Ru
16:59 / 13 Mart 2023

İranın təhdidləri artır: Azərbaycan hansı vasitələrə əl atacaq? - Şərh

3086
"İranın bölgədəki yeni reallığı və Azərbaycanın imkanlarını düzgün dəyərləndirilməməsi böyük strateji səhvdir".




Bunu Bakupost.az -a açıqlamasında politoloq Zaur İbrahimli İranın hərbi təyyarəsinin Azərbaycan sərhədini pozmasına münasibət bildirərkən deyib.


Onun fikirncə, İran vəziyyəti obyektiv təhlil edərək, Azərbaycanla yeni şərtlər üzərindən qarşılıqlı, faydalı əməkdaşlıq modeli seçmək əvəzinə, fars millətçiliyi və pəhləvi paniranizmi kontekstində formalaşdırılmış dini doktrindan qaynaqlanan düşmənçiliyi davam etdirir.

Politoloq qeyd edib ki, 44 günlük müharibədəki qələbəmiz regionda yeni siyasi reallıqlar yaratmaqla Azərbaycanın mövqelərini gücləndirib:


"Həmçinin, Türkiyənin bölgədə fəal rol alması ilə geosiyasi qüvvələr nisbətində əhəmiyyətli dəyişiklik yarandı. Beləliklə, Azərbaycan İranla 132 kilometr dövlət sərhəddini bərpa etdi. Eyni zamanda işğal edilmiş ərazilərimiz üzərindən İranın Ermənsitanla narkotik və silah ticarətinə son qoyuldu. Rəsmi Bakının İsraillə əlaqələri daha da inkişaf etdi. Bundan başqa, Azərbaycanın əsas təşəbbüskarlarından biri olduğu Türk Dövlətlər Təşkilatı yeni formatda təşkilatlandı, regional kommunikasiyaların inkişafı üçün yeni şərtlər yarandı və ölkəmiz Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol aldı. Xüsusən Zəngəzur dəhlizinin açılması regiondakı siyasi proseslərin əsas məsələlərindən biri kimi gündəlikdə qaldı. İranın Ermənistana fəal dəstək verməklə Azərbaycana təsir göstərmək siyasəti isə iflasa uğradı. İranın ölkəmizdəki ideoloji təxribat dəstələri, casus şəbəkələri ifşa edildi. Azərbaycanın regional kommunikasiyaların açılması ilə bağlı təşəbbüsü Rusiya tərəfindən dəstəkləndi. Bütün bunlar İranın regionda mövqelərini əhəmiyyətli dərəcədə zəiflətdi".

Zaur İbrahimlinin sözlərinə görə, İranın ideoloji təxribat və casus şəbəkələri ilə proseslərə müdaxilə imkanları azaldığı üçün qonşu ölkə artıq terror aktlarına, hərbi təxribatlara əl atır:


“Azərbaycan indiki mərhələdə İranın təxribatları nəticəsində yaranan gərginliyi siyasi-diplomatik yolla həll etməyə çalışır. Bu istiqamətdə müxtəlif vasitəçilik səylərinə müsbət yanaşır. Bununla belə bu cür təxribatçı addımlar davam edərsə, İranın düşmən mövqeyindən geri çəkilməsi üçün siyasi-hüqüqi imkanlar tezliklə tükənəcək. Bu halda Azərbaycan bütün mümkün vasitələrdən istifadə etməklə təhdidlərin qarşısını almağa məcbur qalacaq. Azərbaycan dünyadakı mürəkkəb şəraiti, Ermənistanla davam edən sülh danışıqlarını nəzərə alaraq, İrana qarşı mümkün təsir imkanlarına əl atmağa tələsmir. Lakin, İranın təxribatlarının davamlı olması və getdikcə daha nümayişkəranə forma alması Azərbaycanın təmkinli münasibətinə son verilməsi ilə nəticələnəcək”.


Qeyd edək ki, şənbə günü İrana məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.Təxribatla əlaqədar İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər