Ru
14:32 / 29 İyul 2023

İrəvanın “humanitar yardım” oyunu: "Yüklər ya geri qaytarılacaq, ya da..." - TƏHLİL

23469
Xəbər verdiyimiz kimi, iyulun 26-sı axşam saatlarında Ermənistan guya Qarabağın bir hissəsində məskunlaşan ermənilərin “qida ehtiyacını” ödəmək üçün 400 ton "humanitar yük"ün olduğu 19 ağırtonnajlı yuk avtomobilini (TIR) Azərbaycanla şərti dövlət sərhədinə göndərib. Lakin Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsindən onların keçidinə icazə vermir. Hazırda 19 yük maşını Kornidzorda dayanaraq Qarabağa daxil olmaq üçün Azərbaycan tərəfindən cavab gözləyir.


Azərbaycanla razılaşdırılmadan və heç bir zərurət olmadan təşkil edilən bu kampaniya əslində şoudur və beynəlxalq ictimaiyyəti çaşdırmağa, ölkəmiz əleyhinə təbliğata yönəlib.

Qeyd edək ki, ötən gün Ermənistanda akkreditasiya olunan Serbiya, İsveçrə, Böyük Britaniya, Belarus, İran, Bolqarıstan, Rusiya, ABŞ, Litva, Polşa, İraq, Ukrayna, Fransa, Hindistan, Rumıniya, İtaliya, İspaniyanın səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan-Ermənistan sərhəddinə gəliblər. Onları Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan, həmçinin Sünik vilayətinin qubernatoru Robert Qukasyan müşayiət ediblər. Onlar diplomatlara sərhədi və Qarabağa "humanitar yardım" daşıyan avtomobillərin yolda qaldığını göstəriblər.

Rəsmi Bakı Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklif irəli sürüb. Bu təklifi Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də dəstəkləyib. Əgər söhbət doğurdan da humanitar təminatdan gedirsə, onda buna etiraz edilməməli idi.





Ermənilərin bu yoldan istifadə etməkdən imtinası isə siyasi spekulyasiya olmaqla yanaşı, rasist yanaşmanın göstəricisidir. Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyəti Ermənistan ərazisindən gələn məhsulların keyfiyyətindən heç də pis olmayacaq, əksinə daha yaxşı olacaq. Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik baxımdan daha sərfəlidir. Belə ki, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir. Digər tərəfdən, Ermənistanda ƏDV-si ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilməli və İrəvan bundan niyə qazanmalıdır?

Əlbəttə ki, ermənilərin heç bir normal arqumenti yoxdur. Arqument yoxdursa, öz xislətlərinə uyğun olaraq, şou yaradıb, sonra təxribata əl atmağa çalışırlar. Amma Prezidentin köməkçisi Hikmət Hacıyevin dediyi kimi, başqa yol yoxdur, oyun bitdi.

Əgər beynəlxalq oyunçular həqiqətən regionda sülhün, təhlükəsizliyin bərqərar olmasını istəyirlərsə, vasitəçilik səylərində səmimidirlərsə, o zaman Azərbaycanın yanında olub, Ermənistana çağırış etməlidirlər.

Azərbaycan dəfələrlə Qarabağdakı erməni icmasının istənilən ehtiyacını Ağdam-Xankəndi marşrutu ilə təmin edə biləcəyini ifadə etsə də, erməni separatçılar bu təklifdən imtina ediblər. Bu isə bir daha təsdiqləyir ki, Qarabağın bir hissəsində məskunlaşan erməni icması ərzaq baxımından heç bir çətinlik çəkmir, məqsəd siyasidir və Azərbaycanın ərazi bütövlüyünə qəsddir.





Politoloq Elxan Şahinoğlu deyir ki, bu, ermənilərin növbəti hiyləsidir. Onlar fikirləşir ki. yüklər günlərlə sərhəddə ilişib qalsa, böyük dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqi artacaq və rəsmi Bakı yüklərin Laçından keçidinə icazə vermək məcburiyyətində qalacaq:


“Haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər. Bütün hallarda ermənilərin iki yolu var. Yüklər günlərlə sərhəddə qaldıqdan sonra ya geri qaytarılacaq, ya da Ağdam variantına razılaşmaq məcburiyyətində qalacaqlar. Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası yüklərin Ağdam üzərindən çatdırılmasına etiraz etməz. Məqsəd Qarabağ ermənilərinə yüklərin çatdırılmasıdırsa, İrəvan üçün yolun fərqi olmamalıdır. Radikal erməni qüvvələri hesab edirlər ki, yüklər Ağdam ərazisindən çatdırılsa, bu, İrəvanın və Qarabağ ermənilərinin faktiki Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamına gələcək. Eyni zamanda onlar Laçın yolunun “dəhliz” statusunun ortadan qaldırılmasıyla barışacaqlar”.





Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü nəzərə almadan özünün maşın karvanını Azərbaycan ərazisinə yeritmək istəyir. Dünyanın heç bir ölkəsi belə bir vəziyyətə razı olmaz:


"Bu prosesi müşahidə edən Avropa İttifaqının nümayəndələrinin ölkələrində belə bir hal olsa, onlar necə davranar, buna necə cavab verərdilər? Azərbaycan açıq qapı siyasəti yürüdürək öz ərazisinə mənşəyi, məqsədi məlum olmayan yüklər buraxa bilməz. Laçın sərhəd-buraxılış məntəqəsi var. Qarabağda yaşayan erməni əsilli sakinlər buradan sərbəst şəkildə gedib-gələ bilirlər. Digər tərəfdən, Azərbaycan Ağdam-Əsgəran yolunu həmin bölgənin istənilən ehtiyacını ödəmək üçün təklif edib. Amma bunun qarşılığında separatçılar həmin yola beton bloklar yerləşdiriblər. Bütün dünyaya guya onların blokadada olması haqqında hay-küy salırlar. Blokadada olanlar yolu necə kəsir, onlara təklif edən yardımdan necə imtina edirlər? Harada görünüb ki, bir ölkə qonşu ölkəyə onun sərhəd keçid qaydalarını nəzərə almadan böyük bir yük karvanı göndərsin? Fakt odur ki, Ermənistan ikili siyasət yürüdür. O guya bir tərəfdən danışıqlar aparır, digər tərəfdən isə vaxtaşırı Azərbaycana qarşı hərbi-siyasi təxribat törədir. Ona görə də erməni tərəfinin hümanitar yardım adı altında etdiyi bu təxribat da mənasızdır”.





Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun dediyinə görə, hazırda Ermənistandan Laçın istiqamətinə gələn yardım karvanı ilə bağlı yanaşmalar fərqlidir. Ola bilsin ki, onlara bu karvanı digər yollarla müşayiət edib Xankəndiyə çatdırmaq təklif edilib. Bu təklifə onların "hə" və ya "yox" cavabı artıq məntiqsiz görünür. Çünki onlara deyilir ki, yardım etmək istəyirsinizsə, bunu biz dediyimiz kimi edəcəksiniz:


“Azərbaycan təklif edib ki, bu karvanı polis maşınlarının müşayiəti ilə öz bildiyi marşrutla aparmağı təmin edə bilər. Amma ümumilikdə Azərbaycan tərəfindən hər hansı yardımın olub-olmaması məsələsi gündəmdə deyil. Bu, təminat ola bilər. Çünki yol açıqdır. Qarabağda olan ermənilər bundan öncə hansı malları alırdısa, o malları Azərbaycanın təmin etdiyi yollarla ala bilərlər. Amma hər yerdə olduğu kimi Xankəndində bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq alış-veriş olmalıdır. Bu da Azərbaycan manatı ilə həyata keçirilə bilər. Yəni təminat bu şəkildə qurula bilər. Çünki Azərbaycanın digər rayonlarında olduğu kimi Xankəndində də eyni qaydalar mövcud ola bilər. Bura Azərbaycan ərazisidir. Fakt bu gün Azərbaycan Ermənistandan gələn karvanı Laçın yolundan yox, öz bildiyi, özünün müşayiəti və nəzarəti ilə istənilən ünvana çatdırmağa hazır olduğunu deyir. Azərbaycan bununla da öz ərazisində bütün hərəkətləri və vəziyyəti idarə etdiyini bəyan edir. Ona görə də burada hansısa teatr tamaşası qurmağa ehtiyac




Millət vəkili Elman Məmmədov hesab edir ki, Ermənistandan Azərbaycan ərazisinə göndərilən “humanitar yardım” karvanı əslində növbəti təxribatdır:

“Ermənistanın bu cür saymazyana hərəkəti Azərbaycana qarşı təxribat olmaqla yanaşı, bizim ərazi bütövlüyümüz və suverenliyimizin pozulmasına edilən cəhddir. Avropa İttifaqının Ermənistan ərazisində olan, özünü sülhsevər kimi qələmə verən missiyası da həmin o təxribat karvanı ilə bərabər Azərbaycanla sərhədə gəlmişdi. Onlar karvandan qabaq özlərini ora çatdırmışdılar. Bütün bunlar isə bu oyunun əvvəlcədən hazırlanmış bir plan olduğunu bir daha təsdiqləyir”.

Sevinc
BakuPost



Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar