Almaniuada hakim qarşısına çıxarılan Rusiya və Ukrayna vətəndaşlığına malik 54 yaşlı kişi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) casusluq etdiyini boynuna alıb.
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, cümə axşamı Almaniyada başlayan məhkəmə prosesinin əvvəlində o, Ukrayna silahlı qüvvələri ilə əlaqəli olduğu iddia edilən bir şəxs haqqında məlumat toplamağa məcbur edildiyini bildirib.
Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs Almaniyanın qərbindəki Attendorn şəhərində həmin şəxsi izləyirmiş. Düsseldorf Ali Regional Məhkəməsində vəkili tərəfindən oxunan qısa ifadədə kişi izləmə hədəfi haqqında məlumat topladığını etiraf etsə də, ona necə təzyiq göstərildiyini açıqlamayıb.
İttihamnaməyə görə, izləmənin hədəfi, Polşadakı ukraynalı qaçqınları vətənlərinə qayıtmağa və döyüş əməliyyatlarında iştirak etməyə hazırlamaqla məşğul olan bir şəxs olub.
İttihamnaməyə görə, kişi ən azı 2025-ci ilin noyabr ayından 27 mart 2026-cı ildə həbs olunana qədər FSB-yə məlumat verib. Axtarış zamanı ondan üç mobil telefon müsadirə edilib.
Prokuror bildirib ki, müşahidənin məqsədi Almaniyada həmin şəxsə qarşı əlavə kəşfiyyat əməliyyatları üçün zəmin hazırlamaq olub.
Məhkəmə 2027-ci ilin yanvar ayına qədər davam edəcək səkkiz dinləmə təyin edib. Xarici kəşfiyyat üçün casusluqda təqsirli bilinərsə, təqsirləndirilən şəxs 10 ilə qədər həbs cəzası ilə üzləşə bilər.