"Nensi Pelosinin həmişə ermənipərəst mövqeyi olub. Görünür, müəyyən məsələlərdən Azərbaycanın əleyhinə istifadə etməyə çalışır".
Bu fikirləri
Bakupost.az -a açıqlamasında
millət vəkili Vahid Əhmədov deyib
Millət vəkili ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ölkəmiz əleyhinə açıqlamalarına sərt reaksiya verib:
"Bir dövlət xadiminin bu tərzdə danışması vəzifəsinə yaraşan hərəkət deyil. Faktiki olaraq, Ermənistan bütün məsələlərdə cığallıq edir. Hətta 10 Noyabr sazişini pozan da Ermənistandır. Pelosi birtərəfli olaraq Ermənistanı müdafiə edərək, Azərbaycanı isə "müharibəni başladan dövlət" kimi günahlandırır. Bütün dünya bu bəyanatın doğru olmadığını bilir və onun çıxışı qəbuledilmızdir".
V.Əhmədov qeyd edib ki, Pelosinin çıxışı Amerika dövlətinin mövqeyi deyil:
"Demokratlar artıq Pelosinin istefasını tələb edir. Eyni zamanda Pelosinin çıxışı Amerika dövlətinin mövqeyi deyil. Azərbaycanın Avropa və Amerika ilə çox normal münasibətləri var. Amma Pelosinin danışığından hiss olunur ki, onun Ermənistana qarşı xüsusi müsbət rəyi var və burada erməni lobbisinin təsiri kifayət qədər böyükdür. Bu normal hadisə deyil. Həqiqəti görmək və ona qiymət vermək lazımdır. Ona görə belə çıxışları ümumiyyətlə, qəbul etmirəm".
Millət vəkili bildirib ki, Pelosinin çıxışı Azərbaycanla Ermənistan arasındakı münasibətləri daha da uzaqlaşdırmağa xidmət edir:
"Hətta Pelosi çıxışında qeyd edir ki, "biz lazım olsa, Ermənistana yardımlar da edəcəyik". Azərbaycanın 44 günlük Vətən Müharibəsində qələbəsini bir sıra dövlətlər qəbul edə bilmir. Dövlət başçımız cənab İlham Əliyevin apardğı müstəqil siyasət bir çoxlarının xoşuna gəlmir. Ona görə onlar elə hesab edir ki, təzyiq və təhdidlə Azərbaycana nəsə etmək olar. Ancaq Azərbaycan sübut etdi ki, qüdrətli dövlətdir, dövlət başçısı müstəqil siyasət aparır, xalqın-dövlətin mənafeyini müdafiə edir. Ona görə də bu cür çıxışlar Azərbaycan tərəfindən mənfi qarşılanacaq və cavabları da veriləcək".
Fəridə
Baku Post