Ru
14:16 / 01 Aprel 2022

“Ondan güzgü, pul, bir də kağız qalıb… Ana kimi nəfəsimi kəsdi” - Şəhid anası ilə müsahibə

88212
Şəhidlik sözlərlə ifadə edilməyən uca bir zirvədir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək bu zirvəyə ucalan igidlərimiz isə adlarını Azərbaycanın tarixinə silinməz hərflərlə yazdılar. Torpaq əgər uğrunda ölən varsa, Vətəndir! Vətənini qorumaq, torpaqlarımızı işğaldan azad etmək üçün qəhrəman oğullarımız canından-qanından keçdilər. Bu qəhrəmanlarımızdan biri də şəhid Rövşən Ramazanovdur.


Arayış:




Rövşən Qardaşxan oğlu Ramazanov 14 aprel 1995-ci ildə Astara rayonunun Burzubənd kəndində anadan olub. 2001-ci ildə Burzubənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Orta təhsilini başa vurduqdan sonra 2013-cü ilin iyul ayında hərbi xidmətə yollanıb. Hərbi xidməti dövründə PK silahının baş tuşlayıcısı olub. 2015-ci ilin yanvar ayında xidmətini başa vurub. Oktyabr ayının 9-da Vətən müharibəsinə könüllü yollanıb. Döyüş yolu Füzulidən başlayan Rövşən Cəbrayıl, Qubadlı, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yüksək qəhrəmanlıqla iştirak edib. Oktyabrın 27-də 14 nəfərlik qrupla Xocavəndin Qırmızı bazar istiqamətində Cütçü kəndi ərazisindəki yüksəkliyin azad edilməsi zamanı düşmən gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”, Xocavəndin, Cəbrayılın, Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.


Bakupost.az -ın əməkdaşı şəhid Rövşən Ramazanovun anası Gülnarə Ramazanova ilə həmsöhbət olub.


Şəhid anası bizi Rövşəndən geri qalan xatirələrin toplandığı otağa apardı. Elə söhbətimizə də burada başladıq...





- Gülnarə xanım, öncə oğlunuzun həyatından danışaq.

- Rövşən sakit, hamı ilə mehriban, işgüzar oğlan idi. Hər kəsin yanında xətri, hörməti vardı. Uşaqlıqdan Vətən sevgisi ilə böyümüşdü. Hətta şagird kimi də fərqli olub, məktəbin bütün tədbirlərində fəal iştirak edib, nümunəvi biri kimi həmişə seçilib. Balacalıqdan çox zəhmətkeş olub. Hər bir işdə onunla məsləhətləşirdik. Allaha qəlbən bağlı idi. Namazını heç vaxt gecikdirməzdi. 2016-cı ildə Aprel döyüşləri başlayanda könüllü olaraq adını yazdırmışdı. Sadəcə döyüşlər tez bitdiyi üçün gedə bilmədi. O gündən həyəcanlı idi və sanki müharibənin yenidən başlayacağını, şəhid olacağını hiss edirdi. “Mütləq müharibə olacaq, torpaqlarımzı azad edəcəyik... Şəhid olmaq hamıya nəsib olmur, mənə nəsib olacaq” deyirdi.


- Müharibəyə yollananda sizə sözü nə oldu?


- Müharibdən söhbət gedəndə Rövşən hər dəfə deyirdi ki, mən dayımın qisasını alacağam. Çünki dayısı Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Onu müharibəyə çağıran gün mətbəxdə yemək bişirirdim. Yeməyi yarımçıq qoyub onu yola salmağa getmək istəyirdim. Lakin mənə dedi ki, ana, sən yeməyini bişir. Atası çox kövrəlmişdi. Müharibəyə gedən gün çox sevincli, qürurlu idi. Geri qayıdacaqmış kimi heç birimizlə görüşmədi. Amma o gedən gündən heç bir tikə boğazımızdan rahatlıqla keçmirdi. Bir gözümüz yaşlı onun yolunu gözləyirdik. O gedən gündən gecələr də yatmırdım.






- Rövşənin döyüş yolu haradan başlayıb?

- Füzulidən. Bir çox tapşırıqların icrasını uğurla yerinə yetirib, düşmənin texnika və canlı qüvvəsini məhv edib. Daha sonra Cəbrayıl istiqamətində düşmənə ağır zərbələr vurub.


- Sonuncu dəfə sizinlə nə vaxt əlaqə saxlayıb?


- Axırıncı dəfə oktyabrın 26-da danışmışdıq. Həmin gün zəng edib hamı ilə danışdı. Bizə heç nə deməsə də, vəziyyətin gərgin olduğu və daha da irəliyə gedəcəyi ilə bağlı kürəkənimə deyib, halallıq istəyib. Ancaq oktyabrın 27-si yenidən kürəkənimlə danışıb, qabaqda olduqlarını, “əgər mənə zəng çatmasa, bilin ki, başıma nəsə gəlib” deyib. Heç vaxt harada olduğunu demirdi. Bircə onu deyirdi ki, ana, narahat olma.





- Rövşən hansı istiqamətdə gedən döyüşlərdə şəhid olub?

- Oktyabrın 27-də 14 nəfərlik qrupla Xocavəndin Qırmızı bazar istiqamətində Cütçü kəndi ərazisində yüksəkliyi azad etmək tapşırığı alırlar. Ağır döyüş olur. Amma Xocavənd-Xankəndi arasında pusquya düşürlər. Bu döyüşdə cəmi iki nəfər xilas ola bilib. Döyüş yoldaşı snayper Əsgər Hüseynov deyirdi ki, ayağından, qolundan yaralandığı üçün Rövşən köməyinə gedib. Çox cəsur idi. Döyüş yoldaşına görə canından keçərdi və keçdi də. Həmin vaxt düşmən Rövşəni vurub. Cəbrayıl, Qubadlı, Xocavənd uğrunda gedən döyüşlərdə vuruşan Rövşən həmin döyüşdə şəhid olub. Dostu hər zaman deyirdi ki, Rövşənə baxanda düşünürdüm, heç kim Azərbaycanı bu qədər sevə bilməz.Torpaqlarımızın azad olunacağına hədsiz inamı vardı. Kimsə “evlən” deyəndə “torpaqlarımızı azad edəndən sonra” deyirdi. Qəribə baxanlar da olurdu. Çünki hamı onun kimi inanmırdı axı. Amma o inanırdı.





- Şəhid olandan sonra yuxunuza gəlibmi?

-İki dəfə yuxumda görmüşəm. Üzü çox aydın görünürdü. Onu qucaqlayıb öpdüm. Vəziyyətimi soruşdu, dedim ki, yaxşıyam. Atası da onu hədsiz çox istəyirdi. O müharibəyə gedəndən uşaq kimi ağlayırdı. Rövşən şəhid olandan sonra dedi ki, yaşamaram. Elə də oldu. Rövşən şəhid olandan 40 gün sonra atasının ürəyi dözmədi və dünyasını dəyişdi.

- Rövşənin həyata keçirmək istədiyi hansı arzuları var idi?

- Yaşasaydı, həyata keçirmək istədiyi arzuları çox idi. Amma ən çox bir maşını olsun istəyirdi. Hər dəfə almaq istəyəndə mən icazə vermirdim. Çünki qızımın yoldaşı maşın qəzasında vəfat etmişdi deyə çox qorxurdum. Daha sonra evləndirmək istəyirdik, amma heç vaxt razı olmurdu. Deyirdi ki, mən evlənmərəm. Sanki şəhid olacağını hiss edirdi.


- Ondan geriyə xatirə olaraq nəsə qalıbmı?


- Güzgü, pul, bir də kağız qalıb. Kağızda döyüş yoldaşlarının adlarını, nömrələrini yazıb. Yaşasaydı, özü onlarla əlaqə yaradacaqdı. Oğlum şərəflə döyüşdü. Döyüş yoldaşları onun qəhrəmanlığı haqqında ağızdolusu danışırlar. Əlimdə olsaydı, zamanı dayandırardım. Oğlumu sübh tezdən oyadıb başını sığallayardım. Hər gün saatın əqrəbləri 06:00-ın üzərinə gələndə mən artıq oyaq oluram, amma Rövşən isə yoxdur. Balam mənim başımı uca etdi, şəhidlik zirvəsinə ucalıb məni qürurlandırdı. Amma ana kimi nəfəsimi kəsdi.






Fəridə
Baku Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər