Ru
17:02 / 19 Yanvar 2023

"Oturub Londonda, 3 vəzifəni əlində saxlayır" - Qubad İbadoğluna sərt ittihamlar

8941
Mediada yayılan məlumatlara görə, Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatında parçalanma baş verib.

Qeyd olunur ki, ADRH yaranandan bəri İdarə Heyətinin 5 üzvü istefa verib, 4 üzvü dünyasını dəyişib, yerdə qalan 7 təsisçi isə faktiki olaraq iki cəbhəyə bölünüb.

Belə ki, Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli və Əlövsət Talışxanlı bir, Qubad İbadoğlu və daha iki nəfər isə digər cəbhəni təmsil edir. Qurumun İdarə Heyətinin üzvü Rövşən Dəmirli isə hərəkatın parçalanmadığını, yalnız Səxavət Əlisoyun istefa verdiyini bildirib.




Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Səxavət Əlisoy əslində 2 ay əvvəl istefa verdiyini bildirib:


"Hazırda ADRH-də iki cəbhə mövcuddur, bir tərəfdə professor Adil Qeybulla, digər tərəfdə Qubad İbadoğlunun tərəfdarları dayanır.

Parçalanma yoxdursa, professor Adil Qeybullanın açıqladığı arqumentlərə cavab versinlər. O təşkilatın 300-400 nəfər üzvü var. Təşkilatın təsisçilərindən biri mənəm. Orda söhbət bir nəfərin hər şeyi öz əlində cəmləməsindən gedir. Mənim zehniyyətim ortaq, kollektiv ağlı qəbul edir. Avtoritar rejiminə qarşı mübarizə apardığını iddia edən təşkilat öz daxilində başqa bir avtoritar şəxsi yetişdirə bilməz. Bu, mübarizə metodu deyil. Əgər biz hakimiyyətin bir əldə cəm olunmasına qarşı mübarizə aparırıqsa, o zaman Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədrinin eyni zamanda məclisin sədri olması və 1-ci müavin postunu ləvğ etməsi düz deyil. Müavin də yoxdur ki, hər hansı bir forsmajor hallarda onu əvəz etsin".

Səxavət Əlisoy artıq partiyanın buraxıldığını deyib:

"Bu partiya virtual şəkildə - Votsap və ya Facebook vasitəsilə idarə olunur. Azərbaycanda qeydiyyatdan keçmiş 50-dən çox partiya var. Hansı birində bu proses var? Hər şey bir nəfərin əlində cəmləşib. Belə bir qurumu demokratik adlandırmaq olarmı? Bu idarəçilik sisteminə etiraz olaraq mən ordan çəkilmişəm".

Səxavət Əlisoy vurğulayıb ki, Azərbaycanda ortaq ağılla idarə olunan bir siyasi qurum yoxdur:

"Digər müxalif partiyalarda məclis sədrləri başqa, partiya sədri başqa adamdı, müavinlər var. ADRH partiyasında isə ifrata varıblar. Partiya qiyabi edilir, partiya və məclisin sədri eyni adamdır, üstəgəl 1-ci müavin vəzifəsi ləvğ edilib. Bu nə idarəçilikdir? Heç Napoleon və Stalin də belə iş görməyib. Sadəcə, Brejnev ömrünün sonlarına yaxın həm Sovet İttifaqı Kommunist Partiyasının baş katibi, həm də SSSR Ali Soveti Rəyasət Heyətinin sədri idi. Ona görə də dünya ona ironiya edirdi. İndi bu adam supermendi ki, Londonda oturub, bu 3 vəzifəni əlində saxlayır və partiyanı idarə edir, deyir, mən liderəm. Normal adamların zehniyyəti bunu qəbul edə bilməz. Mən qəbul etmədim, çəkildim. Adil Qeybulla, Ellada Məmmədli, Əlövsət Talışxanlı da qəbul etmir və çəkilirlər. Zehniyyətimiz budur. Bu, mental potologiyadır bizim üçün.

Ümumiyyətlə, bu cür idarə etmənin sonu iflasdır. Yarananda anlaşdığımız şərtlər vardı. Qubad İbadoğlunu sədr seçən zaman razılaşdıq ki, o, Bakıya qayıdıb təşkilatın başında dayanacaq. Konstuktiv evolusiyaya, intellektə söykənən mübarizə qoyulacaq ortaya, Alternativ qanun layihələri və proqramlar hazırlanacaqdı. Təxminən il yarım belə davam etdi. Məlahət Mürşidlı təhsil proqramını hazırladı. Allah rəhmət eləsin. Mən Azərbaycan səhiyyəsində islahatlar paketini yazdım. Qubad İbadoğlunun özü bir neçə dəyirmimasa təşkil etdi. Düşünürdük ki, ortaya bir intellektual layihə qoyacağıq. Sonradan bəlli oldu ki, bu adamın qayıtmaq ehtimalı yoxdur. ADRH yaranandan o, Azərbaycanda olmayıb".

Səxavət Əlisoy heç vaxt populizmi qəbul etmədiyini qeyd edib:

"O, (Qubad İbadoğlu-red.) isə bu yolu tutdu. Bloger kimi fəaliyyət göstərir. Partiya sədridirsə, hardadır partiya? Artıq o, şəxsiyyətə pərəstiş formalaşdırıb. 2 ay bundan qabaq mən istefa verdim. Məndən sonra Rüfət Əliyev də bu səbəbləri əsas gətirərək istefa verdi. Azərbaycan müxalifətinin birgə fəaliyyət ehtimal yoxdur. Çünki hər qurumun başında bir nəfər yetişdirilir. Demokratik dəyərlər qalıb kənarda. Hamı o bir nəfərin yetişməsi üçün çalışır".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər