Ru
16:45 / 03 Aprel 2024

Milli Qəhrəmanın atasından təsirli sözlər

2377
“Bu ağrı ömrümüzün sonuna qədər bizimlə gedəcək. Elə bir yükdür ki, nə qədər həyatdayıq bunu çəkməliyik. İndi təsəlli yerimiz nəvələrimdir”.

Bunu Bakupost.az -a açıqlamasında 2016-cı il aprel döyüşlərində şəhid olan Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev deyib.

Milli Qəhrəmanın atası torpaqlarımızın işğaldan azad edilməsinə görə sevindiyini bildirib:

“Oğlumun adının əbədiləşdirilməsiylə bağlı işlər görüldü, adına küçə verildi, özüm və camaatın köməyi ilə "Vətən şəhidləri" adlı bir xiyaban yaratdıq, Bakıda yaşadığı mənzilin binasına barelyefi vuruldu. Biz ancaq nəfəs alırıq. İlk övladın qız və oğlan olmasından asılı olmayaraq, valideyn üçün yeri, dadı başqa olur”.

T.Mirzəyev deyib ki, övladı 14 yaşından hərbi təhsil almağa başlayıb:

“Murad 14 yaşından bizdən ayrı yaşayıb. Bakıda hərbi məktəbdə təhsil almağa başladı, sonra Türkiyədə təhsil aldı. Bizə təsir edən odur ki, çox peşəkar hərbçi idi, kadr yetişdirəcəkdi. Amma şükürlər olsun ki, onun davamçıları Şuşaya girdilər. Təbii ki, hər bir zabitin, hərbçinin arzusu odur ki, qələbəni qeyd etsin, indi bunların da qisməti belə oldu. Hərb sənətini özü seçmişdi və peşəsinin vurğunu idi. Allah cəmi şəhidlərimizi rəhmət eləsin”.

Qeyd edək ki, Murad Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil aldıqdan sonra Türkiyəyə yollanıb və təhsilini orda davam etdirib. Bununla yanaşı o, Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada keçirilən hərbi təliblərdə iştirak edib. Murad Amerikada “ranger” kursunu bitirdikdən sonra vətənə qayıdaraq Gəncə şəhərində xidmətə başlayıb. Sonra isə Xüsusi Təyinatlı Qüvvələrin zabiti olub. Xidmətinin on ilində “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Sonra isə Xüsusi Təyinatlıların komandiri təyin edilib.
2016-cı il şanlı aprel döyüşləri zamanı komandiri olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Ölkə başçısının sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər