“Bakupost”un əldə etdiyi məlumata görə, yaxın günlərdə Anar İsrafilovun Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor təyin olunacağı gözlənilir.
Maraqlıdır ki, ixtisasca nefroloq olan Anar İsrafilovun peşəkar fəaliyyəti əsasən səhiyyə idarəçiliyi ilə bağlı olub. Onun əmək fəaliyyətinin böyük hissəsi Səhiyyə Nazirliyində keçib. 2006–2022-ci illərdə nazirlikdə müxtəlif vəzifələrdə, o cümlədən səhiyyə nazirinin köməkçisi və Səhiyyənin Təşkili şöbəsinin müdiri vəzifələrində çalışıb. 2022-ci ilin sonundan isə TƏBİB-in icraçı direktorunun müavini olub.
Bu ilin fevralında TƏBİB-in rəhbəri Vüqar Qurbanov vəzifədən ayrıldıqdan sonra quruma rəhbərlik müvəqqəti olaraq Anar İsrafilova həvalə edilmişdi. Həmin dövrdə onun TƏBİB-in növbəti rəhbəri olacağı ilə bağlı da müxtəlif ehtimallar səsləndirilirdi.
Qeyd edək ki, Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına son təyinat ötən ilin oktyabrında həyata keçirilmişdi. Həmin vaxt xəstəxanaya tanınmış uroloq Pərviz Hacıyev direktor təyin olunmuşdu. P.Hacıyev Ankara Universitetində urologiya və uşaq urologiyası üzrə təhsil alıb, Avropa Uşaq Urologiyası Akademiyasının üzvüdür və uzun illər bu sahədə fəaliyyət göstərib. Buna baxmayaraq, Pərviz Hacıyev orada uzun müddət
işləyə bilmədi.Beləliklə, ixtisasca uroloq olan Pərviz Hacıyevdən sonra xəstəxanaya rəhbər vəzifəsinə nefroloq ixtisaslı, lakin bir gün belə həkim işləməyən, xəstə qəbul etməyən Anar İsrafilovun gətirilməsi diqqət çəkir.
Azər
Baku Post