətə və cəmiyyətə fayda vermək imkanından məhrum edir. Bu, çox ciddi məsələdir. DİM cəmiyyətdə təhsilin nəticələrinə birbaşa təsir edə bilən fikirlər yaya, sualların çətinlik səviyyəsini istədiyi vaxt artırıb-azalda bilir. Bu da çox xətalı bir məqamdır. DİM-in özünün proqramı, dərs vəsaitlərinin olması, eləcə də imtahanları bu şəkildə keçirməsi ölkədə repetitorluğun daha da genişlənməsinə aparıb çıxarır. Repetitorluğun genişlənməsi isə son nəticədə dövlət büdcəsindən maliyyələşən məktəbə və orada işləyən müəllimə inamsızlıq və etimadsızlığı yaradır. Burada cəmiyyətlə təhsil arasında böyük bir uçurum yaranır”.

Elşən Qafarov qeyd edib ki, DİMərkəzi artıq səlahiyyətlərini aşır:

“Dövlət İmtahan Mərkəzinin özünün proqramı, dərs vəsaitlərinin olması, eləcə də imtahanları bu şəkildə keçirməsi ölkədə repetitorluğun günü-gündən daha da genişlənməsinə səbəb olur. İmtahan sualları orta məktəb proqramına əsasən, tərtib olunmalıdır. İmtahanlar da abituriyentlərin real bilik və bacarıqlarının qiymətləndirilməsi fonunda aparılmalıdır. DİM-in isə öz proqramı var və imtahan sualları şagirdlərin bilik-bacarıqlarını qiymətləndirməyə yönəlmir. Çünki DİM sualları həmin vəsaitlərə əsasən hazırlayır. Qəbul imtahanlarında dərsliklərdəki proqramlardan istifadə olunmadıqca göstəricilər aşağı olacaq”.
E.Qafarovun fikrincə, test və vəsait hazırlama səlahiyyəti DİM-dən alınmalıdır. Mərkəz sadəcə, imtahanları keçirən texniki bir quruma çevrilməlidir:

“Testlər nə Elm və Təhsil Nazirliyinə, nə də DİM-ə tabe olmayan bir qurum tərəfindən hazırlanmalıdır. Ya Nazirlər Kabineti, ya da Prezident yanında Testologiya Mərkəzi yaradılmalıdır. Bu, beynəlxalq təcrübədə də var. Testologiya Mərkəzi dediyimiz qurum isə bu gün DİM-in testlərini hazırlayan mütəxəssisləri özünə cəlb etməlidir. Həmin Testologiya Mərkəzi isə Nazirliklə əməkdaşlıq etməklə abituriyentlərin real bilik-bacarıqlarının səviyyəsini öyrənməlidir. Bu mərkəz DİM-lə əməkdaşlıq etməklə də abituriyentlərin imtahan bacarıqlarının real vəziyyətini araşdırmalıdır. Əgər imtahanda abituriyenti yoxlayırsansa, onun bugünkü real bilik-bacarıqlarına uyğun sualları imtahana salmalısan. Belə olarsa, bugünkü narazılıqların böyük bir hissəsi aradan qalxacaq. DİM-in "kölgə təhsili"nə şərait yaradır. Valideyn təhsil üçün əlavə pul xərcləyir. Məktəblərdə təhsil mühiti tamamilə aradan qalxır. Bir sözlə, təhsil sistemi parçalanır. Bu da nəticələrin ildən-ilə aşağı düşməsinə səbəb olur”.



Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, hər dəfə buraxılış və ya qəbul imtahanlarının nəticələri elan olunar-olunmaz təhsilin keyfiyyətinə dair müzakirələr aktuallaşır. İmtahanlarda maksimum nəticənin qeydə alınması və alınmaması, ötən illə müqayisədə bu il nəticələrin aşağı düşməsi və ya yüksəlməsi səbəbləri barədə müxtəlif müsbət fikirlər, tənqidi rəylər səsləndirilir. Bəziləri mövcud vəziyyəti imtahan suallarının çətinliyi və təhsilin keyfiyyətinin aşağı olması ilə, bəziləri isə sualların asanlaşdırılması ilə əlaqələndirir:


“Təhsilin keyfiyyətinin hansısa ildə kimlər tərəfindənsə toplanan balla ölçülməsi məsələnin mahiyyətinə obyektiv yanaşma ola bilməz. Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, təhsilin keyfiyyəti maksimum və ya minimum ballıq şkala ilə, ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Bu məntiqlə yanaşsaq, hansısa ildə maksimum bal toplayanların sayı çoxalıbsa, həmin il təhsilimizdə keyfiyyət özünün pik həddinə çatıb, hansısa ildə azalıbsa, təhsilimiz özünün ən uğursuz ilini yaşayıb?! Necə olur ki, 3 martda baş tutan buraxılış imtahanının nəticələri, 10 mart tarixində keçirilən buraxılış imtahanın nəticələrindən fərqlənir, 300 bal toplayaraq maksimal nəticə göstərən 14 nəfərin sayı bir həftə ərzində 39 nəfərə yüksəlir? Birlikdə yekun say 53 - qeydə alınan rekord nəticədir. Deməli, bundan nəticə çıxarmaq üçün səbəb-nəticə əlaqələri araşdırılmalıdır”.


Ekspert bildirib ki, bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmaması, təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki təmin edə bilmir, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb olur. Bu da zaman-zaman müəyyən narazılıqlarla müşayət olunub və olunmaqdadır:


“Bu gün uşaqların üstünə bu qədər getmək, lazımı bal toplamadıqlarına görə ittiham etmək olmaz. Savadsızları zəiflər, zəifləri ortabablar, ortababları güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik. Güclülər üçün həmişə bütün yollar açıqdır. Unutmayaq ki, məktəb öz yetirmələrinə lazımı bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır. Göstəricilərin qənaətbəxş olması təkcə məzunun topladığı balla deyil, həm də onun həyatda tuta biləcəyi mövqe ilə, vətənə, xalqına layiqli vətəndaş kimi yetişəcəyi ilə ölçülməlidir”.




Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, bu il keçirilən buraxılış imtahanlarında iştirak edən şagirdlər əvvəlki dövrün şagirdləri ilə müqayisədə daha hazırlıqlıdırlar:


“2020-ci ildə xüsusi karantin rejiminin tətbiqi, bir müddət dərslərin olmaması, daha sonra distant təhsil və s. amillər həmin dövrdə ali məktəblərə hazırlaşanlara mənfi təsir etmişdi. Ondan sonrakı ildə yenə müəyyən qədər fasilələrin olması təsirsiz ötüşməmişdi. Son tədris ilində isə hər hansı bir məhdudiyyət yox idi, bu il imtahan verənlər rahat hazırlaşdılar və yüksək nəticə əldə etdilər”.

Ekspertin dediyinə görə, artıq 6 ildir ki, imtahanlar indiki formatda - yeni qaydada keçirilir. Bu ilin abituriyentləri artıq yeni imtahan modelinə uyğunlaşıblar. Onlar üçün imtahanın məzmunu, formatı, eyni zamanda proqramlarla tanışlıq asan olur:

“Təbii ki, bu, özünü imtahanda göstərdi. Dediyim kimi, abituriyentlərin imtahan suallarının qoyuluş qaydasına bələd olması, həm də sualların ötən illərlə müqayisədə bir qədər sadəliyi məhz yüksək nəticə əldə edən abituriyentlərin çoxluğu ilə müşahidə olundu. 53 nəfər maksimal nəticə - 300 bal toplayıb. Bu, say arta bilər. Çünki Apellyasiya Komissiyasının fəaliyyəti davam edir. Əlbəttə istərdik ki, hər il abituriyentlər yaxşı nəticələr göstərsinlər. Bu da təhsil müəssisələrində dərslərin daha yüksək keyfiyyətlə tədris edilməsindən asılıdır”.




Təhsil eksperti Elmin Nurinin fikrincə, 53 abituriyentin buraxılış imtahanlarında 300 bal toplamasına səbəb Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan sualların və qəbul proqramının orta ümumtəhsil məktəbləri üçün tətbiq olunan tədris proqramı ilə uyğunluq təşkil etməsidir:

“DİM imtahan prosesini təşkil edən qurum olmaqla yanaşı, həm də sualların hazırlanması, o suallar üzrə qəbul proqramının ərsəyə gətirilməsi işləri ilə də məşğul olur. Bu da abituriyentlər arasında müəyyən çaşqınlığa səbəb olub və onları iki proqram üzrə hazırlığa sövq edib. Belə ki, şagirdlər 11 il ərzində orta məktəblər üçün hazırlan tədris proqramı əsnasında təhsil alıblar. Onların bilik dərəcəsi o proqram əsnasında formalaşıb. 11-ci sinfə çatar-çatmaz tamam fərqli proqram əsnasında imtahan verirlər. Nəticədə məktəb və müəllim amili sıradan çıxır. DİM-in qəbul proqramı və o proqramın tədrisi ilə məşğul olan repetitorlar ön plana keçir. Bu il isə şagirdlər öz biliklərini məktəbdəki proqrama uyğun sınadılar. Növbəti il də proseslər indiki kimi davam etsə, onda həqiqətən də, vəziyyətin düzəldiyini iddia edə bilərik”.




Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə səsləndirilən iddialarla razılaşmayaraq bildirib ki, buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir.


Ötən ilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinlik səviyyəsinin eyni olduğu müşahidə ediləcək. Bu ilki nəticələrin artmasına ayrı amil təsir göstərib. Lakin o, bu amilin nədən ibarət olduğunu açıqlamayıb.

Sevinc
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar