Amerikalı aktyor, məşhur Hollivud ulduzu Piter Qrin (Peter Greene) 60 yaşında Nyu Yorkdakı mənzilində dünyasını dəyişib.
Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, aktyor dekabrın 12 də “Lower East Side” məhəlləsində yerləşən mənzilində tərpənməz halda tapılıb. Hadisə yerində onun öldüyü məlum olub. Məlumatı aktyorun meneceri təsdiqləyib. Polis meyitin üzərində şübhəli əlamətlər olmadığını açıqlayıb. Ölüm səbəbi tibbi ekspertin rəyindən sonra müəyyənləşdiriləcək.
Piter Qrin 1990 cı illərdə kino tarixində yadda qalan rollarla tanınıb. O, Quentin Tarantinonun “Qeyri-adi hekayələr” (“Pulp Fiction”) filmində Zed xarakterini və Cim Carreynin baş rolunu oynadığı “Maska” (“The Mask”) filmində mənfi qəhrəman Dorian Tayrell obrazını canlandırıb. Bundan əlavə, o, “Adi şübhəlilər” (“The Usual Suspects”), “Təlim günü” (“Training Day”) və “Mavi iz” (“Blue Streak”) kimi filmlərdə də çəkilib.
Aktyoru peşəkar və yaxın dost kimi xarakterizə edən menecer sənətkarın itkisini dərin kədər hissi ilə qarşıladıqlarını bildirib. Piter Qrin qaranlıq obrazları canlandırsa da, şəxsi həyatda yaxın ətrafı tərəfindən səmimi və mehriban insan kimi xatırlanırdı.
Cavid, BakuPost