Ru
13:05 / 05 İyun 2024

“Nazirliyin laqeydliyinə təəccüblənirəm” - Vaqif Səmədoğlunun xanımı

3850
Bu gün Azərbaycanda “Şairlər günü” qeyd olunur. 1999-cu ildə UNESCO-nun 30-cü sessiyasında hər il martın 21-ni Dünya Poeziya Günü kimi qeyd etmək barədə qərar qəbul edilib. Azərbaycanda isə “Şairlər günü” iyunun 5-də, Mikayıl Müşfiqin anadan olduğu gün qeyd olunur. Bu gün həm də Xalq şairi Vaqif Səmədoğlunun da doğum günüdür.

Bakupost.az -a açıqlamasında Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu münasibətlə tədbir keçirəcəklərini bildirib.

O, tədbirin gün saat 17:00-da Səməd Vurğunun ev muzeyində baş tutacağını deyib:

"Buna görə başda Anar müəllim olmaqla, Azərbaycan Yazıçılar Birliyinə təşəkkür edirəm. Onların təşəbbüsüylə iyunun 28-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda Vaqif müəllimin yaradıcılıq gecəsi keçiriləcək”.


Nüşabə xanım Mədəniyyət Nazirliyinin diqqətsizliyindən də gileylənib:

“Vaqif müəllimin 80 illiyində Mədəniyyət Nazirliyi tərəfindən ümumiyyətlə, heç bir təşəbbüs olmadı. Mən şikayət etmirəm, amma sadəcə təəccüblənirəm. Bu nə biganəlikdir, bilmirəm. Bununla bağlı məktub da ünvanladım, amma heç bir cavab verilmədi. Vaqif Səmədoğlu artıq 10 ildir ki, həyatda yoxdur, amma bu kişinin barelyefi belə yoxdur. Hansı ki, beş il bundan qabaq mənə yüksək səviyyədə bunu söz vermişdilər. Amma təəssüflər olsun ki, beş il də keçdi. Beş il öncə Mədəniyyət Nazirliyi tərəfindən teatrlara deyilmişdi və Vaqif müəllimin əsərləri tamaşaya qoyulmuşdu, bu il heç o da yoxdur. Heç bir təklif də yoxdur ki, bəlkə hansısa kitabını çap edək. Beləmi münasibət olmalıdır? Bu, məni çox təəccübləndirir. Mədəniyyət Nazirliyinin səhifəsində bu gün Mikayıl Müşfiqin ad günü olduğu yazılıb, amma Vaqif Səmədoğlunun yox”.

Nüşabə xanım onlara diqqət göstərən telekanallara da təşəkkür edib:

"İctimai TV-yə və “Mədəniyyət” kanalına təşəkkür edirəm”.


N.Vəkilovanın iddiaları ilə bağlı Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovayla əlaqə saxladıq.

A.Kərimova Bakupost.az -a bildirdi ki, bu gün Mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin şöbə müdiri Akif Maarifli və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Vaqif Səmədoğlunun məzarını ziyarət ediblər. Eyni zamanda Vaqif Səmədoğlunun doğum günü ilə əlaqədar Nazirliyin Feysbuk səhifəsində paylaşıb edilib.







Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər