Bakıda fəaliyyət göstərən “La Mia Colazione” kafelər şəbəkəsinin Crescent Mall filialında qida ilə bağlı narazılıq yaranıb. Belə ki, kafenin daimi müştərilərindən biri aldığı şirniyyatın içindən tük çıxdığını iddia edib.
Bakupost.az xəbər verir ki, vətəndaş bu barədə sosial şəbəkədə paylaşım edərək məlumat yayıb.
Müştərinin sözlərinə görə, hadisədən dərhal sonra bunu kafenin əməkdaşına bildirsə də, işçinin reaksiyası onu daha da narazı salıb:
“LA MIA COLAZIONE - Crescent Mall filialı.Şəkildən də göründüyü kimi, şirniyyatın içindən tük çıxdı. Hətta dartaraq bir hissəsini çıxarmışam. Bu barədə xidmət göstərən əməkdaşa da məlumat verdim, lakin "bizdə hamı papaqla işləyir" deyərək, çox qəribə formada məni günahkar çıxardı. Ən azından üzrxahlıq edilməli idi.”
Vətəndaş məsələ ilə bağlı artıq Qida Təhlükəsizliyi Agentliyinə də müraciət etdiyini bildirib:
“Daimi həvəslə getdiyim yer barədə təəssüf ki, bu dəfə mənfi fikrimi bildirməli oluram.Bura yazmazdan əvvəl məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə də məlumat vermişəm. Ümid edirəm ki, lazımi tədbirlər görüləcək.” – deyə müştəri bildirib.
Məsələ ilə bağlı “La Mia Colazione” ilə əlaqə saxladıq. Kafenin baş administratoru Xanım Nəsirova
Bakupost.az -a bildirdi ki, belə hal baş verən kimi dərhal həmin yemək dəyişdirilir və hesabdan çıxarılır:
“Əslində, bəlkə də belə bir şey ola bilərdi. Şəhərdə elə bir restoran yoxdur ki, yeməklərdən nəsə çıxmasın. İşdir də, olub da. Amma bunun təmizliklə heç bir əlaqəsi yoxdur. Bizdə 2 həftədən bir dezinfeksiya aparılır. Nə bilim, bəlkə hardansa gəlib düşüb. Amma mən inanmıram ki, belə bir şey olsun. Bizdə belə hallar baş verərsə, həmin dəqiqə yeməyi dəyişirik, dərhal hesabdan çıxarırıq. Axı biz də insanıq, başa düşürük, özümüz də restoranlarda müştəri oluruq. Həmin dəqiqə dəyişdirərdik. Elə bir şey ola bilməz biz deyək ki, “Pah! Belə olmalıdır, əcəb etdik, tük çıxdı!” Bu, gülməlidir axı.”
Lalə,
BakuPost
*La Mia Colazione*, Crescent sözləri hansı dildədir və onlar nə xəbərdə, gümanki digər heç bir yerdə də yoxdur. Qapalı olmayan müəssisə və xidmət sahələrində Azərbaycan dövlət dili qanunla mütləq qaydada (obyektlərin öz qazancları və müştəriləri naminə) və digər lazım bildikləri dildə rəsmi iş şərtləri sənədlərində izahları ilə verilməlidir. Cərimələnsələr, diqqət yetirərlər. Bir sıra hallarda belə hadisələr firmanın tələblərini bilməmək səbəbli də olur? Dəmir yolu voğzalı xəstəxanasının Baş həkimı, Vətən müharibəsi iştirakçısı papağı (kolpakı) altından bircə teli-saçı çıxıb sallanan işçini *düzlənənə qədər* işə buraxmazdı? Bütöv həyətdə səhər saat 8 dən axşam 17yə bircə kənar əşya, element olmazdı? Sadəcə-Gigiyena!