Ermənistanın baş naziri Nikol Paşinyan bu gün sosial şəbəkədə növbəti dəfə Erməni Apostol Kilsəsinə qarşı paylaşım edərək, “Eçmiədzin meydanında görüşə hazırlaşmağa” çağırış edib.
Bakupost.az xəbər verir ki, “Hraparak” qəzetinin mənbələrinin bildirdiyinə görə, Paşinyan 22 iyulda bütün ermənilərin dini mərkəzi Eçmiədzinə qarşı ilk mitinq keçirməyi planlaşdırır.
O, tərəfdarlarını və “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərini Eçmiədzin meydanına toplayaraq katolikosun iqamətgahına doğru yürüş etməyə hazırlaşır.
Qəzetin məlumatına görə, bu tarix təsadüfən seçilməyib – çünki baş nazir 18–23 iyul tarixlərində məzuniyyətdə olacaq:
"Bu, manipulyativ addımdır, məqsəd Paşinyanın dövlət xadimi, baş nazir kimi deyil, adi bir inanclı vətəndaş – Nikolas Paşinyan kimi çıxış etdiyini göstərməkdir. O, guya katolikos tərəfindən subaylıq andının pozulmasından narahatdır".
Mənbəyə görə, kilsəyə qarşı atılacaq bütün addımlar birbaşa baş nazirin aparatında planlaşdırılır. Paşinyan bir sıra şəxslərlə görüşlər keçirib, yürüşün təşkili və katolikosun devrilməsi kampaniyasına dair mümkün ssenariləri müzakirə edib.
Prosesin koordinasiyasını baş nazirin aparat rəhbəri Ayk Arutyunyan həyata keçirir.
Yürüşdə həmçinin mülki geyimdə olan polis əməkdaşları, təhlükəsizlik xidmətlərinin üzvləri və müxtəlif din təmsilçiləri iştirak edəcəklər.
Aysel,
BakuPost