Ru
21:58 / 26 İyun 2025

Ərdoğanın önündə Azərbaycanı rəzil edən savadsız... - Video

Ərdoğanın önündə Azərbaycanı rəzil edən savadsız... - Video
Eye

Bu gün Haaqada NATO-nun sammiti keçirilib. Mövzu barədə yazmayacağam – nə siyasət yazarıyam, nə də siyasi təhlilçi. Orda baş verən bir hadisədir məni çox narahat edən, daha doğrusu, utandıran!

Sosial şəbəkədə bir video qarşıma çıxıb, başlığı belədir: “Ərdoğan azərbaycanlı jurnalistin yersiz sualına cavab vermədi”.

Qısa, dəqiq və düşündürücü! Videonu açmazdan əvvəl içimdə bir nigarançılıq vardı: “Görəsən nə soruşub?” 15-ci saniyədən etibarən isə utanclıq hissi başlayır… Və həmin cümlə:

“Nə qədər ki, türk ordusu yoxdur, Azərbaycan üçün rus işğalı təhlükəsi qalmaqdadır. Bunu belə bilirik”.
Səssizlik. Prezident Ərdoğan baxır. Cavab yoxdur. Nə cavab olsun ki? Azərbaycan Konstitusiyasından xəbərsiz başın, Azərbaycan Ordusunun qüdrətini görməyən gözün, Azərbaycanı kiçildən ürəyin, əvəzində utanmayan üzün, qızarmayan sifətin dili...
Bu, bir peşənin içindən gələn boşluğun göstəricisidir.

Və əslində bu, 150 illiyini qarşılamağa hazırlaşdığımız medianın özünə sualıdır. Türkiyə liderinə verilən bu sual Azərbaycan mediasının 150 ilini və yaxud Azərbaycan televiziyasının gələn il qarşılayacağı 70 illik yubileyini özündə necə əks etdirir?

Media artıq sual vermək yox, sual atmaq peşəsinə çevrilib; cavab axtarmaq yox, təəssürat yaratmaq yarışına dönüb; jurnalist hamını narahat edən sözü deməyə yox, özünü gözə soxmaq üçün mikrafon arxasına keçir.

Bu, səhv deyildi, yanlışlıq da deyildi; bu, statusunu dərk etməyən savadsızın əməlinin nəticəsinin hansı zərbələr yaradacağını təsəvvür etməməsi idi.

O, təkdirmi, ya təmsil etdiyi qurum, arxasında dayanan komanda varmı? “Komanda” bilirdimi ki, o, ölkədən kənarda Azərbaycan jurnalistikasının təmsilçisinə çevrilir? Onlar anlayırmı ki, bu şəxsin savadı, biliyi və intellekti o məsuliyyəti daşımaq imkanında deyil?

Yəni bir jurnalistin o yerdə iştirakı və təmsilçiliyinin “görünməyən tərəfləri” də var və bu “tərəflərə görə” də ordakı jurnalistin artıq bütövlükdə ölkə mediasını təmsil etdiyi haqda hər kəsdə haqlı bir rəy yaranır.

Azərbaycan mediasını istehza hədəfinə çevirdiklərinə görə azacıq da olsa narahatdırlarmı?
Problem ondadır ki, bu hal yalnız “Xəyal Əzizov” ad-soyadı ilə bitmir: ümumilikdə mətbuat konfranslarında Azərbaycan mediasının təmsilçilərinin sualları savadlı olanda belə jurnalistika baxımından qeyri-peşəkar ifadə edilir və qürurlandırmır, utandırır.

Yəqin ki, bunu müşahidə edən tək mən deyiləm. Və bunun belə olmaması lazım gəldiyini düşünən də tək mən deyiləm...

Didəm
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar