Ru
13:37 / 12 Avqust 2024

Gəncə və Göygöldə kütləvi zəhərlənmə: səbəb nədir? - Açıqlama

5496
Son vaxtlar ölkədə qidadan kütləvi zəhərlənmə halları artıb. Ötən gün Göygöl rayon Toğanalı kəndində yerləşən restoranların birində zəhərlənmə halı qeydə alınıb. Burada 20 nəfər qidadan zəhərlənib. Eyni gündə Gəncədə də kütləvi zəhərlənmə olub. Yas mərasimində iştirak edən 100-dən artıq adam qidadan zəhərlənib. Xəstələrin bəziləri Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdirilib.



Məsələ ilə bağlı Bakupost.az -a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, yay aylarında zəhərlənmə hallarının əsas səbəblərindən biri sanitar-gigiyena qaydalarına əməl edilməməsidir. Bu aylarda ictimai-iaşə obyektlərində və istirahət mərkəzlərində qida seçərkən xüsusilə diqqətli olmaq lazımdır. Təəssüf ki, bəzi istirahət mərkəzlərində və digər ictimai-iaşə obyektlərində qidalara düzgün şəkildə nəzarət olunmur. Bu halda isə zəhərlənmələrin baş verməsi qaçılmazdır:

“Ət, toyuq və süd məhsulları yüksək risk qrupuna aiddir. Bu məhsullar soyuducuda saxlanılmalıdır. Yalnız istifadə olunan zaman soyuducudan çıxarılmalıdır: Ət və digər heyvan mənşəli qidalardan insan orqanizminə bakteriya, virus keçə bilər".

Mütəxəssis bildirib ki, yeməklərin bişirildikdən dərhal sonra yeyilməsi məsləhətdir:

"Yay aylarında temperatur yüksək olduğu üçün otaq şəraitində 1 saatdan artıq qaldıqda tərkibində kimyəvi, fiziki, bioloji, mikrobioloji çirklənmələr baş verir. Bu da qida zəhərlənməsinə səbəb olur. Yüksək risk qrupuna aid olan ət məhsulları da açıq havada uzun müddət qaldıqda zərərli ola bilər. Əgər dondurulubsa, donu açıldıqdan sonra bir dəfə bişirmək lazımdır. Meyvə-tərəvəzləri zərərvericilərdən qorumaq üçün istifadə olunan pertisidlər də zəhərlənməyə səbəb ola bilər. Meyvə-tərəvəz yuyulmadan qəbul edildikdə təhlükə artır”.

M.Hüseynova qeyd edib ki, zəhərlənmə özünü müxtəlif cür büruzə verir. İmmun sistemi zəif olan insanlarda mədədə ağrı, ishal, qusma, bəzən yüksək bədən hərarəti, görmənin zəifləməsi kimi hallar müşahidə olunur. Vaxtında müdaxilə olunmasa, zəhərlənmə ölümlə də nəticələnə bilir.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar