Azərbaycanda mal ətinin qiymətində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin oktyabrında sümüksüz mal ətinin orta qiyməti 21,57 manat, sümüklü mal ətinin qiyməti isə 17,88 manat olub. Ötən ilin eyni ayı ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 2,27 və 1,94 manat artıb. Paytaxtda aparılan bazar araşdırmaları da qiymətlərin kifayət qədər yüksək olduğunu göstərir. Bakıda sümüklü dana ətinin kiloqramı 17–19 manata, sümüksüz ət isə 21–23 manata təklif olunur. Ətin bəzi hissələrində qiymət daha yüksəkdir. Belə ki, dana can ətinin kiloqramı 37–40 manata çatır. Regionlarda da bahalaşma müşahidə olunur. Ət gündəlik istehlak məhsullarından biri olsa da, qiymət artımı artıq bir çox ailənin büdcəsinə təsir edir.
Mal ətinin bahalaşmasının əsas səbəbi nədir? Ölkədə heyvandarlığın mövcud vəziyyəti daxili tələbatı ödəməyə kifayət edirmi? Qiymət artımı davam edəcək, yoxsa bazarda sabitləşmə gözlənilir?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova bahalaşmanın əsas səbəbləri istehsal xərclərinin və yem bazarında qiymətlərin yüksəlməsi olduğunu bildirib.
“Digər tərəfdən, heyvandarlıqda məhsuldarlığın aşağı olması daxili bazarda təklifin tələbatı tam qarşılamamasına gətirib çıxarır. İdxaldan asılılıq və logistika xərcləri də qiymətlərə əlavə təzyiq göstərir. Mövcud vəziyyət göstərir ki, ölkənin heyvandarlıq potensialı daxili tələbatı tam və optimal qiymətlə təmin etmək üçün kifayət qədər səmərəli istifadə olunmur”.
İqtisadçı bildirib ki, xüsusilə yem bazasının zəifliyi, damazlıq heyvandarlığın inkişafı və fermerlərin istehsal xərcləri əsas problemlər sırasındadır:
“Qısamüddətli dövrdə qiymətlərin ciddi şəkildə aşağı düşməsi gözlənilmir. Əksinə, istehsal və təchizat xərcləri yüksək olaraq qalarsa, bahalaşma davam edə bilər. Bazarın sabitləşməsi üçün yerli istehsalın artırılması, yem təminatının yaxşılaşdırılması və heyvandarlığa sistemli dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir”.