Ru
16:23 / 06 Avqust 2024

Qarabağa "Böyüş Qayıdış" - 2025-ci ildə proses daha da genişlənəcək

6754
Artıq dörd ilə yaxındır ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ı təmin etmək üçün Qarabağda əsaslı bərpa-quruculuq işləri aparılır.


30 il müddətində daşı-daş üstdə qalmayan, uçurulub dağıdılan şəhərlərdə yeni yaşayış evləri, binalar, məktəblər, xəstəxanalar inşa olunur. Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər tikilir.




Qarabağda aparılan tikinti-quruculuq işləri Prezident İlham Əliyev nəzarətindədir. Prezident mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərdə olur, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, bağça, digər mühüm obyektlərin təməlqoyma mərasimində iştirak edir. Əhalinin yaşayışı üçün tam hazır olan kənd və qəsəbələrin, bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edən obyektlərin açılışını edir.



Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev bildirib ki, işğaldan azad olunan ərazilərdə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarına dönürlər:

“Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz. Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulmasına şəxsən nəzarət edir. Prezidentin tapşırıqları və dəyərli tövsiyələri işlərin tam və məsuliyyətlə icrasına etibarlı zəmin yaradır. 2020-2023-cü illərdə Prezident işğaldan azad edilən ərazilərdə 400-ə yaxın tədbirdə iştirak edıb, o cümlədən 8 şəhər, 32 kənd və qəsəbə olmaqla, 120 layihənin təməlini qoyub, müxtəlif təyinatlı 71 tikinti obyektinin açılışını edib”.

S.Nuriyev bildirib ki, yaşayış məntəqələrinin salınması ilə yanaşı, orta ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və turizm obyektləri kimi sosial təyinatlı obyektlərin bərpası və yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir:

"İnfrastruktur layihələri sırasında Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilib, Laçın rayonunda hava limanının tikintisi davam etdirilir. Həmçinin avtomobil yolları, tunellər, körpülər, dəmir yolları, magistral qaz xətləri tikilir, su elektrik stansiyaları və yarımstansiyalar, su anbarları inşa edilir".


30 ildir ki, yurd həsrəti çəkən keçmiş məcburi köçkünlərin artıq Qarabağa məlhələli şəkildə köçürülməsinə başlanılıb. Bu günə qədər ümumilikdə 1727 ailə, yəni 6 min 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb. Laçın şəhərinə 1838 nəfərdən ibarət 537, Füzuliyə 3132 nəfərdən ibarət 822, Ağalı kəndinə 871 nəfərdən ibarət 175, Talış kəndinə 90 nəfərdən ibarət 20 və Zabuxa 823 nəfərdən ibarət 217 ailə köçürülüb.




Millət vəkili Naqif Həmzəyevin dediyinə görə, Qarabağa qayıdış konsepsiyasının həyata keçirilməsi ilə əlaqədar bütün dövlət qurumları müəyyən öhdəliklər götürüb:

"Aidiyyəti qurumlar da bu şərəfli missiyanı yerinə yetirmək üçün Prezidentin birbaşa nəzarəti altında mərhələli şəkildə bu işi təşkil etdi. Biz işğaldan azad olunmuş bir çox ərazilərə keçmiş məcburi köçkünlərin geri dönüşünün şahidi olmuşuq. Bu gün də köç prosesi uğurla davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə həmin ərazilərdə görüşüb. Bu il Kəlbəcərə də qayıdışın şahidi olacağıq. Eyni zamanda, yaşayış üçün istifadə olunan bir çox kəndlər və rayon mərkəzləri var ki, oraya da mərhələli şəkildə məcburi köçkünlər qayıdır. Ən qısa zamanda bu proses yekunlaşacaq".

Millət vəkili bildirib ki, yalnız məcburi köçkünlərin dədə-baba yurdlarına qayıdış məsələsi öz həllini tapmır, eyni zamanda onların məşğulluq məsələləri də gündəmdədir:

"Həmin vətəndaşların icma fəaliyyətinin təşkili ilə əlaqədar qeyri-hökumət təşkilatları və aidiyyəti qurumlar tərəfindən layihələr həyata keçirilir. Ərazilərə adaptasiya prosesləri mütəmadi olaraq araşdırılır. Daimi yaşayışın təmin edilməsi və insanların ərazilərə uyğunlaşması üçün xüsusi işlər görülür. Unutmamalıyıq ki, vaxtilə həmin ərazilərdən çıxan məcburi köçkünlərin əksəriyyəti gənc idilərsə, indi yaşlanıblar. O insanların övladlarının çoxu Qarabağ bölgəsində olmayıblar. Oraya köçən insanların daha faydalı olmaları üçün xüsusi layihələr həyata keçirilir, ərazilərin potensialına uyğun yeni ixtisaslara yiyələnilməsi məsələləri öz həllini tapır. Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə əlaqədar qarşımıza qoyduğumuz bütün məqsədləri mərhələli şəkildə həyata keçirir”.





Politoloq Elçin Mirzəbəyli bildirib ki, işğaldan azad edilən Azərbaycan ərazilərinə qayıdış dövlətin prioritet hesab etdiyi vəzifələrdəndir:

“İşğaldan azad etdiyimiz torpaqlarımıza, Qarabağa, Şərqi Zəngəzura qayıdışla bağlı tam təsəvvürə malik olmaq üçün isə qənaətimə görə, bu ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin miqyasına nəzər salmaq yetərlidir. Həm də nəzərə almaq lazımdır ki, bu ərazilərdə həyata keçirilən layihələrin prioritetlərindən biri və bəlkə də birincisi, bu torpaqlarda azərbaycanlıların əbədiyyətə qədər təhlükəsiz və firavan yaşamaları üçündür. Bu baxımdan, həyata keçirilən hər bir layihə özündə bir neçə komponenti birləşdirir”.




Millət vəkili Vüqar Bayramov deyir ki, 2025-ci ildə qayıdış prosesinin daha da genişlənməsi gözlənilir. Bu baxımdan qayıdış və məskunlaşma prosesinə uyğun olaraq iş adamları daha aktiv şəkildə Qarabağ və Şərqi Zəngəzura investisiya qoyuluşunu həyata keçirməli, iqtisadiyyatın sürətli formalaşmasına dəstək vermələri çox önəmlidir:

“Artıq Qarabağda sərmayə qoyuluşu ilə bağlı müraciət edən xeyli sayda şirkətlər var. Sahibkarlar çox aktiv şəkildə işğaldan azad olunmuş ərazilərimizə sərmayə qoyuluşu həyata keçirməyə, iqtisadiyyatın formalaşmasına töhfə verməyə çalışır. Bu istiqamətdə proses intensiv şəkildə aparılacaq. Biz qısa zamanda Qarabağ iqtisadiyyatının formalaşması və reinteqrasiyasını müşahidə edəcəyik. İlkin gözləntilər və proqnozlar təsdiq edir ki, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizdə təxminən Azərbaycan iqtisadiyyatının 10 faiz həcmində yeni dəyər yaradılacaq. Bu, praktik olaraq 10 milyard manata yaxın yeni dəyərin Qarabağ və Şərqi Zəngəzurda yaradılması anlamına gəlir. Ona görə də Qarabağ və Şərqi Zəngəzur artıq növbəti dövrdə Azərbaycan iqtisadiyyatının yeni drayverinə çevriləcək".

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar