Bu gün Azərbaycan Xalq şairi, görkəmli ictimai-siyasi xadim Sabir Rüstəmxanlının 15 cildlik "Seçilmiş əsərləri"nin təqdimatı keçirilib.
Bakupost.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Kitabxanasında baş tutan tədbirdə bir sıra ictimai-siyasi xadimlər, tanınmış alimlər, millət vəkilləri, yazıçı və jurnalistlər iştirak edib.
Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli bildirib ki, Sabir Rüstəmxanlının yaradıcılığı Azərbaycanın milli varlığına, milli müstəqilliyinin yaranmasına, inkişafına və möhkəmlənməsinə xidmət edir:
"Sabir Rüstəmxanlı XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanın milli istiqlal davasında şəxsən ön sıralarda iştirak edərək, Azərbaycan xalqının çoxəsrlik istiqlal arzusunun həyata keçməsinə böyük töhfə verib. O, böyük ədəbiyyat adamı olmaqla yanaşı, həm də ictimai xadimdir.
Azərbaycan publisistikasının inkişafı bilavasitə Sabir Rüstəmxanlının adı ilə bağlıdır.
Biz Sabiri həm ədəbiyyatşünas, həm də elm xadimi kimi tanıyırıq. 15 cilddən biri onun elmi fəaliyyətinə həsr olunub. Əsərlərinin 15 cildinin 14 cildinə Azərbaycanın tanınmış və müxtəlif nəsillərdən olan alimləri, ictimai fikir nümayəndələri ön söz yazıblar. Sabir Rüstəmxanlının 15 cildliyi onun Azərbaycan ədəbiyyatındakı böyük yerini göstərir. Bu, ilk 15 cildliklərdən biri kimi nümunədir. Hələ ki, bizim yazıçı və şairlərimizin 15 cildlik əsəri mənə məlum deyil. Bu 15 cild onun yaradıcılığının hamısını əhatə etmir. Sabir Rüstəmxanlının yaradıcılığına bələd olan bir adam kimi tam məsuliyyətlə deyə bilərəm ki, onun ən azı 10 cild də çap olunmamış əsərləri var. Sabir Rüstəmxanlı həm ictimai fəaliyyət, həm ədəbiyyat meydanında bir parlaq Azərbaycan vətəndaşı, görkəmli ziyalı, qüdrətli bir Azərbaycan ədibi kimi sözünü deməkdə davam edir."
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev isə çıxışında Sabir Rüstəmxanlının həm poeziyası, həm publisistikası, həm də ictimai fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb:
"Sabir Rüstəmxanlının müxtəlif janrlarda şeirləri, nəsr əsərləri, publisistikası məni belə bir qənaətə gətirir ki, bu 15 cild bizim ədəbiyyat tariximiz üçün son dərəcə qiymətli bir hədiyyə olacaq. Sabirlə məni uzun illərin dostluğu bağlayır. Mən həmişə onun etibarlı dostluğunu yüksək qiymətləndirmişəm. Mən onu şair kimi Azərbaycan dilinə həsr olunmuş məşhur şeirindən tanıdım və sevdim, sonra başqa şeirlərini də bəyəndim. Sabir Rüstəmxanlının "Ömür yolu" kitabını Azərbaycan ictimai fikrinin inkişafında bir mərhələ hesab edirəm. Onun "Göy Tanrı" kitabını dərsliklərə salınacaq bir əsər hesab edirəm.
Sabir həm də etibarlı dostdur. Yazıçılar Birliyinə haqsız hücumlar olanda, bizi müdafiə edən, haqq səsimizə hay verən insanlardan biri Sabir idi. Arzu edirəm ki, əziz dostumun yaradıcılığı 30 cildə qədər olsun, 30 cildliyinin təqdimatına gələk."
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Sabir Rüstəmxanlının ictimai, ədəbi və məişət həyatı hər birimizin tərcümeyi-halıdır:
"İctimai məzmunu olmayan ədəbiyyat, nə qədər estetik olsa da, bir müddətdən sonra o qədər də dəyərli olmur. Bu mənada Sabir Rüstəmxanlı düşüncələri dəyərli olan adamdır, cəmiyyətin ruhunu bilən və onu hər dəfə özü və başqaları üçün müzakirəyə çıxartmağa cəsarət tapan adamdır. Sabir müəllimlə hər mövzunu müzakirə etmək olur.
O, sözünü həmişə deyən adamdır. Bir xüsusiyyəti də var, polemikaya açıqdır. Yəni Sabir müəllimə bir söz dedin, o dərhal qarşı çıxmır, ilk növbədə qəbul edir, sonra müzakirə aparır. Sabir Rüstəmxanlı dəyər verməyi əsərlərində də, fəaliyyətində də bacaran adamdır. Kitablarından birinə də mən ön söz yazmışam. Milli təəssübkeşlik mövzusunda. Çünki Sabir müəllimdə olan milli təəssübkeşlik özünü türkçü, milliyyətçi hesab edən hər kəs üçün bir məktəb səviyyəsindədir."
Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov qeyd edib ki, Sabir Rüstəmxanlının kitablarının hamısını "Azərbaycannamə" adlandırmaq olar:
"İndi çoxlu cildlərin yazılması və onların təqdimat mərasimlərinin keçirilməsi ənənə halını alıb. Ancaq hansı cildlər yazılır, hansı cildlərin bayramı keçirilir – bu, ayrı bir məsələdir. Bu gün Azərbaycan yazıçısı, Azərbaycan alimi, Azərbaycan ziyalısı Sabir Rüstəmxanlının 15 cildlik silsiləsinin təqdimatı, düşünürəm ki, gördüyümüz digər kitab təqdimatlarına və görəcəklərimizə əlbəttə ki, bənzəmir.
Bu, Azərbaycanın mənəvi həyatında son dərəcə əlamətdar bir hadisədir. Çünki bu kitablar bütövlükdə Azərbaycan haqqında bir kitabdır. Bunu da səbəbsiz demirəm. Sabir Rüstəmxanlı haqqında dissertasiya, tədqiqat əsərləri yazılıb, bəlkə yüzlərlə məqalə var, bundan sonra da yazılacaq.
Uzun illər bundan əvvəl Sabir Rüstəmxanlının "Qan yaddaşı" adlı şeiri çap olunmuşdu və bizim böyük alimimiz Xudu Məmmədovla bir yerdə o şeiri oxuyurduq. Xudu müəllim dedi ki, "Qan yaddaşı" adının bir şeirə qoyulması möcüzə səviyyəli bir tapıntıdır.
Bu milləti də millət edən onun qan yaddaşıdır. Sabir Rüstəmxanlının yaradıcılığına o söz - "Qan yaddaşı" kəliməsi çox yaraşır. Çünki bu kitabların ilk cildindən tutmuş son cildinə qədər hamısı məhz o qan yaddaşının hökmü ilə yazılıb və qan yaddaşının ifadəsindən ibarətdir.
Düşünürəm ki, Sabir Rüstəmxanlının hər yazısı, janrından asılı olmayaraq, azərbaycançılıq düşüncəsini, azərbaycançılıq məfkurəsini insanlara aşılamaq, bunun dərslərini oturuşdurmaq üçün çox vacib bir vasitədir."
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Sabir Rüstəmxanlının 80-ci illərin sonunda başlayan Milli Azadlıq Hərakatında oynadığı roldan, Azərbaycanın yenidən öz istiqlalına qovuşmasındakı xidmətlərindən danışıb:
"O zaman mənim 30 yaşım var idi. Meydanda meydan çıxış edən, heç nədən qorxmayan Sabir Rüstəmxanlı idi. Həmin vaxt insanlar yazıçılara inanırdılar, həqiqətləri onlardan soruşurdular. O mitinqləri aparanlar Sabir Rüstəmxanlı və Nüsrət Kəsəmənli idi. Sabir Rüstəmxanlı heç nədən qorxmurdu, başa düşürdü ki, onu həbs edə bilərlər, amma qorxmurdu. Sabir Rüstəmxanlı "Azərbaycan" qəzetini çap etdirəndə də çox əziyyətlərdən keçib".
Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək öz ictimai-siyasi fəaliyyətindən danışıb. O qeyd edib ki, bu tədbirə kitab təqdimatı kimi deyil, hesabat tıdbiri kimi baxır:
"Mən bu günkü təqdimata hesabat kimi baxıram. Həqiqətən də yazılarımın bir hissəsi kənardadır, qeydlərimdədir. Milli Məclisdəki çıxışlarımı yığıb-yığışdırmaq mümkün deyil, xatirələr, gündəliklər və s. Yazı çoxdur, amma mən çoxluqla öyünmək istəmirəm. Bu kitabların heç birində milli ideallarımıza, Vətən yoluna, xalq yoluna ziyan vura biləcək bir cümlə belə yoxdur.
Mənim ilk şeirim rayon qəzetində çap olunmuşdu - "Kənd yolu". O kənd yolundan başladı bütün həyatımız. Sonra gəldik Bakıya, amma təəssüf ki, Bakı bizi yad qarşıladı. 18 yaşımdan Bakı haqqında şeirlər yazırdım. Onların ruhu təxminən eynidir:
Məni yaman yad gözlərlə seyr edirsən,
Yad dil ilə dindirirsən məni, Bakı.
Tariximin əlçatmayan qanadından,
Bu günümə endirirsən məni, Bakı.
Mənim ömrümün çox böyük bir hissəsi Azərbaycan dilinin qorunması uğrunda mübarizəyə gedib. Çünki dil olmasa, ədəbiyyat yoxdur. Dil olmasa, millət yoxdur. Dil olmasa, sən yoxsan.
Mənim məclislərim həmişə gur olub. Hər yandan gələnlər olur. Bu gün də dəvətimi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm".
Aysel, BakuPost