Qəhrəman Ukrayna xalqı, ordusu, əsgəri, təhlükəsizlik orqanları son 10-15 gündə dünya tarixinə düşəcək möhtəşəm əməliyyatlar keçirdilər, Rusiyaya çox ağır zərbələr vurdular.
Bakupost.az xəbər verir ki, bu barədə ReAL sədri Natiq Cəfərli bildirib.
O qeyd edib ki, Rusiyanın gözü dronlardan, hücumlardan açılmır, Kreml, hətta ən yaxşı bacardığı işi – faktların gizlədilməsi, xalqını qoyun yerinə qoyması işini belə artıq bacarmır:
“Rusiya da Ukraynanın şəhər və kəndlərini vəhşicəsinə raket-dron atəşinə tutur. Bəziləri deyir ki, Ukrayna “Hörümçək toru” əməliyyatını keçirməsə, Rusiya dəmir yollarına hücum etməsəydi, Rusiya raket atmazdı – tamam yanlışdır, Rusiya zatən vəhşicəsinə Ukraynanı xaraba qoymaqla məşğuldur, bu əməliyyatlar olmasaydı da raket-dron hücumları hər gün baş verəcəkdi, necə ki, bundan öncə baş verirdi.
Son əməliyyatlar Ukraynanın böyük uğurudur – buna şübhəm yoxdur. Amma bu əməliyyatlar sırf cəbhə bölgəsində döyüşlərə həmən və birbaşa təsir edirmi? Təəssüf ki, yox. Rusiya hər gün Ukraynanın yeni kənd və qəsəbələrini işğal edir, artıq Sum vilayətində onlarla yaşayış məskəni işğal edilib, Sum şəhərinin 20 km-nə qədər gəlib. Deməli, Ukraynanın xüsusi əməliyyatları nə qədər uğurlu olsa da, bu, birbaşa cəbhədə vəziyyəti hələ ki, dəyişmir.
Çünki bu müharibədə iştirak edənlərin müxtəlif hədəfləri, müxtəlif resurs bazaları var. Bu müharibə resurs müharibəsidir – təəssüf ki, Rusiyanın insan və iqtisadi mobilizasiya resursu Ukraynadan çoxdur (Bu haqda hələ 1,5 il öncə Zalujnı böyük bir məqalə yazmışdı). Amma bu müharibədə Qərb istəyinə addım-addım çatdı-çatır, doğrudur, bunun bədəlini Ukrayna xalqı ödəyir, amma sinik siyasət belədir:
- cəmi 5-6 il əvvəl Rusiyanın stateji, nüvə triadasına daxil olan təyyarələrin məhv edilməsi mümkünsüz idi – indi Ukrayna bunu edir;
- cəmi 5-6 il əvvəl Rusiya ərazisinə zərbələr xəyal idi – indi Ukrayna bunu hər gün həyata keçirir;
- cəmi 5-6 il il əvvəl NATO-nun Rusiya ilə quru sərhədi 1200 km idi – indi 2400 km-dır, Finlandiya və İsveç NATO ölkəsi, Baltik dənizi artıq NATO dənizidir;
- cəmi 5-6 il əvvəl Rusiya Qara dənizdə hakimi-mütləq idi, indi burnunu belə Qara dənizə çıxarda bilmir.
Bütün bunlar Qərbin uğurudur, Rusiyanın uğursuzluğudur, amma təəssüf ki, “Qərbin uğuru = Ukraynanın uğuru” formulu işləmir. İndi Avropaya müharibənin belə 2-3 il də davam etməsi lazımdır ki, öz hərbi-sənaye kompleksini tam işə salsın, silah istehsalını kəskin artırsın – baş versə, bu da Avropanın, Qərbin uğuru olacaq, amma bu uğurun əsas bədəlini yenə qəhrəman Ukrayna xalqı ödəyəcək”.