Ru
13:51 / 30 Dekabr 2021

Hulusi Akarla görüşdən qayıdan şəhid atası: “Dövlətimizdən yalnız bir istəyim var” - MÜSAHİBƏ - VİDEO

18238
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Türkiyəyə səfər edən şəhid Valeh Məmiyevin ailə üzvləri Bakıya döndükdən sonra Bakupost.az -ın qonağı olublar və müsahibə veriblər.


Xatırladaq ki, Vətən Müharibəsindən əvvəl Azərbaycan-Türkiyə birgə təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə qardaş Türkiyənin milli müdafiə naziri Valeh Məmiyevi qiymətli hədiyyə ilə şəxsən mükafatlandırıb və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə ona uğurlar arzulayıb. Valeh Hulusi Akara söz verib ki, birgə təlimlərdə qazandığı uğurları döyüş meydanında təkrarlayacaq və bu yüksək etimadı Vətənə xidməti ilə doğruldacaq, son damla qanınadək vuruşaraq düşmən üzərində qələbə çalacaq. Baş leytenant Valeh Məmiyev Vətən Müharibəsində şəhid olandan sonra Hulusi Akar onun ailə üzvləri ilə danışıb və onları Türkiyəyə dəvət edib. Dekabrın 22-də Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsinin üzvləri ilə görüşüb.

Valeh İsbat oğlu Məmiyev 27 mart 1994-cü ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub. Zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb. Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə yüksəlib.



Vətən Müharibəsi başlayan gündən döyüşlərə qatılıb və Oktyabrın 20-də ağır yaralanıb, bir neçə gün sonra isə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının tank bölüyünə rəhbərlik edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Valeh Məmiyev ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.



Müsahibəni təqdim edirik:

- İsbat bəy, Türkiyə - Hulusi Akarla görüşə kiminlə getmişdiz?

- Anası, bir oğlum və nəvəmlə getmişdik.

- Nə vaxt dəvət almışdız Türkiyəyə? Orada sizi kim qarşıladı?

- Vətən Müharibəsi başlamazdan əvvəl oğlum türk qardaşlarımız ilə birlikdə təlimlərdə iştirak etmişdi. Həmin təlimdə Türkiyənin Müdafiə Naziri Hulusi Akar da iştirak edirmiş. Təlim bitəndən sonra mükafatlandırma mərasimində oğluma da şəxsi mükafatlar vermişdi. Həmin mükafatlar saat, kəmər, pul qabı və suvenir tapança idi. Ötən il sentyabrın 27-də Vətən Müharibəsi başladı və oğlum da peşəkar hərbçi kimi müharibəyə qatıldı. Sentyabrın 27-dən Füzuli-Cəbrayıl-Qubadlı-Zəngilanın azad olunmasında böyük payı var. Baş leytenant, tank bölük komandirii idi. Oktyabrın 20-də oğlum yaralanır və onu xəstəxanaya gətirirlər. Həmin vaxt cibindən Hülusi Akar bəylə birgə şəklini çıxardıb yoldaşlarına verir ki, bu şəkli generalıma çatdırsınlar: “Deyin ki, mən söz vermişdim və sözümün üstündə də durdum”. Şəhid olandan sonra Hulusi Akar evimizə telefon zəngi etdi. Mənimlə, yoldaşımla və ailə üzvlərinin hamısı ilə danışdı. Həmin vaxt bizi Türkiyəyə dəvət etdi. Hətta evimizə, yəni Yardımlı rayonun Kürəkçi kəndinə məktub göndərmişdi. Ötən il alınmadı, qismət bu il idi. Hülusi Akarın dəvəti ilə dekabrın 22-də Türkiyəyə getdik. Orada hava limanında bizi yüksək rütbəli hərbçilər qarşıladılar. Bizim üçün xüsusi maşın ayırmışdılar. Özləri də bizimlə bərabər hardasa 1 saat yol getdik. Türkiyənin Müdafiə Nazirliyinə gələn bütün qonaqların qarşılandığı Qazi Ordu Evi adlı otelə gətrdilər. Gözlədiyimdən artıq bizə qulluq etdilər. Yeməklər, digər bütün xidmətlər və Ankaranı gəzməyimiz onların hesabına oldu. Bizi lazımı yerlərə aparmaq üçün Hulusi bəy üç hərbçi ayırmışdı. Gecə oteldə qaldıq və səhər bizi Türkiyənin qurucusu Mustafa Kamal Atatürk paşanın qəbrini ziyarət etməyə apardılar. Həqiqətən çox möhtəşəm idi. Saat 12-də bizi Müdafiə Nazirliyinin iqamətgahına Hulusi Akar bəylə görüşə getdik. Orada bizdən əlavə Türkiyədə oxuyan uşaqlar da var idi. Onlardan ikisinin atası şəhid olmuşdu, biri isə qazi idi. Onlar universitet tələbələri idi və Türkiyədə oxuyurdular. Bir az keçəndən sonra Azərbaycanın Türkiyədə olan səfirimiz də bizim yanımıza gəldi. Daha sonra Hulusi Akar gəldi və bizi çox gözəl qarşıladı. Azərbaycan-Türkiyə qardaşlığından, birliyindən, həmrəyliyindən söhbətlər etdi. Daha sonra özü oğlum Məmiyev Valehdən bəhs etdi. Müəyyən vaxt keçməsinə baxmayaraq Valeh onun qəlbində hələ də yaşayır. Hulusi bəy oğluma böyük qiymət verib, türk dünyasında tanıtdırıb. Hulusi bəy vəziyyətimizlə maraqlandı. Bildirdi ki, valideyn üçün övlad itkisi ağır bir dərtdir. Dedi ki, böyük stressdən keçdiz. İnşallah hər şey bundan sonra yaxşı olar.



Orada görüş bitəndən sonra Türkiyənin ən böyük hərbi məktəbi ilə tanış etməyə apardılar. Orada da məktəbin rəisi polkovnik bizi qarşıladı, həyətdə xatirə şəkli çəkdik. Orada oxuyan azərbaycanlı hərbiçilər var idi və onları da dəvət etmişdilər. Həmin məktəbin yaranmasından bu günə qədər olan bütün fəaliyyətini bizə izah etdilər. Həmin məktəb 1936-cı ildə həmin məktəb tikilib. Əvvəl balaca olub, amma indi onun ərazisi bəlkə də 50 hektardır. Daha sonra idman atlarının saxlandığı yerə bizi apardılar. Soruşduq ki, hərbi məktəbdə atlar nəyə lazımdır? Dedilər, bizdə elə yerlər var ki, maşınlar getmir, ona görə biz atlardan istifadə edirik.
Növbəti gün bizi Türkiyənin ən böyük kitabxanasına apardılar. Kitabxananı bizi gəzdirdilər. Dünyada analoqu olmayan bir kitabxana idi. Oradan da bizi Osmanlı dövründə yaranan Ankara ilə indiki Ankaraya qədər olan bir muzeyə apardılar. Ora daxil olanda anamın kənd yerində gördüyü işlər ağlıma gəldi. Anam yun didərdi, kilim toxuyardı. Bunların hamısını mən orada gördüm. Deməli, biz eyni mədəniyyətə malikik, damarlarımızda türk qanı axır. Biz bir millət, iki dövlətik. Türkiyədə 3 gün qaldıq. Axırıncı gün də Ankarının ən görməli yerləri ilə bizi tanış etdilər. Sonra bizi hava limanına gətirdilər və oradan çox gözəl formada yola saldılar.

- Bakıya gələndən sonra bu səfərinizlə bağlı kimsə maraqlandımı?

- Hələ ki heç kim maraqlanmayıb.

- Valehi tanıyanların hamısı onun böyük qəhrəmanlıqlar etdiyini bildirir... Sizdə onun döyüş yolu ilə bağlı hansı məlumatlar var?

- Valeh torpağı, Vətəni anadan-atadan da üstün tuturdu. Vətən, bayraq sevgisi onu irəliyə aparıb. Müharibə başlayan gündən ancaq qabaqda olub. Oğlum tankçı idi. Tank döyüşə girib-çıxandan sonra, salamat qalanı qayıdır dincəlir və ikinci partiya yenidən döyüşə gedir. Ancaq oğlum heç vaxt arxaya qayıtmayıb. Komandirinin bildirdiyinə görə o ancaq deyirdi ki, yanacaq və hərbi sursat göndərin. Bələcə qəhrəmancasına, ölümü gözünə alaraq döyüşürdü. Qubadlı-Laçın dəhlizi istiqamətində gedən döyüşlərdə ağır yaralandığı üçün onu Bakıya gətirirlər. Bakıya gələndən sonra yanına getdim, gördüm oğlumu.

- Siz görəndə vəziyyəti necə idi?

- Komadaydı. Sifətində, qollarında, ayaqlarında yanıqları vardı.

- Yaralanandan sonra nə qədər sağ qaldı?

- Yaralandığı yerdən onu gec götürmüşdülər. Bakıda isə onu yanıq xəstəxanasına aparmışdılar. Orada onun yanıqlarını müalicə etmişdilər. Amma daxili orqanlarını müalicə etmək lazım idi. Biz biləndən sonra onu Hərbi Hospitala götürdülər. Orada da dedilər ki, bu, çox yubanıb. Komada, tənəffüs aparatı altında idi. Qisməti belə oldu. Sonda oktyabrın 23-də şəhidlik zirvəsinə ucaldı.



- Bildiyimizə görə rayonda şəhidimizin abidəsi çox gözəl düzəldilib…

- Dövlətimiz onun məzar daşını qoyub. Sağ olsunlar. Amma qalan bütün işi özüm etmişəm. Məzarının üstünü tikmişəm, aynabənd salmışam, içinin pərdəsi, yerinin xalçasına qədər... Ora onun əbədi evidir. Subay idi. Onun toyunu edib, evini tikmək mənə qismət olmadı. Allah alnıma belə yazıbmış. Ona görə də məzarını ev kimi tikdim. Hətta kəndimizdə onun adına Şəhidlər Bulağı da tikmişəm. Kəndimizin Birinci Qarabağ müharibəsindən 2 şəhidi, İkinci Qarabağ müharibəsindən isə 4 şəhidi oldu. Onların 6-nın da şəklini o bulağın yanında vurdurmuşam. Onu da özüm etmişəm.

- İndi hamını şəhid valideynilərinin, ailə üzvlərinin səhhəti narahat edir. Çox vaxt özlərinə, səhhətlərinə fikir vermirlər...

- Mən hələ ki, yaxşıyam, dözürəm, səhhətimdə heç bir problem yoxdu. Amma ürəyim əbədi yaralıdır. Onu heç bir şeylə düzəltmək olmaz.

Hələ bir az yaşamaq istəyirəm, oğlumla bağlı yarımçıq işlərim var...

- Nə kimi?

- Oğlumun döyüş yolu araşdırılmalıdı və əbədiləşdirilmılidir. Mən dövlətdən nə pul, nə də başqa bir şey istəmirəm. Şükür Allaha ehtiyacım da yoxdur. Özüm də işləyirəm, pensiya da alıram. Oğlum da yaxşı işdə işləyir. Dövlətdən onu istəyirəm ki, oğlumun keçdiyi döyüş yolu araşdırılsın və ona layiqli qiymət verilsin. Başqa heç nə istəmirəm.


- İşğaldan azad olunmuş torpaqlara getmisinizmi?

- Yox, heç getməmişəm. Sözün düzü çox istərdim gedim. Oğlumun yaralandığı yeri görsəydim pis olmazdı. Heç olmasa oranın torpağında götürüb oğlumun məzarının üstünə səpərdim. Amma bu barədə müraciət etməmişəm. Qubadlı-Laçın dəhlizində minalanmış ərazilər çox var. Hər gün televizorda eşidirəm ki, adamlar gedirlər, bəzən dövlətimizə əlavə problemlər yaradırlar.
İnşaallah minalardan tam təmizlənəndən sonra, gedəcəm.



- Şəhid olandan sonra oğlunuzu heç yuxuda görmüsüz?

- Heç vaxt yuxuma girməyib. Amma iki dəfə anasının yuxusuna girib. Çox istərdim ki, yuxuma gəlsin... (Kövrəlir)







F. Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Mubariz Eynullayev

    Allah bütün şəhidlərimizə rəhmət eləsin.Onların Ata və Anaları qarşısında baş əyirəm.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər