Ru
20:42 / 08 İyul 2025

Pakistan bir neçə qırıcı vurdu, Çin, Rusiya, Fransa qarışdı...

Pakistan bir neçə qırıcı vurdu, Çin, Rusiya, Fransa qarışdı...
Eye

Çinin xarici işlər naziri Van Yinin Avropa ölkələrinə səfəri davam edərkən Fransa-Çin münasibətlərində gərginlik yaşanıb. “Assoşeyted Press” agentliyinin məlumatına görə, müxtəlif ölkələrdə çalışan çinli diplomatlar Fransanın istehsalı olan “Rafale” qırıcı təyyarələrinin nüfuzuna zərbə vurmaq üçün təbliğat aparıblar. Məsələ burasındadır ki, Hindistanla Pakistan arasında may ayında baş verən qısamüddətli müharibə zamanı bir neçə Fransa təyyarəsinin vurulduğu xəbəri yayılmışdı. Hindistan itkilərini etiraf etsə də, nə qədər təyyarə itirdiyini açıqlamamışdı. Fransa Hindistan-Pakistan qarşıdurmasında “Rafale” təyyarələri ilə yanaşı, Rusiyanın Su-30 təyyarəsinin də vurulduğunu bildirmişdi. Paris bununla demək istəyib ki, Rusiyanın hərbi təyyarələri də sınaqdan çıxmayıb. Bu yanaşma isə Kremlin xoşuna gəlməyib. Odur ki, “Rafale” təyyarələrinin gözdən salınması təbliğatında Çinin gizli dəstəkçisi Rusiyadır. Ancaq strateji tərəfdaş sayılan Rusiya ilə Çin arasında da gizli rəqabət var.

Bakupost.az xəbər verir ki. bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Pekin Fransanın hərbi təyyarəsinin potensial alıcılarını fikirlərindən daşındırmağa çalışıb:

“Bu sırada İndoneziyanın adı çəkilib. Pekin İndoneziyanın Çin istehsalı olan hərbi təyyarələrə üstünlük verməsini istəyib. Qərb analitiklərinin fikrincə, Çin hərbi texnika satışı sahəsində Fransanın Asiyada mövqelərinin zəifləməsinə, öz mövqelərinin isə gücləndirilməsinə çalışır.

Fransa üçün “Rafale” təyyarələrinin satışı strateji əhəmiyyət daşıyır. Fransa bu yolla təyyarəsini satdığı ölkələrlə strateji münasibətlər qurmağa çalışır. Bu, Çinin maraqlarına ziddir. Çünki hərbi texnika istehsalını ildən ilə genişləndirən Çin Fransanı Asiya bazarında sıxışdırmaq istəyir. Paris isə hesab edir ki, bu rəqabət ədalətsizdir. Çünki Fransa rəsmilərinin fikrincə, çinli diplomatlar “Rafale” haqqında daha çox həqiqətə uyğun olmayan xəbərlər yayırlar. Öz növbəsində Çin Xarici İşlər Nazirliyi Parisin iradlarını rədd edib.

Bu arada, İranın Çin hərbi təyyarələrinə maraq göstərdiyi xəbəri yayılıb. Halbuki Tehran İsrail və ABŞ-la toqquşmaya qədər Rusiyanın hərbi təyyarələri ilə maraqlanırdı. Ancaq iranlı generalların mövqeyi dəyişib. İranın Rusiya deyil, Çin hərbi təyyarələrinə üstünlük verməsi Moskva ilə Pekin arasında da rəqabətin genişlənməsinə səbəb olacaq”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar