Beynəlxalq gərginliyin pik həddə olduğu bir zamanda Rusiya yenidən köhnə təşəbbüslərini gündəmə gətirməyə çalışır.
Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Üçüncü Departamentinin direktoru Aleksandr Sternik Prezident Vladimir Putinin "nüvə beşliyi" ölkələri liderlərinin görüşünü keçirmək təşəbbüsünün qüvvədə qaldığını bildirib.
Bakupost.az xəbər verir ki, Rusiya rəsmisi həmin məsələnin bu gün daha da aktuallaşdığını söyləyib.
Diplomat bildirib ki, Rusiya dövlət başçısının təşəbbüsü masada qalır və bəlkə də mövcud geosiyasi böhranda daha da aktuallaşır.
Qeyd edək ki, Putin belə bir təşəbbüslə 2020-ci ildə Qüdsdə keçirilən Ümumdünya Holokost Forumunda çıxış edib.
Siyasi şərhçi Arif Əliyev
Bakupost.az-a bildirib ki, Moskvanın sözügedən təşəbbüsü növbəti dəfə qabartması böyük ehtimalla Rusiyanın yenidən beynəlxalq aləmdə hansısa bir səviyyəyə qalxması cəhdindən irəli gəlir:
“Nüvə silahının istehsalı və istifadəsinə ciddi nəzarət altında saxlamağa yönəlik bütün təkliflər hər zaman qiymətli təkliflərdir”.
Ekspertin sözlərinə görə, Rusiyanın bu məsələdə irəli sürdüyü təklifə Qərb ölkələrinin yanaşması birmənalı deyil:
“İndiki mövcud vəziyyətdə Rusiyanın belə bir toplantını təşkil edə biləcəyinə də inanmıram. Orada fikir ayrılığına səbəb ola biləcək, yaxud da təşəbbüsün kim tərəfindın gələ biləcəyindən asılı olaraq yanaşma tərzləri müxtəlifdir. Xüsusən də ABŞ ilə Rusiya arasında. Belədə təşəbbüsün hansısa bir uğura gətirib çıxaracağını düşünmürəm”.
Həmsöhbətimiz hesab edir ki, böyük ehtimalla yaxın günlərdə Çinlə ABŞ liderləri arasında olacaq görüşdə də həmin məsələ hansısa bir formada müzakirə olunacaq:
“Ona görə də Rusiya məhz bu ərəfədə öz təklifini bir daha gündəmə gətirməklə özünün prosesdə maraqlı olduğu görüntüsünü formalaşdırmağa çalışır”.
Rüfət Sultan, BakuPost