Ru
17:37 / 17 Yanvar 2023

Qəndgül ananın gəlinlik xalçası - Aida Eyvazlının yol qeydləri

1092
Aida Eyvazlının yol qeydləri


Qardaş türk elinə, Ata yurdumuza bu səfərimdə ilk olaraq əziz dostum və qardaşım Darxan Kıdıralıya başsağlığı verməyə tələsirdim. Onun dünyasını dəyişmiş anasının ölüm xəbəri yaxın dostları kimi məni də sarsıtmışdı.

Yanvarın 5-də təyyarəmiz Astanadakı beynəlxalq hava limanına enəndə hava şaxtalı idi, bir boran var idi ki, ləngər vuran təyyarədən salamat çıxmağımıza da şübhə edirdik. 8 saat gecikmə ilə Ata Yurda yetişdim. Lakin gecə saat 2 olduğundan gedib başsağlığı verə bilmədim. Digər bölgələrdə olan səfər görüşlərimi bitirəndən sonra, Astanaya geri dönüşümdə ilk olaraq görüşdüyüm da dostum Darxan Kıdıralı oldu. Dərdinə şərik olmaq, üzüntüsünü azaltmaq borcu var idi çiyinlərimdə. Çünki bu türk dünyasının böyük oğlunun seçimi ilə Ötükənə səfərim baş tutmuşdu. Mən o müqəddəs yerlərdən durulanıb, havalanıb dönmüşdüm.

2014-cü ildən bəri olan görüşlərimizdə Darxan bəydən anasını hal-əhval tutanda, yalnız “anneniz nasıldır?”-deyə soruşardım. O zaman üzündəki işıq da, nur da çoxalırdı. Nə zaman anasının yanına gedərdisə, mütləq o xoşbəxt anlarının şəklini sosial şəbəkədə paylaşardı. Ancaq heç zaman ailələrimiz haqqında dərin-ətraflı söhbət etməmişdik. Söhbətimiz, sözümüz türk dünyasını bir ailə kimi görmək olmuşdu.

Əvvəlcə qardaşımızın iş yerinə - Qazaxıstan İnformasiya və İctimai İnkişaf Nazirliyinə getdim. Görüşdük. Başsağlığı verdim. Azərbaycandakı dostların da hüzn bildirilərini çatdırdım. Biləndə ki, iki gün Astanadayam, evinə dəvət etdi. Məni evində qarşılayan Gülmira xanım boynumu qucaqlayıb “anamız getdi”- deyib, hönkür-hönkür ağladı. Süfrə başında əvvəlcə oğul Darxan anası üçün Qurani Kərimdən dualar oxudu.

Sonra ana Qəndgül (qazaxca Kantkul deyirlər) haqqında xatirələr baş aldı. Onu bildim ki, Darxan bəyi dünyaya gətirən ana 31 yaşında dul qalıb. Ailənin başçısı Kuandık ağa 36 yaşında dünyadan köçəndən sonra ana sinif müəlliməsi əmək haqqı ilə övladlarını tək böyüdüb. Darxan oğul 8 yaşından ailənin həm atası, həm kişisi, həm də çörək qazananı olub. Sonra qardaş və bacılarının da əlindən tutub, işığa, yola çıxarıb. Əri dünyadan köçəndən sonra Qəndgül ana palçıqdan yoğurub kərpic-kərpic ucaltdığı ər evindən, həyətindən heç zaman uzağa, çölə-bayıra çıxmayıb. Getdiyi yer müəllimə işlədiyi məktəb, gəldiyi yer ocağının başı olub. Ata evi yaşadığı Tülkibas rayonunun 4 kilometrliyində olsa da, bircə dəfə anası rəhmətə gedəndə ata evinə gedib. Deyib ki, mənim dünya həyatım bitdi. Bazarlığı, güzarlığı da övladları edib.

Darxan Kıdıralı ailə həyatı qurandan sonra isə, xanımı Gülmira ilə əl-ələ verib, ananın və bacı-qardaşının əyin-başını təzə saxlayıblar. Ana isə təzə paltarı olan kimi, gəlinin ona aldığı paltarları da, sırğa-bəzəyi də bu geyimlərdən, bu bəzəklərdən xoşlanan qonşusuna, qohumuna bağışlayıb. Dünya malına dönüb baxmayıb, dünya malında gözü olmayıb.

Süfrə başında xatirələr çözüləndə bildim ki, yalnız 2020-ci ildə ananın səhhətində pozğunluq özünü büruzə verəndə, xərçəng xəstəliyi aşkar olunanda, ilk dəfə Astanada yaşayan oğlu Darxanın evinə gəlməyə razı olub. Onda da gəlin Gülmira həmişə olduğu kimi yenə də ananın qulluğunda dayanıb.

Bir də ki, keçən ilin sonunda ananın səhhəti yenə pisləşəndə oğul onu öz evinə gətirib.

Analar-atalar üçün axıdılan göz yaşları hər zaman qəlbimin içini yandırıb. Ata-ana yoxluğunun nə olduğunu ata-anasızlıq ağrısını yaşayanlar bilər. Yara, ayrılıq təzə olanda insanı necə yandırır, bu ayrılığı yaşayanlar bilir. Darxan bəy danışırdı ki, anam gözlərini əbədiyyətə yumduğu 31 dekabr gecəsi Astanada bir tufan başladı ki, gəl görəsən...

Ömür boyu anasızlıq ağrısını yaşayan əbədiyyət şairimiz Nüsrət Kəsəmənlininn “Bir ana gətirdik...” şeri başımda fırlanırdı.



Küləklər bu axşam dönmüşdü neyə,

Kədər hıçqırırdı hey için-için.

Bir ana gətirdik dəfn eləməyə,

Gətirdik, torpağa tapşırmaq üçün.



Yollar qabar-qabar, kündə-kündədir,

Yollar ürək kimi boşalır, dolur.

Günəşli gündə də, qarlı gündə də

Qəbristan yolları yağışlı olur.



Ömür sarayından bir kərpic düşüb,

Kim təsəlli versin, Kim qovsun qəmi?!

Çiyinlər üstünə bir körpü düşüb

Ölüb, Xudafərin körpüsü kimi...



Bir ana gətirdik dəfn eləməyə,

Bir oğul gözündə heç idi dünya.

Günəş tələsirdi dağdan enməyə,

Bəlkə utanırdı bu gidi dünya...



Bir oğul ağlayır hey yana-yana,

Yanğı söndürməyə bulağa dönmüş.

İndicə tabutdan duracaq ana

Deyəcək: - Üzüldün, anası ölmüş!



Nə səbrə yer qalıb, nə də niyyətə,

Kədərli-kədərli çatılıb qaşlar.

Bir ana gəlibdir əbədiyyətə

Hörmətlə ayağa durubdur daşlar.



Gedirik... Nisgildir yolları yoran,

O təzə daşa da qəriblik endı.

Daş deyil, elə bil bizdən nigaran

Analar yollara boylanır indi...



Qəndgül ana 40 il ərzində ətrafdakılarına, doğmalarına, onu axtaranlara sevgi-işıq bağışlamışdı.

Qəndgül ana 1 yanvarda dünyaya gəlmişdi. 1 yanvarda isə övladlar böyük qardaşın evində yığışıb ananın doğum gününü qeyd edəcəkdilər. 71 yaşı tamam olan günü Ananı dəfn edəndən sonra isə göydən günəş boylanacaqdı. Tufan da, boran da sozalıb gedəcəkdi. Qazaxlar yaxşı adam öləndə deyirlər ki, “Kaytış boldı!”-yəni “qayıtdı!”. Qəndgül ana da Tanrının yanına gülə-gülə, ağrısız qayıtmışdı.

Gülmira xanım danışırdı ki, “inanırsınız, iki ay ərzində xərçəng bədənində şaxələnsə də, ağrıları olmadı. Hansısa bir qüvvə anamızdan ağrıları almışdı. Ana qollarımın üstündə dəyişdi dünyasını…”.

Qəndgül ananı əvvəlcə 40 il yaşadığı evə aparıblar. Kəndə çatanda Günəş göydən boylanıb. Hava durulanıb. Qəndgül ananı dərgahına apardığına görə Tanrı sevinirdi yəqin. Günəş göy üzündə Tanrının təbəssümüdür axı.




Darxan bəy ana cənazəsini çiyninə alanda bir də onda baxıb ki, anasını gəlin köçən zaman ata evindən gətirdiyi xalçaya büküblər. O xalça ki, uzun illər idi bu evdə gözə görünməmişdi. Ana özünə bu dünyada övladlarından başqa bir var-dövlət istəməmişdi. Dünya malı kimi ata evindən gətirdiyi bir xalçası qalmışdı. O da son mənzilə gedəndə yenə ona yoldaş oldu.

Tanrı yaratdığı bəndəsi Qəndgül üçün güllü-şəkərli həyat verməsə də, övladları böyüyəndən sonra, Darxan bəyin işığına təkcə digər üç övladı deyil, bütöv türk dünyası işıqlandı. Haraya getdisə, özü ilə müəllimə anasından və acı həyatdan aldığı dərsləri şirin və sakit tərzdə anlatdı Darxan bəy.

Yazıma nöqtə qoymaq istədiyim bu məqamda isə sevgili şairimiz Nüsrət Kəsəmənli şerindəki bəzi məqamları Darxan oğulun hissləri ilə eyniləşdirmək istəyirəm.

İndi Tülkibas kəndində bir ana uyuyur. Darxan Kıdıralını dünyaya gətirən ana. 40 illik atasızlıq ağrısını çiyinlərində daşıyan oğul, Nüsrət Kəsəmənlinin yazdığı məqamda idi: “Bir oğul ağlayır hey yana-yana, yanğı söndürməyə bulağa dönmüş…”, bir də “Bir ana gəlibdir əbədiyyətə, Hörmətlə ayağa durubdur daşlar!”.

O daşlar ki, elə türk dünyasının məktublarıdır, o daşlar ki, o kitabələr ki, Kutluq xaqanın yazdığı məktubdur… O daşların dilini bilmək üçün dünyaya oğul gətirən ana həqiqətən də ölməz ki, qayıdıb əbədiyyətə qovuşar!.

Məqamın kutlu olsun, Qəndgül ana.

Başınız sağ olsun, Darxan bəy! Təki bütün analar dünyadan oğullarından razı və rahat köçsün. İllərini bir kənd evində keçirən ana oğlunu ən ali rütbədə görüb, dünyadan köçübsə, əlbəttə hətta məlun xərçəngin ağrılarını da hiss etməyəcək.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər