Ru
14:17 / 27 Fevral 2023

Səfərovun qalmaqallı reaksiyası: kim haqlıdır? - Ekspertdən açıqlama

11015
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun dünən Xocalı faciəsinin ildönümü ilə bağlı keçirilən anım mərasimində “Toplum” TV-nin əməkdaşı ilə dialoqu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, icra başçısı jurnalistin "Şuşaya gedə bilirsiz" sualına kobud şəkildə "Sənə nə var" deyə cavab verib. Sualı ünvanlayan şəxs isə "mən jurnalistəm, sizdən hesab sora bilərəm" deyib. Sosial şəbəkə istifadəçilərinin bir çoxu kobud reaksiyasına görə icra başçısını qınasalar da, etik qaydaları pozduğuna görə jurnalisti qınayanlar da var.


Bəs, media ekspertləri bu barədə nə düşünürlər?



Mövzu ilə bağlı media eksperti Müşfiq Ələsgərli Bakupost.az -a açıqlamasında bildirib ki, nəinki jurnalistin, ümumilikdə bütün vətəndaşların müvafiq orqanlara, şəxslərə suallar vermək və cavab almaq hüququ mövcuddur. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyi ilə təmin edilib.


Ekspertin sözlərinə görə, jurnalistin sorğusunu cavablandırmamaq məsuliyyət yaradır:


"Eyni zamanda xüsusi olaraq vurğulamaq lazımdır ki, əgər sorğu və ya sual ünvanlanan şəxs ictimai şəxsdirsə, vəzifə sahibidirsə, onların məsuliyyəti daha çox olur. Bu baxımdan dünən baş vermiş hadisədə anlaşılmayan məqam qarşı tərəfin verilən sualları cavablandırmamasıdır. Bu müəyyən mənada məsuliyyət doğuran haldır".


Müşfiq Ələsgərli bildirib ki, bu məsələdə qarşılıqlı şəkildə hər iki tərəf öz məsuliyyətini dərk etməli idi:


“Jurnalistlərin sual vermək, sorğu göndərmək sahəsində də müəyyən standartlar mövcuddur. Bizim etik kodeksimiz mövcuddur. Jurnalist özünün davranışını bu kodeks çərçivəsində qurmalıdır. Jurnalist hüquqşünas, istintaqçı, müstəntiq, hüquq-mühafizə orqanı əməkdaşı deyil. Verdiyi sualı müəyyən peşə prinsipi əsasında hazırlamalıdır. Onun qanuna müvafiqliyinə, etik kodeksimizə, media işçilərinin davranışı haqqında təlimatlardakı prinsiplərə uyğunluğuna diqqət yetirməlidir. Dünən baş vermiş hadisə zamanı görürük ki, jurnalistin bu təlimatlar barədə məlumatlılığı çox aşağıdır. Çünki burda o sorğu vermək və sorğuya cavab almaq deyil, “hesab sormaq”da danışır ki, bu da jarqon kimi digər istiqamətlərdə istifadə olunur. Jurnalistin davranışı, verdiyi sualın tipi və s. onun üçün məsuliyyət yaradır. Ona görə də dünən baş vermiş hadisədə tərəflərdən hansının daha çox günahkar hesab olunması yanaşmasını qəbul etmirik. Burda hər iki tərəfin müəyyən məsuliyyətləri var. Xüsusi olaraq jurnalistin davranışı qənaətbəxş deyil. Hesab edirəm ki, o, öz peşəkarlığını daha da artırmağa çalışmalıdır”.




Əfsanə Rəcəb
BakuPost


Həmçinin oxuyun:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər